Ru
14:35 / 19 İyul 2017

İranlı turistlərdən Bakı haqda inanılmaz fikirlər: Tıxac yoxdur, dil bilmirlər, yemək azdır...

12840
Son bir neçə ildə İrandan və ərəb ölkələrindən Azərbaycana axışan turistlərin sayında ciddi artım var.


Turizmin inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu nəzərə alsaq, turist axının güclənməsini əlbəttə pozitiv hal kimi dəyərləndirməliyik. Lakin turistlərin, xüsusən İrandan və Ərəb ölkələrindən  gələnlərin Bakıdakı davranışı şəhər sakinlərinin narazılığına səbəb olur. Elə buna görədir ki, sosial şəbəkələrdə əsas müzakirə olunan mövzulardan biri məhz turistlərdir. 


Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəmlərə görə, son 6 ay ərzində Azərbaycana gələn xarici vətəndaşlar arasında sayına görə Rusiya və Gürcüstandan sonra  (180 103 nəfər) üçüncü yerdə İran, dördüncü yerdə (44 196 nəfər) Birləşmiş Ərəb Əmirlikləri, daha sonra isə İraq (19 355 nəfər) qərarlaşıb.


Məsələnin aktuallığını nəzərə alaraq, BakuPost.az-ın əməkdaşı Bakı küçələrində dolaşan İran vətəndaşlarıyla söhbət edib, onların ölkəmizlə bağlı fikirlərini öyrənib: 


Tehrandan gələn Hale Qamel Bakıda tıxacın olmamasından sevindiyini bildirib: "Əsas məsələ tıxacın olmamasıdır. İnsanlar qonaqpərvərdilər. Qadınlarınız daha çox işləyirlər. Şəhəriniz isə təmiz və gözəldir.


Mənfi cəhətlərinə gəldikdə isə millətçilik edirlər. Bizim fars olduğumuzu bilənə qədər mehriban olurlar ".

 



Ərdəbilli Elham Zennedel restoranlarda kifayət qədər yaxşı xidmət gördüklərini deyir: "Ofisiantlar yaxşı xidmət edir, harasa qeydiyyatdan keçmək istəyəndə yaxşı qarşılayır. Binalar daha çox cəlb edir. Sürücülər piyada keçidi olmasa da, yol verirlər. Yenidən gəlmək istərdim”.

 

İranlı turist azərbaycanlıların ingilis dili biliklərinin zəifliyindən şikayət edib: "Azərbaycanlıların ingilis dili səviyyələri Türkiyəyə nisbətən aşağıdır. Yeməklər də duzlu. Maşınlar isə daha azdır”. 


İran Culfasından qonağımız olan Siruz Vətənxa isə kondisionerlərin su damcılarının yollara axmasından, restoranlardakı bahalıqdan və yemək miqdarlarının azlığından şikayətlənib.


Nilufər Vətənxa da liftlərin hansı mərtəbədə olduğunu göstərmədiyini dilə gətirib.


Digər tehranlı turist Aide Leynahari Bakını belə gözəl təsəvvür etmədiyini dilə gətirib: "Mən Tehranda bakılıları görüb, Bakını belə gözəl təsəvvür etməmişdim. Buradakı insanlar gülərüzdür. Havası yaxşıdır. Amma uşaqlar azdır, restoranların, otellərin qiymətləri isə baha...”

 



Orkideh Leynahari isə sərhəddə problemlə üzləşdiyini deyib: "Gömrükdən narazıyam. Səbəb isə nə vaxtsa Ermənistana getməyim olub. Ermənistana getdiyim üçün məni Azərbaycan gömrüyündə saatlarla gözlətdilər və çox sorğu-sual etdilər”.


Təbrizli Şəhnaz Əzimicəm Bakıya 2 gündür gəldiklərini söyləyib:

 


 

"İki gündür, Bakıdayıq. Şəhəriniz çox gözəldir. Bakı İstanbuldan daha yaxşıdır. İnsanlarınız mehriban və rahatdır. Tarixi yerlərdən isə İçərişəhəri gəzdik. Şirvanşahlar sarayı çox xoşumuza gəldi. Amma hər şey bahadır”.

 

 


Ərdəbilli Yahya bəy isə ərəblərin çox olduğundan  və qiymətlərin yüksəkliyindən şikayətlənib...

 

Aidə Ramiz

BakuPost
İranlı turistlərdən Bakı haqda inanılmaz fikirlər:  Tıxac yoxdur, dil bilmirlər, yemək azdır...
İranlı turistlərdən Bakı haqda inanılmaz fikirlər:  Tıxac yoxdur, dil bilmirlər, yemək azdır...
İranlı turistlərdən Bakı haqda inanılmaz fikirlər:  Tıxac yoxdur, dil bilmirlər, yemək azdır...
İranlı turistlərdən Bakı haqda inanılmaz fikirlər:  Tıxac yoxdur, dil bilmirlər, yemək azdır...
İranlı turistlərdən Bakı haqda inanılmaz fikirlər:  Tıxac yoxdur, dil bilmirlər, yemək azdır...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər