Ru
12:50 / 08 Avqust 2017

“Kürü, Xəzəri torda saxlamaq olmaz...” - Sabir Rüstəmxanlı riskli qayıq səyahətində/FOTO

6255
Xəbər verdiyimiz kimi, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri  Sabir Rüstəmxanlı Kür çayı boyunca səyahətə çıxıb. O, Neftçaladan Mingəçevirə qədər davam edən və qayıqla gerçəkləşən səyahət zamanı müşahidələrini qələmə alıb. 

BakuPost.az səfər prosesi ilə yanaşı, ölkədəki bir çox problemlərə toxunulan geniş məzmunlu  həmin yazını təqdim edir:


KÜRÜ TANIMAQ İSTƏYİM


1.

Kür Azərbaycanın və Gürcüstanın şah damarıdır. Yurdumuzun ortasından keçdiyinə görə indiki texnikanın olmadığı uzun minilliklər boyu ətrafında yaşayan insanların başlıca nəqliyyat vasitələrindən biri olmuşdur; indi də qarşı sahillərə balaca qayıqlarla, bərələrlə üzüb keçirlər. 


Kür tarix boyu Mil, Muğan, Şirvan çöllərinin əsas suvarma mənbəyidir və Kür-Araz ovalığında neçə minilliklər öncə qurulmuş suvarma sistemlərinin izləri indiyədək itməmişdir. 


Kür-Araz hövzəsi dünyanın ən qədim uyğarlıqlarından birinin beşiyi olmuşdur və böyük orduların qış düşərgəsi, toplantı yeri, Şimal-Cənub, Şərq-Qərb yollarının kəsişmə nöqtəsi kimi daim basqılar altında olmasına baxmayaraq, bu gün də tarixi abidələrin qalıqları, arxeloji tapıntıları, uzaq tarixlərin izləri ilə heyrət doğurur.


Mil, Muğan, Şirvan, Qarabağ çöllərinə səpələnmiş irili-xırdalı kurqanlar bu bölgənin qədim türklük mənsubiyyətinin ən etibarlı "sənədləri”dir. 


Kür-Mingəçevirdən bütün Azərbaycana işıq saçır və bölgəni su ilə doyuzdurduğu kimi, işıqla da təmin edir; ölkənin İşıq Anacıdır.


Kür- balığıyla, kürüsüylə, vəhşi quşlarıyla sahillərində yaşayanların gəlir mənbələrindən biri olmuşdur.


Bu gün Kür Abşeronu da öz hövzəsinə qatıb-Bakının evlərində, həyətlərində, bağ-bostanında, fəvvarələrində də çağlayır.


Nəhayət, şairlərimizə soyad-təxəllüs (Kürçaylı), (Əlisəmid Kür), ədəbiyyatımıza mövzu ("Dəli Kür”), şeir və mahnılarla mənəvi həyatımızın bir parçası olmuşdur.


Bir sözlə, Kür çayı-Azərbaycanın əsas həyat mənbələrindən biridir və bunu hər kəs bilir.


Kürün üstündəki körpülərlə bir ömürdür şütüyüb keçirik. Bəs Kürlə üzmək imkanımız niyə yoxdur?


Deyə bilərlər ki, indi buna ehtiyac qalmayıb! Doğrudan da, Azərbaycan o qədər böyük deyil, çay nəqliyyatı köhnəlib, suyun səviyyəsi dəyişkəndir və s. Xəzərdən Yevlaxa kimi gəmilərin üzdüyü çağlar xatirəyə dönüb. 


Tarixin qanlı olayları da unudulmadı; Volqadan, Xəzərdən keçən düşmən gəmilərinin Kürlə Bərdə civarına qədər üzməsi, dəniz quldurlarının Bərdəni çapıb-talaması, lakin sonra cəzalarını alıb geriyə dönə bilməmələri də izsiz ötməyib. Lakin o çağlar çox-çox uzaqlarda qalmışdır. 


Hətta Xəzər dənizində də əvvəlki nəqliyyat gurluğu yoxdur və biz bu boyda dənizin sahilində yaşasaq da dənizdən gərəyincə istifadə edə bilmirik.


Qarabağ müharibəsi bütün gəzinti-səyahət, istirahət- əyləncə istəklərini arxa plana keçirib, boğub. Lakin Türkiyə, Quzey Qafqaz, Ukrayna, Sloveniya, Dubay istirahət mərkəzləri yenə də Azərbaycan vətəndaşlarıyla doludur. Görünür, müharibənin və ölkədəki durumun stresslərini başqa cür neytrallaşdırmaq olmur və hər kəs öz həyatını yaşamaq istəyir.


Bu baxımından biz öz təbii imkanlarımızı lazımınca dəyərləndirməliyik. Söz yox, bu sahədə xeyli iş görülüb, lakin, məncə, yetərli deyil. Çox az ölkə tapılar ki, dənizi olsun, lakin sahil şəhərləri arasında-kater-gəmi rabitəsi olmasın. Bizim dənizlə bağlılığımız- neft çıxarmağla, balığı-kürüsünü qamarlayıb aparmaq və iqtisadi-hərbi əhəmiyyətli donanmalarla məhdudlaşır. Çayımızı, dənizimizin sahilə yaxın bölgələrini balıqçı və brokonyer torlarına təslim etmişiksə, deməli özümüz də o torun içindəyik. Nəticə etibarilə, Bakı buxtasında xırda marşurut nəzərə alınmasa, Xəzərdə səyahət imkanımız yoxdur.


Xəzər adaları o qədər də cəlbedici və bəhrəli deyil. Lakin onların bəzilərinin simasını dəyişmək olar; başqaları dənizdən səmərəli istifadə üçün süni adalar salırlar, biz isə Nargin – Böyük Zirə adasını xalqın üzünə aça bilmirik. 

 



Bu adanın qəmli və qanlı bir faciə dastanı var. Uzun müddət şimaldan gələn dəniz quldurlarının, sonra rus, sovet hərbiçilərinin bazası və yüksək rütbəli zabitlərin əyləncə -əyyaşlıq yeri olub. İyirminci yuzilin əvvəlində buranı insanlıq tarixinin utanc yerlerindən birinə çeviriblər: əsir düşərgəsi, əsirlərin Rusiyaya paylanma məntəqəsi, həbsxana... Birinci dünya savaşında rus ordusuna əsir düşən on min nəfərə yaxın insan buranın içində soyuq rüzgarlar oynayan baraklarında saxlanırdı. Onların çoxu Doğu Anadoluda, Sariqamişda qara -şaxtaya əsir düşən türklər idi.


Nəriman Nərimanov buna görə də, Nargini "goz yaşı adası” adlandırmışdı. 


Bunlar keçib... Azərbaycanın müstəqilliyi dilimizin, kitabımızın, torpağımızın, həyatımızın üzərindən bir çox qadağaları götürüb, qara ləkələr təmizlənib. Məncə, Nargin adası da "azad” olunmalı, xalqın üzünə açılmalı, tikilib, abadlaşıb Bakının dəniz peykinə çevrilməlidir. İşdən sonra xalq Bülvara axışan kimi, oraya da axışar, dəniz havası udub dincələr və Bakının gözəlliyini oradan seyr edə bilər. İndi Bakının hilalı – ayparası var, amma onun qarşısında parlaq ulduzu yoxdur. Dənizi, adaları, sahilləri əsirilikdən, hasarlardan, sayı bilinməyən balıqçı torlarından, köhnə neft tör-töküntülərindən xilas etmək Bakının borcudur.


Neft Daşlarına çox getmişəm, qasırğalı havalarda günlərlə sahillə əlaqə üzülmüş və neftçilərin arasında qalmalı olmuşam. Bəlkə Neft Daşlarını da həvəskarlar üçün gəzinti marşrutlarına qatmaq olar. Qoy xalqımız öz məşhur dəniz şəhərini görüb, onunla daha sıx bağlansın.


Nə isə, bu ayrı bir mövzudur. Mən indi Kürdən danışmaq istəyirəm.


Dünyanın dörd okeanında, bir çox dənizində və iri çaylarında üzgüçülük səriştəmi sınamış və gəmilərlə üzmüşəm. Onların yanında Kür çox balacadır. Ancaq olanımız budur və həyatımız ondan asılıdır. Buna görə də Kürü daha yaxşı araşdırmalı və bilməliyik. Mənim Mingəçevirdən Xəzərə və ya Xəzərdən Mingəçevirə qayıqla yolçuluq arzum burdan yaranmışdı. Sahillərin təbiətini, kəndlərini görmək, Kürün onların həyatındakı əhəmiyyətini və ekoloji durumunu öyrənmək istəyirdim. 


Səfərimin başqa bir nədəni də vardı. Dünyanın beş qitəsində, gəzib-gördüyüm ölkələrin çoxu haqqında yazmışam, bəziləri çap olunub. Onları bir kitabda toplayanda istədim ki, o kitabda Altay və Tanrı dağları, Qazaxstanın gələcək Turan şəhəri, Monqol çölləri, Mərkəzi və Cənubi Afrika, Nil, Misir ehramları, Avstraliya sahilləri, Niaqara şəlaləsi və bir çox başqa yerin ürəyimdə oyatdığı duyğularla yanaşı, Kür sevgisi də olsun.

 

Doğrusu, öncə bu, mənə sadə bir iş kimi görünürdü; bir rezin qayıqda Kürün axarı ilə, tələsmədən Mingəçevirdən dənizə qədər üzəcəkdim. Kimə mane olursan və sənə kim mane olmalıdır? Şükür, Kür hələ özəlləşdirilməyib. Lakin sonra bəlli oldu ki, bu, o qədər də asan iş deyil. Mühərriksiz, yüngül qayığa etibar yoxdur, uyğun gələnini isə tapmaq çətindir. Vətəndaşların əlindəki xırda balıqçı qayıqları bu işə yaramaz. Bir yandan da balıq mövsümündə kanalların, çayların ətrafında balıqçı əlindən tərpənmək olmur. Kürdə də vəziyyət mürəkkəbdir. Balıq "sahibkarlarından” başqa, burada çoxlu su qurğuları da var. Bir sözlə arzu yaxşı şeydir, lakin hər arzunu həyata keçirmək olmur. Kürdə taksilərə bənzər marşrut qayıqları yoxdur ki, minib gedəsən. Öncə qayıq axtardım, vəd verənlər tək-tək geri çəkildilər, qaldı rəsmi orqanlara müraciət. Əvvəlcə fövqəladə hallar nazirinin müavinlərindən biriylə danışdım. Cavabı ümidverici idi: "Məncə, mümkün olan işdir, qoy havalar düzəlsin, əlaqə saxlayaq, bir yol taparıq”. 


Düzü, bu sadə işin belə mürəkkəbləşməsini və bu qədər qayğısı olan bir nazirliyin səviyyəsində həll olmasını istəmirdim. Yəqin, kömək edəcəyini boyun çəkən müavin özü də bu işi razılaşdırmalıydı.


Sonra birdən – birə başqa bir imkan yarandı. 


2.


Rayonlara tez-tez gedirəm. Bu səfərlərdə ildən-ilə yaxşılaşan yollarımızı və yollar boyu salınmış yaşıllıqları görəndə ürəyim açılır. Vaxtilə Şamaxı yolunda- Cəngidə balaca bir yaşıllıq massivini görəndə bunun elə kəndin ətrafını bürüyüb qalacağını düşünmüşdüm. Sonra bu yaşıl kəmər yavaş-yavaş Cəngi yoxuşunu aşıb yol boyu uzanmağa başladı. Neçə ildir bu ağır zəhməti maraq və minnətdarlıqla izləyir və əkilən balaca fidanların tədricən yaşıllıq massivlərinə, meşə zolaqlarına çevrilməsinə sevinirəm. Deməli, istək və vəsait olsa boş və verimsiz sayılan çölləri də yaşıllaşdırmaq, cana gətirmək mümkündür; Bakı – Quba, Bakı – Şamaxı, Ələt – Hacıqabul, Ələt – Salyan yönlərində yol ətraflarının yaşıllaşdırılma işləri yəqin, hamının diqqətini çəkir və bu böyük "ekoloji inqilab” davam etdirilsə, ölkənin hər tərəfinə yaşıllıqların arasıyla gedəcəyik. 


Ümumiyyətlə , Azərbaycanda meşələrin azlığı, olanı da pis qorumağımız Vətəninin gələcəyini, övladlarının taleyini düşünən hər kəsi narahat etməlidir.

 

Ekologiya mütəxəssisi, təbiətşünas olmasam da bu barədə həmişə, bəzən də çox romantik planlar qurmuş, aran rayonlarımızın iqlimini dəyişmək üçün xəyalımda aranı dağa, dağı arana daşımışam... Qobustan dərələrində Xəzər suyunu vurmaqla süni göllər yaratmaq, bu göllər ətrafındakı təpələri yaşıllaşdırıb Bakı yaxınlığında gözəl istirahət, gəzinti şəhərcikləri salmaq, Kürün sahilləri basdığı yerlərdə xırda təpələr silsiləsi ilə relyefi dalğalandırmaq, Yeni Yasamalla Şubanı dağları arasında nəhəng bir körpü salıb, şəhəri tədricən bu istiqamətə genişləndirmək, Bakı-Şamaxı- İsmayıllı yollarının sürüşməsinə çarə tapılmayan bəzi yerlərini yeraltı tunellərə keçirmək və s. mənim romantik arzularımın az bir hissəsidir. Heyf! Müharibə olmasa hamısını asanlıqla həyata keçirmək olardı.

 

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hörmət bəslədiyim hökumət üzvlərindəndir. Bu sayğının bir səbəbi yuxarıda sadaladığım işləridirsə, bir səbəbi də həmkarlıq duyğusudur; bir neçə kitabını oxumuşam, onun təbiət sevgisi, dünyanı gəzib-görmək arzusu, dağçı-alpinist ehtirası mənə xoş gəlib, çünki bunlar mənim də maraq dairəmdədir...

 


Yaşıllaşdırma işlərinə nazirin şəxsən qatılmasını, ayağında çəkmə, əlində bel fəhlələrə qoşulmasını bilirdim və mərhum şairimiz Qabilin yadigarı, bir neçə kitabı ilə öz istedadını təsdiq etmiş Mahirin bu barədə yazıları da xoşuma gəlmişdi.


Əslində, hörmətli nazirlə görüşməkdə məqsədim də bu təəssüratımı bölüşmək, gördüyü işlərə görə razılığımı bildirmək və imkan düşsə müəyyən təkliflərimi çatdırmaq idi. Hansı vəzifədə olursan, ol, gördüyün işlərin xalq tərəfindən dəyərləndirildiyini görməkdən böyük sevinc yoxdur və buna hamının ehtiyacı var.

 

Hüseyn bəy xoş bir ovqatla "artıq həmin massivlərdəki zeytun ağacları bar verməyə başlayıb, yəni gözəlliklə yanaşı, həm də ölkə iqtisadiyyatına müəyyən qatqısı olacaq”, - deyir. Məni başqa şey narahat edir: "amma quru çöllərdəki o gözəl guşələrə dişlər qıcanmasa,- deyirəm- bir də gördün kimsə o yaşıllıqlara soxulub, ağacları qırıb özünə yolüstü "obyekt” qurdu”. Nazirin yaralı yerinə toxunmuşdum. "İndidən bəzi rayon böyükləri o yerləri özəlləşdirmək həvəsinə düşüblər”. 


Bu söhbətin sonunda Kür məsələsi də yadıma düşdü, çünki nazirin mənim bu arzumu normal qəbul edəcəyinə əmindim. Onu da dedim ki, bu barədə Fövqəladə Hallar Nazirliyində də danışmışam.


Bu vaxt xarici ölkələrdən birinin səfiri gəldi, öncədən təyin olunmuş bir görüş idi və biz söhbətimizi yekunlaşdırdıq. Belə bir təfərrüatı yazmağımın səbəbi var, çünki Hüseynqulu Bağırovun vətəndaşlara münasibətini, həssaslığını, əsil ziyalılığını göstərir. Gəncliyindən yüksək vəzifələrdə çalışıb, müəllim və universitet rektoru olub, professordur, bununla belə gəzməkdən-görməkdən, öyrənməkdən yorulmayıb. Gah Afrikada Klimancero dağlarına qalxır, gah Azərbaycan – Antraktida eksipeditsiyası təşkil edib, buzlarla örtülü sirli qitədə Azərbaycan izi açır, nazirliyin bitib-tükənməyən işləri ilə yanaşı, hava və ekstrimal idman növləri üzrə federasiyaya başçılıq edir. Bir sözlə, gənclik ruhu və şairanə bir ovqatla yaşayır. Əslində, meşə zolaqları da ölkədəki ümumi quruculuqla yanaşı, bu ruhun bəhrəsidir. 

 

 


O, bizim yarımçıq qalmış söhbətimizi tamamladı. Bir neçə gündən sonra köməkçisi zəng vurdu, nazirin danışmaq istədiyini bildirdi və Hüseyn bəy qısaca, "bir- iki günə bizim əməkdaş zəng vuracaq. heç bir problem yoxdur, istəsəniz deltaya yaxın adalara da baş çəkə bilərsiniz, maraqlıdır", - dedi. 

 

***

 

Beləliklə, çay aşağı yox, çay yuxarı üzəcəyik; Neftçaladan Mingəçevirə doğru. Qayığın sürətinin saatda 20 km. olduğunu nəzərə alsaq 20 saat Kürdə olmalıydıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Mübariz Mehdiyevlə telefonla əlaqə saxlayırdıq, hələ özünü görməmişdim, ancaq elə səmimi və ürəklə danışırdı kİ, sanki uzun illərin dostuyuq. Söhbətimizdən səfərimizin baş tutacağına inandım. Di gəl, Kürün yolu sehirlənmişdi. Düz vaxtında , yəni səhər tezdən, saat səkkizdə, Neftçalada bayraq meydanında görüşsək də, Mübariz müəllim və onunla bərabər bizi gözləyənlər səfəri ertələməyi məsləhət bildilər. Bakıdan başlanan yağış bir dəqiqə də dayanmamışdı. Yayın ortasında kimsənin təsəvvürə gətirə bilməyəcəyi bir duman, sis çökmüşdü Muğan-Şirvan düzlərinə . Yağış kəssə belə, bu dumanda heç nə görünməyəcək. Səfərimizi təxirə salmaqdan başqa bir yol qalmamışdı... Yığışan adamlara səhər tezdən əziyyət çəkib gəldiklərinə görə razılığımı bildirib geri qayıtdıq. Bir saat sonra evdən zəng vurdular: "necəsən, işlər qaydasındadır? Qayıqdasınız? " "Hə deyirəm, Kürü döndərmişəm Bakıya, üzə-üzə gəlirəm!” Telefondan gülüş səsi yüksəlir. Səfərin baş tutmadığını başa düşürlər: "Allaha şükür! Belə havada qayığa minmək olar?” 


Günotadan sonra hava açılır, Mübarizlə zəngləşirik: "Yaxşı oldu, təxirə saldıq, - deyir, - baxmışam, hava yenə tutulacaq. Sabah yenə yağış yağacaq. Biz həmişə hazırıq. Növbəti şənbə- bazara saxlayaq". "Növbəti şənbə mən Yardımlıda olmalıyam. Onda qaldı iki həftə sonraya, iyulun əvvəlinə ”- deyirəm. Razılaşırıq.  "Mən sizi axtaracağam!”- deyir. 


Səfər məsələsi bir az da yumor mövzusuna çevrilir. Mənə qoşulmaq istəyən çoxdur. Zarafatı uzadıram, sanki kosmonavt seçkisidir, axırda "müsabiqəni Faiq udub!” deyə balaca qardaşlardan birinin üzərində dayanmışam. Amma o, inamsızdır. Ondan böyüklər var, istənilən anda onu sıradan çıxara bilərlər. Ancaq seçimimdə qərarlıyam, sanki Kür səfəri çərçivəsindəymiş deyə, rayona da onunla bərabər gedirik.


Nəhayət, İyul ayının əvvəlində, günəşli bir gündə, yenə səhər saat 8-də, Neftçalanın Bayraq meydanında toplaşdıq. Bakıdan Faiq və AzTV-nin operatoru, cavanlıqdan üzü bəri mənim görüşlərimi çəkib zəngin bir arxiv yaratmış Bəxtiyar Babayev...


Bu dəfə Neftçalada bizi qarşılayanlar arasında keçən yay Allahın rəhmətinə qovuşmuş gözəl ziyalımız, Neftçalada yaşasa da, ömrü boyu Azərbaycan ədəbi mühitinin ən fəal araşdırıcılarından olan alim, mütəfəkkir ağsaqqalımız İmamverdi Əbilovun oğlu Etibar da var. Etibar da atasının yolunu davam etdirir, Neftçalada yaşasa da, ədəbi həyatımızı diqqətlə izləyir, zövqü və yüksək yurd sevgisi, vətəndaşlıq qeyrəti ilə mənə doğmadır. Rəhmətlik İmamverdi müəllimlə məktublaşırdıq, indi məktub ənənəsi unudulur, Etibarla tez-tez zəngləşirik, mətbuatda maraqlı bir şey oxuyan və ya xoşuna gələn bir kitabı bitirən kimi mənə zəng vurur, təəssüratını bölüşür. Ədəbiyyatda ictimai pafosun güclənməsini, bu günün həqiqətlərinin daha cəsarətlə əks olumasını arzulayır və bunu təbliğ edir. Neftçalaya son kitablarımı gətirməyimi xahiş edib. Onsuz da bir torba kitab götürmüşəm. Yeni tanışlarıma hədiyyə verməyə. 


İmamverdi müəllim savadlı, qeyrətli övladlar tərbiyə edib. Böyük oğlu Azər Turan bu gün gəncliyimin on ilini bağışladığım "Ədəbiyyat qəzeti”nin baş redaktorudur, qəzeti dirçəldib və özü də maraqlı elmi-ədəbi yazılar yazır. Mənə romantik düşüncələrini və sayğısını hələ orta məktəbdə oxuyarkən yazardı.

 

Uzun məktublarında gənc dostumun böyük mübarizə və Bütöv Azərbaycan eşqini oxuduqca ürəyim köksümə sığmırdi. Bu iki qardaş İmamverdi müəllimin şah əsərləridir.


3. 


Bayraq Meydanının yaxınlığında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki-üç köhnə, əldən düşmüş balaca gəmisi var nazirliyin işçiləri, buna, zarafatla, "donanma” deyirlər. Yeri gəlmişkən, mən zarafatsız deyim, Kürü və Xəzərin böyük və əhəmiyyətli bir hissəsinə nəzarət eləyən nazirliyin, əslində doğrudan da, bir neçə təzə və müasir tələblərə cavab verən gəmi və katerdən ibarət " donanma” sı olmalıdır. 


Qayığımızı iki nəfər idarə edir. Buradak; şəraiti görəndən sonra iki həftə öncə səfərimizin pozulmasının səbəbini anlamaq çətin deyil. Yağışlı, çiskinli havada bu qayıqla yola çıxmaq olmazdı; daldalanacaq, başını gizlədəcək bir yeri yoxdur. Mən qayıq deyiləndə ağlıma Türkiyə sahillərində mindiyim və ya bizim Bakı buxtasında sayı getdikcə artan gözəl, ultra müasir gəmilər gəlirdi...

 

  


Amma bizə elə bu balaca qayıq da yetər... Ətrafı rahat görürük , yol tədarükümüzü qoymaq üçün rəfləri də var. Qabaq hissədə balaca göyərtə də sanki elə bizim operatorumuz üçün nəzərdə tutulub, rahat hərəkət edə bilər və arada kamerasını qoyub dincələr. Bir sözlə, bizə nə lazımdır ki? Mən motorsuz rezin qayıq gəzirdim, amma indi köhnə də olsa güclü yapon mühərriki ilə işləyən və Kürün üstü ilə rahatca uçub gedə bilən qayığımız var.


Nə deyirsiz deyin, sürət qanadsızlara da qanad taxır. Özünü quş kimi hiss edirsən və belə yerdə ilk dəfə atın belinə qalxan insanların, o cümlədən türklərin ayaqlarını torpaqdan üzən, bir yerdə dayanıb-durmalarına imkan verməyən , onları dağdan-dağa, ölkədən-ölkəyə, qitədən-qitəyə uçuran ruhu hiss edirsən.

Səfərə rahat çıxmağımın bir şəxsi, bəlkə də bu yazıya aidiyyəti olmayan səbəbi də vardır. Məsələ burasındadır ki, bir gün öncə səkkizinci nəvəm anadan olmuşdur. Onun dünyaya gəlişini Kür üstündə qutlayacağam. Qoy həyatımıza bir Kür coşqunluğu, evlərimizə sönməz Kür işığı, Kür bərəkəti gətirsin və yolları bu Kür kimi geniş, aydınlıq, maneəsiz olsun. Nə qırmızı işıq, nə sarı işıq?.. Başının üstündə Allahın günəşi, Ayı yansa bəsdir.

Balaca qayığımızın böyük kapitanları Dadaş və Əlifağa quyruq hissədə mühərrikin yanında öz yerlərini tutublar.


Kür öz genişliyi və coşqusu ilə elə səfərin başlanğıcından araya bir səmimiyyət havası gətirir. Əlifağa dənizçilik məharətindən danışır: "Bəy, bu işlər bizim əlimizdədir, nazirliyi nahaq yerə qarışdırmısız məsələyə! Şükür buralarda başqa qayıq da tapmaq olar. Mən bu dənizin dilini bilirəm. Xəbər tutsaydım, heç kimə əziyyət verməzdik”. "Amma bizim səfərimiz Nefçaladan yox, adalardan başlamalı idi” deyirəm. O sözümü yarımçıq kəsib: "Hamısını eyni vaxta salmayın da! Havalar bir az sərinləşsin, mənə xəbər eliyin, gəlin. Bu dəfə üzü dənizə doğru çıxarıq. Bax, bu Dadaşdan da soruşa bilərsən. Kimsənin gedə bilmədiyi yerlərə mən gedirəm. Çətinliyə düşən olanda məni göndərirlər. Yetim oğlanam da!” "Doğurdan da yetimsən? Ata – anan yoxdur?” –deyə soruşuram. Dadaş: "Şükür, sağlam ata -anası var!” Əlifağa gülə-gülə : "Allaha and olsun, sənin gələcəyini eşidəndə qulağıma inanmadım.Cavanlıqımdan ürəyimdəsən. Heç dədəmin, nənəmin gələcəyimə bu qədər sevinməzdim”, -deyir. Gülüşürük. 

Bu söhbətdən sonra vaxtın necə keçdiyini təsəvvür etmək o qədər də çətin deyil.


Amma ən əsası Kürdür. Və bu qayıq səfərində o, çox genişlənib, heç körpüdən, sahillərdən baxdığımız çaya bənzəmir. Bu yerdə Kürün dayazlaşdığı, suyunun azaldığı barədə deyilənlər mənə gülməli gəlir. Bəlkə balıq mövsümünün bağlandığındandır, yaxud yayın istisi mane olur, bilmirəm, amma hər halda, həmin gün Kür boyu heç yerdə çaya tor atan görmədik. Tək bir yerdə, bu, artıq Salyandan keçəndən sonra olmuşdu, iki nəfər gənc oğlan, yanlarında balaca bir uşaq, kiçik qayıqda, atdıqları torun yanında qurdalanırdılar. Əlifağadan xahiş etdim qayığı onlara yaxınlaşdırdı. Uşaq bizi görəndə qorxdu. Qorxma, dedim. Dadaş səriştə ilə toru yığıb dəstələdi və uşaqların qayığına tullayıb "gedin, indi balıq vaxtı deyil!”- dedi.


Nefçaladan çıxandan sonra Kürün sahilləri əsasən 3-4 metrlik yarğanlardır və burda suyun qalxıb kənara daşması mümkünsüz görünür. 


Bakıdan 05:30 da çıxmışdıq. Çay içməyə belə macal tapmamışdıq. İndi Faiq qayığın ortasında səliqə ilə süfrə açır. Və çantasındakı tədarükləri səliqə ilə süfrəyə düzür. Əslində bu, onun yox, dayımız qızı olan həyat yoldaşının səliqəsidir. Sağ olsun, heç nəyi yaddan çıxarmayıb. Faiq də ondan xəbərsiz, özünə lazım olan suları alıb. Üzümüzə vuran bu küləkdə, Kürün geniş açılmış köksündə hər şeyin ayrı ləzzəti var. Yemək-içmək məclisi qayığın sürətini qətiyyən azaltmır. Bir azdan mən geri çəkilirəm, Əlifağa, gəl yerimizi dəyişək, deyib özü süfrəyə yaxın oturur, qayığın sükanını mənə verir. 3-4 dəqiqədən sonra elə bilirəm, mənim işim elə ömrüm boyu bu su yolu ilə qayıq sürmək olub. Kürün sərt döngələrində vərdişsizlikdən oturanları həyəcanlandırsam da, küll halında, elə ciddi bir yanlışlığım yoxdur.


Kür öz çevrəsi ilə hələ oxunmamış, yazılmamış, dərk olunmamış bir aləmdir. Çayın yaz-payız qalxıb enmələri, sahil kəndləri arasında əlaqələr, bu yerlərin folkloru, gələnəkləri... Məncə, hər çay hövzəsinin öz mövzuları var. Mingəçevir gölünün altında qalmış Samux kəndlərinin nə boyda münasibətlər, gözəlliklər sistemi, necə mərdlik adətləri olduğunu mən yalnız yazıçı Əhməd Mirzəcəfərlinin əsərləri sayəsində öyrənmişdim. 


Qarşımıza ilk çıxan qayığı orta yaşlı bir qadın sürürdü. Asta-asta avarları suya qaldırıb endirərək Şirvan sahilindən Muğan sahilinə keçirdi. O dəqiqə görünür ki, bu Kür boyu yaşayan qadınların həyatının normal bir vərdişidir. Hər yerdə körpü tikmək mümkün deyil, buna görə də sağ-sol sahillər boyu yüzlərlə qayıq gözə dəyir. Kim qarşıya keçmək istəyirsə gəlib bu şəxsi nəqliyyat vasitəsini suya itələyir, qarşıda tərk edib gedir, işləri tamamlandıqdan sonra geri dönür. Kür boyu kəndlərin bu ən uyğun ünsiyyətinin min illərlə davam edən bir yaşı var. Amma görünür, bu qayıqlar təkcə nəqliyyat vasitəsi deyil, həm də balıqların qənimidir. Dadaşa "bu qədər qayığı hardan alırlar?” deyə sadəlövh bir sual verirəm. O, gülə-gülə çoxu yerli istehsaldır, deyir. Qayıqlardan əlavə bir də bərələr var. Sahillərdən çayın içərilərinə uzanan qövsvarı çəpərlər balıq tələlərinin bir növüdür. 


Sağda-solda kəndlərin sayı artdıqca çayı üzüb keçən bərələrin, qayıqların da sayı artır. Sahil evlərindən bağırsağa bənzər borular uzanır çaya. Hər kəs müstəqil şəkildə su götürür Kürdən.


Təxminən iki saat sonra Salyan şəhərin içindəki körpüyə çatırıq. Hava o qədər istidir ki, hətta üzümüzə vuran külək də istinin təsirini azalda bilmir. Motorun benzini qurtarıb və Dadaş öz həmkarlarına zəng vurub benzin istəyir. Bir azdan körpünün altına bir neçə nəfər yaxınlaşır. Onlardan biri böyük şairimiz Xəlil Rza Ulutürkün qardaşı Tofiqin oğludur. Biz Xəlillə ailəvi dost olmuşuq. Qardaşlarını da yaxşı tanımışam. Tofiqlə də həm Xəilin sağlığında, həm də ondan sonra dəfələrlə görüşmüşdük. Yəqin oğlu Eldəniz də bunu yaxşı bilir. Səfərimizin xoş ovqatı davam edir. Biz qayıqda, onlar sahildə üz-üzə qəribə bir şeir dialoqu başlanır. Xəlildən hansı şeiri deməyə başlayıramsa arxasını Eldəniz gətirir. Bəlli olur ki, bu gələnlər də ekologiya nazirliyinin işçiləridir və bu benzin tədarükü işlərinə, nazirliyin əməkdaşı ilə görüşlərimizə başçılıq edən, bu işi təşkil edən Mübariz müəllimdir. 

 



Şeir məclisindən sonra Kür səfəri davam edir. Amma su üstündə Günəş şüaları daha yandırıcıdır. İki saatda elə yanıb qaralmışıq ki, bir ay dənizə getsəm belə olmaz. Balıq mövsümü olmasa da Kürün işi və xidməti dayanmır. Keçdiyimiz yerlərdə Fövqəladə Hallar Nazirliyinin iki üzən qurğusunu gördük; yanındakı gözəl, müasir qayıqlara həsədlə baxdım . Bu "balaca” zavodlar Kür dibinin gilini saahillərdəki xüsusi sexlərə vurur. Bu gil əla tikinti materialıdır. 

Səfər davam etdikcə narahatçılığım artır. Çünki, sağda-solda tez-tez iri suötürmə nasoslarını görürəm. Böyüklü- kiçikli hamısı Kürün suyunu kəndlərə, əkin-biçin sahillərinə vurur. Bu qurğuların ən balacalarının birinin yanında dayandıq. Sahilə çıxdım, cəmi iki borunun kənara vurduğu suya baxdım. Ağıllı- başlı gur bir kanal başlanğıcı idi. Bir Kürdən onlarla balaca Kür qoparılır. Və birdən- birə bu ana çayımıza ürəyim ağrıdı. Bu çöllər Kürün suyu olmadan yaşaya bilməz. Amma Kür Azərbaycan çöllərinə can verə-verə bir gün özü canını bizə tapşıra və gedib Xəzərə çatmaya bilər. Buna görə də, görünür, gələcəkdə suvarma üçün duzdan təmizlənmiş Xəzər suyunun sahələrinə vurulması və Kür suyunun əvəz edilməsi zərurətə çevriləcək. Vaxtilə Ələtlə Nəvahi arasında Azərbaycan atom elektrik stansiyasının tikintisi planlaşdırılarkən Xəzər suyunun təmizlənməsi layihəsi də vardı. Dəniz və okean sularının duzdan təmizlənib istifadəsi dünyanın bir çox ölkələrində normal bir hala çevrilib və indiki texnologiya üçün çətin bir iş deyil. Biz bu yolla bu gün su çatdıra bilmədiyimiz, Qobustan və çevrəsi daxil olmaqla, bir sıra ucqar torpaqlarımıza bərəkət gətirə bilərik. 


Təəssüf ki, Kürün də, Xəzərin də dərdləri çoxdur. Hansı yolla olur-olsun, Kürün yükünü yüngülləşdirmək lazımdır. Kür balıqçılığına sərt bir nəzarət olmalıdır. İndiki halda balığı olan bütün çaylarımız, göllərimiz, dəniz tor-tor zəbt olunub, Balığın artma imkanları azalır. Kür üstündə bir neçə balıqyetişdirmə müəssisəsi göstərdilər mənə; Körpə balıqları bəsləyib çaya buraxırlar. Lakin görünür belə müəssisələrin sayı artırılmalıdır. Kürdə çay turizmi üçün hər cür şərait yaratmaq olar...


Səfərimiz çox böyük coşqunluqla başlansa da Şirvandan keçəndən sonra birdən- birə hiss elədik ki, bu şəkildə uzun müddət gedə bilmərik. Çünki, çox istiydi, Günəşdən daldalanmağa heç nə götürməmişdik; mən nə qədər dözümlü olsam da, yanımdakıların suda əks edib üzümüzə qayıdan bu günəş şüalarına sonadək dözəcəyimə etibar edə bilməzdim. Dadaşla Əlifağa narahatlıq keçirirlər..Üzü günbatana irəlilədiyimizdən günortadan sonra Günəş daha dözülməz olur.


Bura qədər çayda 10, ya 11 ada saymışdıq. Yaşıl kolluqlarla, ağacla örtülü, əsil gecələmə yerləri. Mübariz müəllim və əməkdaşları qarşıda, nasos stansiyalarının birinin yaxınlığında öz dəstəsi ilə bizi gözləyir. Kənar yollarla gəlsələr də təxminən eyni vaxtda çatmışdıq bura. Dadaşla əlaqə saxlayır. Məni sahildə qarşılayanda üzümün necə qızardığını görüb "İnciməyin, bundan irəli gedə bilmərik, gün vurar. Qoy havalar sərinləşsin, bu Kür, bu da biz. Nə vaxt istəsəniz səfərimizi davat etdirə bilərik”-dedi. 


Bütün gözəlliyinə baxmayaraq bu səfər mənim istədiyim deyildi. Mənim yolçuluğumun başqalarını əziyyətə salmasını, bir neçə adamı məşğul etməsini istəməzdim. Kürlə bir neçə gün həmsöhbət olmaq arzum baş tutmamışdı.


Nəzərdə tutduğum məsafəni sonacan gedə bilmədik. Amma bu yeddi-səkkiz saat ərzində də Kürü gördüm, duydum, bir daha sevdim və ən əsası ekologiyamızın bir dəstə əsgəri ilə yaxından tanış oldum. Sahildə nəhəng qovaq ağacının altında, Kürdən kanala vurulan suyun səsinin altında istənilən zəngin restoranın xörəklərindən daha dadlı olan sadə süfrə ətrafında, əksəriyyəti ilə elə həmin gün tanış olduğum insanlarla baş-başa söhbət eləmək də elə bu sürətli yolçuluq qədər unudulmaz idi. Bu adamların hər birinin ürəyində bir Kür genişliyi, bir Kür səxavəti var. 


Yazının sonunda bu insanların hər birinə və bu unudulmaz səfərin təşkilatçısı olan Ekologiya və Təbii Sərvətlər nazirinə və nazirliyin əməkdaşlarına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu səfərlə mən sübut etmək istədim ki, nə Kürü, nə Xəzəri torda saxlamaq olmaz.

 

Sabir Rüstəmxanlı

01-30 iyul 2017

 “Kürü, Xəzəri torda saxlamaq olmaz...” -  Sabir Rüstəmxanlı riskli qayıq səyahətində/FOTO
 “Kürü, Xəzəri torda saxlamaq olmaz...” -  Sabir Rüstəmxanlı riskli qayıq səyahətində/FOTO
 “Kürü, Xəzəri torda saxlamaq olmaz...” -  Sabir Rüstəmxanlı riskli qayıq səyahətində/FOTO
 “Kürü, Xəzəri torda saxlamaq olmaz...” -  Sabir Rüstəmxanlı riskli qayıq səyahətində/FOTO
 “Kürü, Xəzəri torda saxlamaq olmaz...” -  Sabir Rüstəmxanlı riskli qayıq səyahətində/FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər