Ru
13:38 / 15 Sentyabr 2017

Kəklikotu

2989

Kəramət Böyükçöl

Daşkəsəndə Narzan restoranına getmişdim.
Maşından düşən kimi təxminən, on yaşında qızcığaz yaxınlaşıb mənə dedi: "Dayı,
kəklikotu istəyirsən?”


Qızcığazın üzünə baxdım, o qədər şirin idi ki...
Yanaqları qıpqırmızı, sığallı saçları dağılmışdı üzünə. Gözünə gün düşürdü deyə
danışanda gözünün birini yumur, başını da yumduğu göz tərəfə əyir, saçları da o
üz tərəfə axırdı. Elə bil yumduğu gözün əvəzinə o biri gözünü daha çox açırdı.

Deyəsən, yaman bezmişdi, heç kəs onun kəklikotusunu almırdı. Ona görə burnunu
qırışdıra-qırışdıra bir də dedi: "Dayı, kəklikotu istəyirsən?”

Qızcığaz "yox”
sözünə o qədər vərdiş eləmişdi ki, bir ayağını qaçaraq qoyub, o biri adamların
yanına getmək üçün tələsirdi. İlahi, onun bapbalaca ovucları necə narahat və həyəcanlı
idi...


Görəsən, otları dağın-daşın dibindən o balaca əlləri ilə yığıbmı? Bəlkə əllərinə
tikan batıb, tikanın yeri göynəyib, gecəni yata bilməyib. İndi də kəklikotunu
sata bilmir, alan yoxdu. Bapbalaca ürəyi döyünür, ora qaçır, bura qaçır,
ayaqları yorulur, saçları atılıb-düşməkdən bezir. Bu dağ qızı bu qədər kəklikotunu
neçəyə versə yaxşıdı? Cəmi bir manata.

Deyir, hələ istəsən, aşağı da düşər.


"Hə,
istəyirəm”
– dedim. Ay allah, qızcığaz necə sevindi. Pulu alıb balaca
ovuclarında möhkəm-möhkəm sıxdı. Daha günəş onun gözlərinin vecinə deyildi. Axı
kəklikotu satılmışdı. Qaça-qaça o biri yoldaşlarının yanına getdi. Elə bil
tikan batan əlləri dincəldi, saçları sevindi. Yolboyu maşında onun balaca əlləri,
üzü, sığallı saçları, həyəcanı gözlərimin qabağından getmədi. O qədər şirin idi
ki... Yanaqları qıpqırmızıydı, sığallı saçları dağılmışdı üzünə. Gözünə gün
düşürdü deyə danışanda gözünün birini yumur, başını da yumduğu göz tərəfə əyir,
saçları da o üz tərəfə axırdı. Elə bil yumduğu gözün əvəzinə o biri gözünü daha
çox açırdı...

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər