Komitənin qəbir daşı layihəsi “dəfn” olundu? - məşhurların heykəlləri hazırlanan yerdən reportaj

İndi başdaşı sifariş vermək də şadlıq evində menyu tərtib eləmək kimi bir işdir. Müştərinin qabağına kataloq qoyulur, qiymətlər, dizaynlar, müxtəlif çeşidlər təklif edilir. Ölü yiyəsi başdaşının qiymətləri ilə tanış olanda az qala öz başını itirir. 

Sifariş götürən isə soyuqqanlıdır, qiymət sövdələşməsində dəridən-qabıqdan çıxmır, heç müştərini itirmək, əldən çıxmaq qorxusu da yoxdur. Necə olmasa ölən çox, müştəri çox...

Ona görə də Bakıda bir taksi şoferlərinin, bir şadlıq evlərinin, bir də başdaşı düzəldənlərin müştərisi daimidir. 
Sonuncular isə bu peşəni böyük bir sənayeyə çeviriblər. Özü də təkcə məzar daşıdırmı?! - Yox. Bunun heykəl sifariş verəni, büst qoyduranı, barelyef istəyəni var. 

Azərbaycanda da ürəyin istəyən qədər heykəl var. Sanki bu ölkə heykəllər məmləkətidir: şairin, yazıçının, siyasi xadimlərin, musiqiçilərin, hətta adi adamların heykəlini görmək olar.

Məsələn, bundan qabaqkı reportajda diri ikən özünə heykəl qoyduranlardan yazmışdıq. Onlar sıravi adamlardır, amma öz heykəllərini ucaldıblar. 
Bu baxımdan məzardaşı hazırlayan sexlərin, müəssisələrin işi şıdırğı gedir. Onları nə iqtisadi böhran, nə də manatın devalvasiyası narahat edir. Ölən də, ölməyən də müraciət edib heykəl qoydurur. 

*** 

Məzar daşı hazırlayan sexlərə hər yerdə rast gəlmək olar: qəbiristanlıqların yaxınlığında, şəhərin müxtəlif ərazilərində vətəndaşlara xidmət göstərirlər. 
Bizim baş çəkdiyimiz sexlərdən biri isə Bakıda məşhur ünvandır. Yasamalda yerləşən həmin müəssisədə gecə-gündüz iş gedir. Bu sexin həyətinə daxil olanda onlarla heykəlin öz müştərisini gözlədiyini görmək mümkündür. 
Ümumiyyətlə, sözügedən sexə saysız-hesabsız sifarişlər olur. Məzar daşları 20 gün ərzində hazırlanıb təqdim edilir, abidə və heykəllər isə daha çox zaman alır.
 


 
*** 

"Baxır siz şəkili hansı formada sifariş edirsiz. Qısa formada və yaxud ayaqüstə duran vəziyyətdə. Həmçinin bəzi şəxslər qəbir daşının arxasında olan hissəyə dünyasını dəyişən şəxsin şəkilini də sifariş verirlər. Bu isə əlavə qiymət deməkdir”,- satış meneceri kataloqu qabağımıza qoyur. Kataloqda müxtəlif növ qəbir daşları nümunəsi var. 

Məsələn, qara daş əlavə dekorasiya verilmədən 1500 manata başa gəlir. Məzarın üstünə də qara mərmər vurdurmaq istəyən müştəri 2000 manatından keçməlidir. Qəbir daşının üzərində şeir yazdırmaq istəyənlərə bu iş pulsuz görülür. 

Qara mərmərdən hazırlanan ən sadə bir qəbir daşını zəhmət haqqı da daxil olmaqla 1000 manata düzəldirlər. Sadə məzar daşını isə 400-500 manata hazırlayırlar. Sadə qəbir daşları əsasən Qazax, Daşkəsən və digər rayonlardan gətirilir. 
Ustalar deyirlər ki, Qaradağda bir neçə cür daşlar çıxır ki, onlardan da Gülbax və Şaxqaya adlı daşlar daha keyfiyyətli olur. Mərmərlər isə əsasən Ukrayna, Hindistan və Çindən gətirilir.

Pulu bir qədər çox olanlar qəbir daşı əvəzinə dünyasını dəyişən şəxsin heykəlini ucaldırlar. Bunun üçün isə daha çox heykəltəraşa müraciət edirlər. 
Heykəllərin qiyməti də həcminə görə dəyişir. Onların qiyməti bəzən 5-10 min manata və daha baha qiymətə gəlib çıxır.

*** 
 

Bölgələrdə isə qəbir daşları Bakı ilə müqayisədə daha ucuzdur. Məsələn, Lənkəranda sadə daşlardan hazırlanan baş və sinə daşları 300-350 manata satılır.

Ağ lay daşından hazırlanan baş daşının qiyməti 500 manatdır. Mərmərdən olan baş daşılarının qiyməti isə 1000 manatdan yuxarıdır.
Baş daşıları arasında ən bahalısı isə qranit hesab olunur. Qranitdən olan standart baş daşının qiyməti 1500 manat təşkil edir. 
Əgər qəbirin sinə daşı da eyni daşdan hazırlanarsa onda qiymət iki dəfəyə kimi qalxır. Baş daşı üzərinə çəkilən rəngli şəkilin qiyməti isə ayrılıqda müştəriyə 200 manata başa gəlir.

Qeyd edək ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu bildirmişdi.

"Bütün bunlar hamısı qanunla tənzimlənən məsələdir. İstənilən sivil ölkədə qəbristanlıqlarla bağlı məsələlər qanunla tənzimlənir. Məsələn, qəbirlər necə olmalıdır, qəbirlərin düzülüşü, bir qəbir digərindən kəskin fərqlənməməlidir və sair”. 

Emil Salamoğlu
Bakı Post


 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017
Bütün xəbərlər
Bütün xəbərlər