İranın məşhur agentliyində Bakı-Tehran əlaqələrinə aid MÜHÜM MƏQALƏ

1965
İranın məşhur "İRNA" agentliyində Tehran-Bakı iqtisadi əlaqələrinə dair yazı dərc olunub. Yazı İran prezidenti Həsən Ruhaninin Bakıya bu ilin martında etdiyi səfər zamanı Azərbaycanın Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizinin enerji ehtiyatlarının birgə işlənilməsinə dair sazişdən bəhrələnib. 
 
BakuPost WorldMedia.Az-ın fars dilindən Azərbaycan dilinə tərcümə etdiyi yazını təqdim edir:
 
İran prezidenti Həsən Ruhaninin Bakıya bu ilin martında etdiyi səfər zamanı Azərbaycanın Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizinin enerji ehtiyatlarının birgə işlənilməsinə dair sazişin imzalanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığın canlanmasına səbəb olub. IRNA agentliyi xəbər verir ki, bu sazişi tarixi sənəd adlandıran Azərbaycan prezidenti İlham Əliyev deyib: "Sənədin icrası ilə iki ölkə arasında Xəzər dənizində əməkdaşlıq ən yüksək səviyyəyə çatacaq”.

Bu yazıda Azərbaycanın enerji sektorunun imkanları və layihələrilə qısa tanışlıqdan sonra, bu sahədə Tehran-Bakı əlaqələrinə də nəzər yetirməyə çalışacağıq.

Azərbaycanın neft-qaz sənayesi

Regionun neftlə zəngin ölkələrindən olan Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra dünyanın transmilli neft şirkətlərinin diqqət mərkəzinə düşüb. Nəticədə ötən əsrin 90-cı illərinin əvvəlində bu ölkə ilə bir neçə xarici neft şirkəti arasında Xəzər dənizindəki "Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsinə dair nəhəng müqavilə imzalanıb.

Hərçənd ABŞ-ın təzyiqləri və maneələri üzündən İran İslam Respublikası bu neft müqaviləsində paya sahib ola bilməyib. Lakin Xəzər dənizindəki "Şahdəniz” qaz yatağının işlənilməsinə dair 1996-cı ildə imzalanmış ikinci nəhəng enerji müqaviləsində İran 10%-lik pay əldə edib. Hazırda "Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası çərçivəsində Azərbaycan qazının Avropaya nəqli layihəsi həyata keçirilir və bununla əlaqədar iki böyük boru xətti – Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri tikilir.

Ekspertlərin fikrincə, Azərbaycanla İran arasında əməkdaşlıq sazişinin imzalanması Xəzər dənizinin digər enerji resurslarının işlənilməsi və istismarına müsbət təsir göstərəcək, bölgədə enerji sektorunda yeni əməkdaşlığın əsasını qoyacaq.

İranla Azərbaycan arasında neft-qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq

Bu gün Azərbaycanla İranın enerji sektorunda əməkdaşlığını 2 yerə ayırmaq olar: Xəzər dənizindəki neft-qaz yataqlarının kəşfiyyatı və istismarında birgə fəaliyyət və elektrik enerjisi mübadiləsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İran Milli Neft Şirkətinin ekspertləri son illərdə neft-qaz sənayesilə bağlı geoloji tədqiqatların aparılması, təcrübə mübadiləsi üzrə əməkdaşlıq perspektivlərini araşdırmaq məqsədilə müntəzəm və qarşılıqlı səfərləri həyata keçirir.

Svop əməliyyatı üzrə əməkdaşlıq

İranla Azərbaycan təbii qaz mübadiləsi (svop) sahəsində də əməkdaşlıq edir. Bu əməkdaşlıq Naxçıvan Muxtar Respublikasının qazla təchizatı baxımından Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər hissəsindən təcrid olunub və hazırda o, ölkə ilə birbaşa quru əlaqəsinə malik deyil.

Azərbaycanla İran arasında əldə olunmuş razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasının təbii qaza olan tələbatının ödənilməi üçün "mavi yanacaq” Azərbaycan ərazisində keçmiş Sovet dövründən qalmış boru xəttilə İrana ötürülür və eyni həcmdə qaz svop əməliyyatı ilə İran ərazisindən Naxçıvana nəql olunur.

Azərbaycan rəsmiləri İranın bu yardımını həmişə yüksək qiymətləndirib.

İran-Azərbaycan müştərək neft şirkətinin yaradılması

Artıq qeyd etdiyimiz kimi, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bundan bir müddət sonra İranın Neft Nazirliyinin beynəlxalq əməkdaşlıq və kommersiya departamentinin rəhbəri Əmir Hüseyn Zamani-Niya 2 ölkənin müştərək neft şirkəti yaradacağını bəyan edib. "Şirkət prezident Ruhaninin Bakıya martda etdiyi səfər zamanı imzalanmış memoranduma əsasən yaradılacaq”, - deyə o, qeyd edib: "Memoranduma əsasən, Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi gündəmdədir və yaradılacaq müştərək şirkət bu sahədə birgə fəaliyyəti təmin edəcək”.

Zamani-Niya onu da deyib ki, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planında qalıb-qalmaması SOCAR ilə əməkdaşlığına heç bir təsir göstərməyəcək.

Azərbaycanın energetika nazirinin İrana səfəri

Bütün bunların fonunda Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu ilin aprelində İrana səfər edib. Onun Tehranda təşkil olunmuş XXIII Beynəlxalq Neft-Qaz Sərgisi çərçivəsində İranın neft naziri Bijən Namdar Zəngənə ilə keçirdiyi görüşdə iki ölkənin neft-qaz sənayesində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Elektrik enerjisi sahəsində əməkdaşlıq

İranla Azərbaycanın elektrik enerjisi sektorunda əməkdaşlığı 90-cı illərin sonundan başlayıb. O vaxtdan iki ölkə elektrik enerjisinin nəqli və mübadiləsi infrastrukturunun yaradılmasında da əməkdaşlıq edib. Məhz bu əməkdaşlıq çərçivəsində "İmişli-Parsabad” elektrik xətti çəkilib, elektrik şəbəkələrinin birləşdirilməsi üçün bir sıra tədbirlər görülüb.

Elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İrana son səfəri zamanı həmkarı Rza Ərdakanianla keçirdiyi görüşdə də müzakirə edilib. Iki ölkə arasında bağlanmış müqavilə çərçivəsində Azərbaycanla 800 meqavat elektrik enerjisinin mübadilə imkanından danışan Rza Ərdakanian deyib: "Elektrik enerjisi mübadiləsinə yaydan sonra başlanılmaı nəzərdə tutulur”.

Həsən Ruhaninin Bakıya bu ilin martında etdiyi səfərdən sonra iki ölkə arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayan nazir fikrini belə davam etirib: "Məhz bu səfərdən sonra Azərbaycan tərəfi ilə elektrik enerjisi idxalının artırılmaına dair müqavilə imzalamışıq”.

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi qərarını da İran prezidentinin Bakıya səfərinin nəticələrindən sayan Ərdakanian deyib: "Texniki prosedurların başa çatmasından sonra bu layihənin reallaşması ilə, ölkəmiz elektrik enerjisi sisteminin təhlükəsizliyi və keyfiyyəti baxımından daha yüksək səviyyəyə çatacaq”.

3 ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi

İran prezidentinin Azərbaycana səfərindən sonra sözügedən 3 ölkənin enerji nazirləri arasında ilk görüş Bakıda keçirilib. İkinci görüşün yaxın vaxtlarda Moskvada baş tutacağı gözlənilir. Beləliklə, sonda İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək.

Tərəflər İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsilə yanaşı, üçüncü ölkələrə elektrik enerjisi tranziti imkanlarını da müzakirə edir.

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi, Şimal-Cənub elektrik şəbəkəsinin yaradılması imkanları 3 ölkə prezidentlərinin Bakıda və Tehranda keçirilmiş üçtərəfli görüşündə, eləcə də Həsən Ruhaninin Bakıya martda etdiyi səfəri zamanı da müzakirə olunub. Prezidentlər elektrik enerjisi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı üçün müvafiq tapşırıqlar veriblər.

Müştərək su bəndi və elektrik stansiyası

Azərbaycanın energetika nazirinin İrana səfəri zamanı həmçinin Araz çayı üzərində "Xudafərin” və "Qız qalası” su bəndlərinin, elektrik stansiyalarının tikintisi və istismarı haqda sazişin həyata keçirilməsi üzrə Müştərək Texniki Komissiyanın da ilk iclası olub. Toplantıda bu layihələrin icrasının iki ölkə iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı sektoru üçün əhəmiyyəti vurğulanıb.

Elektrik enerjisinin alınması

Azərbaycanın energetika nazirinin İrana səfərindən əvvəl, yəni bu il aprelin 23-də Azərbaycanın "Azərenerji” şirkətilə İranın "Təvanir” şirkəti arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə də imzalanıb. Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun İrana səfəri zamanı imzalanmış bu sənəd cari ilin iyunundan "Azərenerji” tərəfindən İranın Muğan və Astara bölgələrinə 180 meqavat elektrik enerjisinin ixracını nəzərdə tutur.

Azərbaycanın elektrik şəbəkəsinin 4 ölkə ilə birləşdirilməsi

Bu arada Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəsinin elektrik enerjisi sahəsindəki nailiyyətləri haqda məqalə yazıb. "Azərbaycan” qəzetində dərc olunmuş məqalədə deyilir: "Öz enerji təhlükəsizliyini artıq təmin etmiş Azərbaycan hazırda Rusiya, İran, Gürcüstan və Türkiyənin elektrik şəbəkələrilə əlaqə yaradır”.

Nazirin sözlərinə görə, bu, qonşu ölkələr arasındakı münasibətlərin inkişafına, regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına mübət təsir edəcək.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər