Ru
13:10 / 26 Fevral 2017

“Körpələrin başın əzib, soyundurub qara atmışdılar” – Xocalı döyüşçüsü

6261
Bu gün 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlarda qalan Xocalı soyqrımının 25-ci ildönümüdür.. 

Soyqırım zamanı bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

 

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadisə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Hər il xocalıların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk.

 

 Həmin gecə erməni cinayətlərinin canlı şahidlərindən olan Xocalı sakini Murad Məhərrəmov BakıPot.az-a Xocalı soyqırımı gecəsi yaşadığı dəhşətlərdən və həmin gecə baş verənlərdən danışıb.

 

Murad Məhərrəmov bildirib ki, düşmən Xocalıya girdiyi istiqamətdə daha çox dinc əhali yaşadığı üçün onların böyük əksəriyyəti öldürülüb, girov götürülüb, 30-a yaxın insanın isə taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur: "Həmin gün ermənilər Xankəndi şəhərində yerləşən Sovet ordusuna məxsus 366-cı alayın bütün hərbi texnikaları, tankları və artilleriya qurğuları ilə Xocalını dörd bir tərəfdən mühasirəyə aldırlar. Eyni zamanda Xocalı hər tərəfdən atəşinə tutuldu. Təbii ki, bizim onlara qarşı müqavimət göstərmək üçün texnikamız yox idi. Xocalıda olanların əksəriyyəti dinc əhali idi. 


Mən Xocalının ən strateji yeri olan "Cəfər” təpəsindəki postda rəhbərlik edirdim. Biz həmin gün səhər saat 04:00- ə kimi müdafiə olunurduq. Ona görə də bizim posta girə bilmirdilər. Amma təəssüflər olsun ki, biz sol cınaqdan mühasirəyə düşəndən sonra oradan geri çəkildik. Ondan sonra küçə atışması başladı. O zamanda şəxsən mənlə döyüşənlər böyük qardaşım Vaqif Məhərrəmov, Şiraslan Nəcəfov, Şiraslan ƏIi və digərləri şəhid oldu. 

Düşmənin Xocalıya girdiyi istiqamətdə daha çox dinc əhali yaşayırdı. Onların əksəriyyəti o zaman şəhid oldu, girov düşdü. Bu gün 30-a yaxın insanın aqibəti bilinmir”. 

 

Murad Məhərrəmov qeyd edib ki, Xocalı hadisələri zamanı böyük qardaşı Vaqif Məhərrəmov küçə döyüşləri zamanı şəhid olub, onun yoldaşı Bəsirə Məhərrəmovanın isə aqibətinin necə olduğu bilinmir: "Onların 5 az yaşı uşaqları hər iki valideyndən məhrum oldu. Böyük uşağının o vaxtı 12 yaşı var idi. Onları bacımla mən böyütdüm. Hazırda onların 3-ü ailə qurub. Hamısı da təhsil alıb. 

Mən rəhbərlik etdiyim post istiqamətində olan 2 ailənin 10-a yaxın üzvündən yalnız bir oğlan uşağı sağ çıxdı. Qalan ailə üzvlərinin aqibəti isə naməlumdur. Elə ailələr oldu ki, bu günə kimi onlardan heç bir xəbər yoxdur. Onların başına nələrin gətirildiyi bilinmir. Çünki Xocalının özündən meyit götürülmədi. Yalnız bir meyiti Ağdam Şuşa yolunun üstündə Qırmızı Xaş Komitəsi görüb götürmüşdü”. 


Xocalı soyqırımının şahidi ermənilərin meyitlərlə çox pis rəftar etdiklərini, hər birinin üzərində təhqir edici əlamətlərin olduğunu bildirib: "Həmin hadisələr zamanı dinc əhalini qorumaq üçün zirzəmilər qazırdıq. Biz insanları ora yığırdıq. Çünki o hadisələrdən qabaq hər axşam atəşə tutulurduq. Həmin gecə mənim rəhbərlik etdiyim postun döyüşçüləri ilə 100-ə yaxın insanı Xocalıdan meşəyə çıxartdıq. Təəssüflər olsun ki, Ağdam yaxınlığında qarşı tərəf pusqu qurubmuş. Həmin insanların əksəriyyətini orada qətlə yetirdilər. Hadisələrdən sonra biz meyitləri götürdük. Həmin vaxtı öldürülən insanların elə bir meyiti yox idi ki, onun üzərində təhqiredici əlamətlər olmasın. Onların qulaqları, burunları kəsilmişdi, hətta körpə uşağı soyunduraraq lüt şəkildə qarın içinə atmışdılar. Hətta körpə uşaqların üzünü ayaqqabı dabanı ilə əzmişdilər”. 


Murad Məhərrəmov Xocalıların sona kimi döyüşdüyünü vurğulayıb: "1989-ci ildə Xocalıya gəldim. O zaman Xocalının işıq idarəsində işləyirdim. 

Daha sonra könüllü Xocalı özünü müdafiə batalyonu yaratdıq. Mən də o batalyonun döyüşçüsü idim. Batalyonun hər bir döyüşçüsü Xocalını və əhalini qorumaq üçün sona kimi döyüşdü. Onların bir qismi şəhid oldu, bəziləri isə yaralandı. Mən də Xocalı hadisələri zamanı yaralandım. 

1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən "igidliyə görə medalı” ilə təltif olundum. Şəxsən özü məni qəbul etmişdi”. 

 

O, hazırda xocalılara olan qayğıdan razı olduqlarını vurğulayıb: "Şükürlər olsun ki, bu gün güclü rəhbərliyimiz və nizamlı ordumuz var. Xocalılara qayğı pis deyil. Xocalılar həmişə diqqət mərkəzində olub. Biz bunlardan razıyıq. Amma kaş ki, indiki qayğının cüzi bir hissi o vaxtı olardı”.

 

Sevinc Yasinqızı

BakıPost  

 “Körpələrin başın əzib, soyundurub qara atmışdılar” –  Xocalı döyüşçüsü
 “Körpələrin başın əzib, soyundurub qara atmışdılar” –  Xocalı döyüşçüsü
 “Körpələrin başın əzib, soyundurub qara atmışdılar” –  Xocalı döyüşçüsü
 “Körpələrin başın əzib, soyundurub qara atmışdılar” –  Xocalı döyüşçüsü
 “Körpələrin başın əzib, soyundurub qara atmışdılar” –  Xocalı döyüşçüsü
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər