Ru
00:04 / 21 Oktyabr 2018

Kayseridə Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub

3749
Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.


BakuPost AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov tədbirlərdə iştirak edib.

 

Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.


Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirən Talas Rayon Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu bu faciəni törədənlərin beynəlxalq ədalət məhkəməsi tərəfindən mühakimə olunmasının vacibliyindən danışıb. Bələdiyyə sədri qeyd edib ki, bütün Türkiyə xalqı Xocalı soyqırımını öz dərdi kimi yaşayır. Bu parkda Xocalı şəhidlərinin hər birinin xatirəsinə ehtiram əlaməti olaraq 613 ağac əkilib.


Sonra çıxış edən Ramin Qasımov Xocalı parkının və abidəsinin açılışında Rusiyanı təmsil edən geniş heyətin iştirakının önəmini bildirib. O vurğulayıb ki, Xocalı şəhərində beynəlxalq hüququn qadağan etdiyi faşist əməlləri törədilib. Bu gün biz Rusiya nümayəndə heyəti olaraq burada iştirak edir və bu qətliam barədə həqiqətləri bütün dünyaya çatdırmaq istəyirik. Biz bu faciəni heç vaxt unutmayacağıq. Bu dəhşətli faciəni yaşayan şahidlərin danışdıqlarını eşidənlər göz yaşlarını saxlaya bilmirlər. Əminik ki, bu qətliamı törədənlər gec-tez öz cəzalarını alacaqlar.


Dmitri Savelyev çıxışında bildirib ki, 26 il əvvəl Xocalıda dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr öz dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün onlar təbliğat işlərinə qoşulmalıdırlar.


Xocalı soyqırımını təkcə Azərbaycanın yox, bütün insanlığın faciəsi kimi dəyərləndirən Şamil Ayrım bildirib ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmalıdır. O deyib ki, bu gün Türkiyə xalqı Xocalı soyqırımı acısı ilə yaşayır. Hər kəs bu soyqırımı barədə məlumatlandırılmalıdır. Videolar, fotolar, şahidlər var, amma dünyanın böyük bir hissəsi yenə də susur. Xocalı soyqırımını bütün dövlətlər tanımalıdır.


Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci fevralın 25-dən 26-na keçən gecə şahidi olduğu soyqırımı barədə dəhşətləri tədbir iştirakçıları ilə bölüşüb. O deyib ki, həmin gecə ermənilər qocalara və qadınlara, uşaqlara rəhm etməyiblər. Bu soyqırımını təcavüzkar Ermənistan dövləti və erməni terror təşkilatları törədib. Cəsədlər təhqir olunub. Bu cinayəti törədənlər bu gün sərbəst gəzirlər, beynəlxalq tribunlarda onlara söz demək üçün şərait yaradılır.


Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov əmin olduğunu bildirib ki, Dağlıq Qarabağ problemi gec-tez beynəlxalq hüququn normaları əsasında öz həllini tapacaq. Azərbaycan işğal altında olan ərazilərini təcavüzkardan azad edəcək və bir gün Xocalı şəhərində Kayseri parkı salınacaq.


Xocalı parkının salınması və şəhidlərin xatirəsinə abidə ucaldılmasında əməyi olan bütün şəxslərə Azərbaycan dövləti adından təşəkkürünü ifadə edən Prezidentin köməkçisi Əli Həsənov Xocalı soyqırımının dəhşətləri barədə danışıb. Sovetlər İttifaqı dağılandan sonra əhatə dairəsinə və cinayətin metodologiyasına görə ən dəhşətli faciənin Xocalı soyqırımı olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, 26 ildir bu qanlı cinayətin acılarını yaşayırıq. Xocalı soyqırımını törədənlər Ermənistan dövlətinə rəhbərlik ediblər, onlara BMT tribunasında meydan verilib. Biz Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı barədə kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhval-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də tarixdə belə qanlı faciələr təkrarlanmasın. Tarix buna qiymət vermədikcə belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağırırıq.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər