Ru
14:09 / 16 Mart 2018

Kristina Aqilera Bakıda konsert verəcək

2531
Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış edəcək sonuncu əcnəbi müğənninin adına aydınlıq gəlib.

 

Bakı Şəhər Halqasından (BŞH) BakuPost-a verilən məlumata görə, yarışın ikinci günündə amerikalı ulduz Kristina Aqilera konsert verəcək.


Bəstəkar və aktrisa kimi də tanınan müğənni aprelin 28-də Bakı Kristal Zalında səhnəyə çıxacaq.


Onun 7 albomu bütün dünyada ümumilikdə 43 milyon dəfədən çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən Aqilera indiyədək 6 "Grammy” mükafatına layiq görülüb və onun 4 mahnısı "Billboard”ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb. Bundan başqa, Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib.

 


"Rolling Stone” jurnalı Aqileraya "bütün dövrlərin ən çox dinlənən 100 ifaçısı”, "Time” jurnalı isə ona "dünyanın ən nüfuzlu 100 şəxsi” sırasında yer verib. "Genie in a Bottle”, "Beautiful” və "Come on Over” kimi ən çox dinlənən ifaları bütün dünyada rekord qıraraq ona bütün dövrlərin ən uğurlu pop vokal ifaçılarından biri ünvanını qazandırıb.


Müğənnilik və bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Aqilera müxtəlif film və seriallara çəkilib. O həm də rol ifa etdiyi "Burlesque” filmində səsləndirilən "Bound to You” mahnısının bəstəkarlarından biri olub. Daha sonra bu mahnı "Golden Globe” nominasiyasına layiq görülüb. Bu il Aqilera "Warner Bros” tərəfindən çəkilən "Life of the Party” və çəkilişi müstəqil aparılan "Zoe” filmində yer alacaq. "Zoe” filmi bu il ilk dəfə "Tribeca” film festivalında nümayiş olunacaq.


Bundan başqa, Aqilera Ümumdünya Ərzaq Proqramında BMT-nin səfiri kimi fəaliyyət göstərir və bir sıra digər xeyriyyə işlərində də yer alır.


BŞH-nin icraçı direktoru Arif Rəhimov Aqileranın yarış ərəfəsində Bakıda konsert verəcəyi xəbərinə çox sevindiyini bildirib: "Aqileranın 2018 "Formula-1” Azərbaycan Qran-prisinin yarış həftəsonunun şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O həqiqətən də superstardı və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdı. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun Kristal Zalda avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir ayrıcalıqdı və eyni zamanda çox həyəcanverici məqamdı. İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbirsizliklə bu anı gözləyirlər və mən fürsətdən istifadə edərək Aqileranın bütün sevənlərini ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”.


Qeyd edək ki, aprelin 27-də Bakı Kristal Zalda Böyük Britaniyanın "Jamiroquai" qrupu konsert verəcək. 2 gün sonra isə səhnədə britaniyalı ulduz Dua Lipa mahnılarını səsləndirəcək.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər