Kiçik Əziz Sancar və "dahi" ateistlərimiz


Zahir Məlikli
Elm sahəsi üzrə Nobel mükafatı alan ilk türk oğlu Əziz Sancarın Bakıya gəlməsi şərəf verdi və şəxsən mən çox qürur duydum. Əziz Sancarın necə dahi bir elm adamı olmasını onun tədqiqat sahəsi ilə məşğul olanlar daha yaxşı bilərlər. 

Əziz Sancar 8 sentyabr 1946-cı ildə Türkiyədə, Mardinin Savur mahalında, orta gəlirli cütçü ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. 
1963-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olub və 1969-ci ildə fərqlənmə diplomu ilə oranı bitirib. İki il Savurda bir səhiyyə ocağında həkimlik etdikdən sonra NATO-TÜBİTAK təqaüdü ilə əvvəl Johns Hopkins Universitetində, sonra isə Dallas Texas Universitetində təhsilini davam etdirib. Dallasda universitetin Claud Rupert laboratoriyasında molekulyar biologiya proqramına qatılıb. Sancar bu laboratoriyada məsləhətçisi Claud Rupert ilə nomenkulaturada "fotoliyaz" adlandırılmlış geni müəyyənləşdirib və gen mühəndisliyi yolu ilə bakteriyalarda onları çox yüksək nisbətdə artıra bilib. Bu genin kodlaşdırdığı fermentin müdaxiləsi ilə ultrabənövşəyi şüaların təsirindən strukturu pozulmuş DNT-ni bərpa etmək mümkün olub. Bu tədqiqatlarına görə Dr. Sancar sonradan doktorluq dərəcəsi (1977) alıb.
 
1997-ci ildən bəri Amerika Birləşmiş Ştatları Şimali Karolina Universitetində Chapel Hilldə, Biokimya və Biofizika Hissəsində Sarah Graham Kenan Professoru olaraq çalışır. ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türkdür. Hüceyrələrin ziyan görən DNT-lərinin necə bərpa edilməsi və genetik məlumatlarını qorumasının sxemini göstərən araşdırmaları ("DNT-nin bərpa edilməsi mexanizmləri") sayəsində 2015-ci ildə Nobel Kimya Mükafatını qazanıb.

 

Əziz Sancarın "maxicell" texnikası ilə kəşf edib adını qoyduğu "excinuclease ( Excision nuclease)" fermenti Oxford Biokimya və Molekulyar Biologiya terminləri Sözlüyünə daxil edilib.

DNT-nin bərpa edilməsi ilə əlaqədar tədqiqatlara görə Sancarla yanaşı amerikalı Paul Modrich və isveçli Tomas Lindahl da 2015-ci il Nobel Kimya Mükafatına layiq görülüblər. Bu üç tədqiqatçı 30 ildən çox bir-birlərindən ayrı, müstəqil olaraq böyük nisbətdə bakteriya hüceyrələri üzərində tədqiqat aparıblar. Sancar nukleotid seqmentlərinin bərpası sahəsində ixtiralar etmiş, Tomas Lindahl və Paul Modrich isə digər DNT bərpa mexanizmləri olan bəzi seqment bərpası və səhv uyğunlaşma bərpasını kəşf etmişlər. Aydınlatdıqları təməl mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə təcrübədən çıxarılmışdır. Məsələn, nukleotid seqmentlərin bərpası pozğunluqları ilə dəri xərçəngləri arasında birbaşa əlaqənin olduğu müəyyən edilmişdir. 

Prof. Dr. Əziz Sancarın liderliyi ilə həyata keçirilən işdə siqaretin DNT-yə verdiyi zərərin yüksək həllolma əmsalının xəritəsi də çıxarılmışdır. Bu cür xəritələrin siqaret qaynaqlı xərçənglərin necə ortaya çıxdığını, bəzi şəxslərin xərçəngə qarşı daha müdafiəsiz, ya da müqavimətli olduğunu və xərçəngin necə qarşısının alınmasının başa düşülməsinə kömək olacağına əminliyini çıxışlarında ifadə edən Sancar, siqaret çəkmənin zərərləri ilə bağlı belə qəti dəlillərin təmin edilməsinin, siqaret çəkənlərin bu pis vərdişi buraxmasına da köməkçi olacaqlarına ümid etdiyini qeyd etmişdir. Siqaretin DNT-yə zərər verdiyi və ağciyər xərçənginə səbəb olduğu elm adamlarına məlumdur. Ancaq ABŞ-da Şimali Carolina Universiteti Sancarın liderliyi ilə elmdə insanlarda siqaretin DNT-yə necə zərər verdiyini ortaya qoyan bir ilkə imza atdı. 

"Siqaretin zərərli olduğu illərdir deyilir. Çox insanımız siqaret çəkir. Xərçəng qaynaqlı ölümlərin yüzdə 30-u siqaretdən olur. Bizim araşdırmamızda çatdığımız nəticə budur: İnsan genomunda 6 milyard modul var. Siqaretin bütün bu 6 milyard modullarda meydana gətirdiyi zərərin xəritəsini çıxardıq. İnşallah bunu görüncə insanlarımız qorxar və siqareti tərk edərlər. Tütün bitkisinin yanmasıyla ortaya çıxan "BENZO [a] piren” adlı bu kansoregenə məruz qalmaq, orqanizmin xərçəngə mane olan sisteminə də zərər verir. Meşə yanğınları, dizel mühərriklər və hətta manqalda yemək bişirmək də bu kansoregenə məruz qalmağa səbəb ola bilər. Ancaq söz mövzusu kansoregenin insan toxumasına nüfuz etməsinə ən çox yol açan vəziyyətin siqaret istehlak edilməsidir" - deyə, Əziz Sancar çıxışlarının birində qeyd edib.
 
 

Əziz Sancarın tədqiqatları xərçəng araşdırma sahəsində yeni üfüqlərin açılacağına zəmanət verir. Çünki şiş xəstəliklərinin yaranması birbaşa sağlam hüceyrələrin DNT strukturunun pozulması ilə bağlıdır. Orqanizmin vəhdət halında tam olması bu mürəkkəb, möcüzəli, həm də nəhəng molekulun düzgün işləməsinndən asılıdır. DNT-nin kəşfi yaradılışın fəlsəfəsinin açarını verdi. DNT hüceyrəvi quruluşu olmayan bir canlı təsəvvürü yaradır. Orqanizmin bütün hüceyrələri təkrarlarını yaratmaq üçün onun diktovkası ilə hərəkət edir. Ona görə orqanizmi təşkil edən milyardlarla hüceyrələrin bircəsində belə onun strukturu pozulduqda dəyişkənlik yaranan DNT molekulu törənən yeni hüceyrəyə öz yeni quruluşunu yeridir. Beləliklə orqanizmdə ona yad olan hüceyrələr törənməyə başlayır. Bu da şiş xəstəliklərinə və digər ciddi genetik pozğunluqların törənməsinə başlanğıc verir. Məhz bu xüsusiyyətinə görə əslində, təkcə DNT molekulundan ibarət olan viruslara "həyatın hüceyrəsiz forması” deyirlər. 
Əsrlər boyu alın yazımızı alnımızda axtardığımız halda DNT kəşfindən sonra məlum oldu ki, bu yazını məhz onun üzərində axtarmaq lazımdır. DNT bir sirrixudadır. Əlbəttə ixtisas sahibi olmadan bütün bunları dərk etmək bir az çətin məsələdir. Məhz DNT-ni öyrənən mahir bilicilərdən biri olan Əziz Sancarın Allaha inanmasında təəccüblü bir şey yoxdur. DNT barəsində səhih məlumata malik olan hər bir kəs orada izah oluna bilməyən bir Allah qüdrəti görə bilər. 
 


Məsələn, məşhur filosof alim Entoni Flyunun son çıxışı elm aləmini şoka salıb. Elmi ateizmin əsas dayaqlarından biri olan Flyu on illər boyu Allaha inamın özünü doğrultmadığı barədə kitablar nəşr edib və mühazirələr oxuyub. O da başqa ateistlər kimi uzaq keçmişdə ölü materiyadan sadəcə canlı materiyanın doğulduğunu iddia edirdi. Lakin son illərdə baş verən bir sıra ixtiralar ateizm müdafiəçisinin öz baxışlarını dəyişməyə məcbur edib. Flyu ictimaiyyət qarşısında çıxış edərək səhv etdiyini bildirib: "Kainat öz-özünə yarana bilməzdi. Belə görünür ki, o, bizim təsəvvür etdiyimizdən daha qüdrətli bir Kimsə tərəfindən yaradılıb. DNT molekullarının quruluşları barədə müasir məlumatlar onun öz-özünə yarana bilmədiyini, Kiminsə tərəfindən yaradıldığına şahidlik edir. Molekulun özündə saxladığı genetik kod və informasiyaların ensiklopedik həcmi kor-koranə təsadüfü inkar edir".


Buyurun, bu bir ateist filosofun DNT barədə azca biliyə malik olduqdan sonra gəldiyi nəticədir. Əziz Sancar isə DNT üzrə mütəxəssisdir. Onun Bakıda olarkən Allaha inanmasını və müsəlman olması ilə fəxr etdiyini izhar etməsi bizim savadları qıcqırıb daşlanan bəziləri tərəfindən birmənalı qarşılanmadı. Guya, bu boyda nəhəng bir alim Allaha inanmaqda bir az tələsib. Əcəba niyə? Bəlkə siz, əslində, islamın düşmənləri kimi ad çıxarmış yəhudi və ingilislərin içərisindən çıxıb Nobel mükafatı alan və yalnız elmə bu qədər vaqif olandan sonra Allahın varlığını qəbul edən, hətta islam dinini qəbul edən elm fədailərindən də çox bilirsiniz? 
Bir-iki fakta diqqət etməyinizi istərdim.
Dünyanın ən məşhur embrioloq alimlərindən biri, yəhudi Rob Gillham Quran ayələrini oxuyandan sonra İslamı qəbul edib. Albert Eynşteyn İnstitutunun professorunun diqqətini Quranda - "...Ərindən boşanan qadınlar 4 ay başqa kişiyə toxunmamalıdır" - ifadəsi cəlb edib. Embrioloqun dediyinə görə, qadının orqanizminin kişinin xromosom izindən təmizlənməsi üçün məhz bu qədər vaxt gərəkdir. 

Kanadalı alim, anatomiya və embriologiya sahələrində ən böyük mütəxəssislərdən biri sayılan şəxs, 8 dilə tərcümə edilmiş "İnsan embriologiyası" kitabının müəllifi Keyt Mur demişdi: "Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım".

Avstraliyalı elm adamı Makkeni Human 20 il Quranla "vuruşdu”... Ən ali dərəcəli islam alimlərinin də təfsir verə bilmədiyi "Qarışqa" ayəsinin izahı təsadüfən onun ayədəki bir sözə diqqət yetirməsi ilə baş verdi. Onun əslində, sınmaq sözünün əzilmək sözü kimi verilməsinə etirazını bildirməsi böyük bir mətləbin üstünü açdı və Human dəhşətə gəldi. Elmə indi məlum olan bir faktın 1400 il əvvəl quranda işarə verilməsi onu tutduğu səhv yoldan çəkindirdi və islamı qəbul elədi.
 

...Belə faktlar həddindən artıq çoxdur və bu faktları qısa bir yazda vermək imkan xaricindədir. Bütün bunları deməkdə məqsədim odur ki, özünüzdən müştəbeh olmayın, cənablar. Kitab oxuyun, kitab. Şeir, roman oxumaqla bərabər heç olmasa, kütləvi oxucular üçün nəzərdə tutulmuş elmi bröşürlərə baxın. Əgər o qədər dünya əhəmiyyətli işlərlə məşğul olduğunuza görə kitab oxumağa vaxtınız yoxdursa, heç olmasa səhərdən axşama qədər qarşınızda açıq olan bilgisayarınızda başqalarının paylaşdığı elmi məqalələrə nəzər yetirin. Görün, müasir elmi mat qoyan təzə nələr kəşf olunub. Allahı kor-koranə yox, elmlə dərk edin. Görün, asimanda nələr öyrənilir? Görün, fəzanın genişlənməsi barədə yeni axtarışlar nə nəticə verib? Hələ 1929-cu ildə rus Aleksandr Fredman və belçikalı Georgi Lemaytrla başlayıb, sonralar amerikalı Edvin Hubbl ilə davam etdirilən və bu gün tam təsdiqini tapan fəzanın daim genişlənməsi və daim hərəkətdə olması nəzəriyyəsi Quranda "Zariyat" 51/47, "Ənbiya"21/104, "Zumər"39/67 ayələrində necə də əvvəldən xəbər verilmişdi.
 
 

Bəlkə siz Lütfi Zadədən, onun özünə varis hesab etdiyi Rafiq Əliyevdən də çox bilirsiniz? İslam dininə ərəblərin dini kimi baxan bədbəxtlər, sizin kimilərin ucbatından bu gün dünya elmində söz sahibi xristianlar və yəhudilərdir. Halbuki, elmə üç Nobelçi verən elm fədailəri Kürilər ailəsindən Pyer Küri deyir ki, müsəlmanlardan bizə cəmi 30 kitab gəlib çatdı, biz atomu bölə bildik, əgər kitabxanalarla birlikdə yandırılan minlərlə kitabların hamısı qalsaydı yəqin ki, indi planetlər arasında gəzərdik. 

***
Bizim geridə qalmağımızın bir səbəbi də savadsız mollaların ucbatından olub. Belələrinin dini elmlər və dünyəvi elmlər kimi elmi iki yerə parçalaması elə bil uçan quşun qanadının birini qırmağa bənzəyir. Halbuki elm birdir. Hz. Əliyə elmin vacibliyi barədə sual verəndə deyir ki, and olsun məni yaradan allaha qiyamətə qədər dünyaya nə qədər insan gələcəksə o qədər adam mənə bu sualı versə, onların hər birinə elmin vacibliyini ayrı-ayrı dəlillər göztərməklə müxtəlif cavablar verərdim. Bütün elmlər bir məqsədə xidmət edir - yaşayışın gözəlləşməsinə və mənəviyyatın kamilləşməsinə. Bundan kənardakı elm bədbəxtçiliyin açarından başqa bir şey deyil.
İndi zaman dəyişib. Sovet ideologiyasının boyunduruğunda olan savadlı alimlərimiz də inanclarından asılı olmayaraq Allahı dillərinə gətirməyə qorxurdular. Yəni dövran beləydi ki, savadlı adam necə ola bilərdi ki, Allaha inansın? Şükür ki, indi elmə yiyələndikcə o elm səni Allahın dərkinə aparır. Dünyanın bütün nəhəng alimləri təsdiq edirlər ki, onlar Allahın qanunauyğun şəkildə yaratdıqlarının kəşfi ilə məşğuldurlar.
  
***
  Əziz Sancar ölkəsində Darvinizmlə bağlı tədbirlərin keçirilməsindən narahat olduğunu və təəsüfləndiyini bildirir. Təkamülün olmasını-yəni inkişafın və həm də sadədən mürəkkəbə doğru inkişafın mövcud olmasını elm də din də qətiyyən inkar etmir. Baxır bu məsələni kim öz arşını ilə necə ölçür. Darvinizm isə təkamül haqqında düzgün olmayan, əslində, hamıda qıcıq yaradan istiqamətə yönəldilmiş eybəcər bir nəzəriyyədir. Bu nəzəriyyə dünyada mütərəqqi elm də qəbul edilmir. Bu sadəcə bir qrup ailəsində, həyatında, işində, gücündə baş verən çatışmazlıqlara, düçar olduğu bədbəxtliyə görə Allahından küsənlərin çabasından başqa bir şey deyil. Darvinizmə görə insanın əmələ gəlməsi barədə xülyalar təsdiqini heç vaxt tapmayıb, heç tapmayacaq da. Əziz Sancar da müsəlman ölkəsi olan vətənində belə mənasız tədbirlərin keçirilməsindən narahat olduğunu bildirib.


Əziz Sancarın Nobel mükafatı aldıqdan sonra doğma vətəninə dönərək sərgilədiyi davranışı onun dahi elm adamı olmasından başqa həm də zəngin mənəviyyat sahibi olmasını göstərdi. 
 
Prof. Dr. Sancar bir şagirdin din və elm arasındakı əlaqəyə dair soruşduğu suala belə cavab verir: "Mən müsəlmanam və müsəlman olduğumu hər yerdə deyirəm. Müsəlmanlığımla öyünürəm. Türkiyədəki təkamül müzakirələri məni çox üzdü. Türkiyənin çox problemi var. Mən Allaha inanıram. İstəyən təkamülə inanar, istəyən inanmaz, lakin bunu qalxıb böyük dövlət, millət problemi edərək bütün enerjimizi boşa xərcləməyə dəyməz". 
 
Əziz Sancara İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən Nobel Kimya Mükafatı Alfred Nobelin ölüm ildönümü olan 10 dekabrda təşkil edilən mərasimdə verilib. Mükafat İsveç Kralı XVI Carl Gustaf tərəfindən təqdim edilib. Sancar: "Məni mükafata aparan Atatürkün və Türkiyə Respublikasının verdiyi təhsil sistemidir. Bu səbəbdən bu mükafatın sahibi Atatürk və Türkiyə Respublikasını təmsil edən Anıtkabir Muzeyidir" deyərək Nobel Mükafatı ilə medal və sertifikatını Anitkabira təqdim edib. Hazırda mükafat, Anıtkabirdəki Atatürk və Qurtuluş Döyüşü Muzeyində özünə ayrılan xüsusi sahədə sərgilənməkdədir.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər