Ru
13:54 / 16 Yanvar 2017

Çingiz Əlioğlunu təriflə biabır etdilər - Tənqidçilərin “sənsizlik sürgünü”

1038
Ədəbi tənqidçilərin əsərlərə münasibət bildirərkən yazdıqlarında tənqid janrının tələblərindən kifayət qədər kənara çıxmaları, əsasən də müəllifə və onun şeir, yaxud nəsrinə təriflər yağdırmaları günümüzdə adi hal alıb.


BakiPost.az xəbər verir ki, jurnalist Gülnarə İlham "Facebook” hesabında tənqid sahəsindəki indiki vəziyyəti aydın göstərən status paylaşıb. Məşhur şair Çingiz Əlioğlunun "Ədəbiyyat” qəzetində dərc olunan "Sənsizlik sürgündür" şeirinə diqqət çəkən jurnalist xanım, bu şeiri vəsf edən iki tənqidçiyə, adlarını çəkməsə də, iradını bildirib. 


Şeiri oxuyaq:


Mən içən şərabın adı ayrılıq,

Çəkdiyim siqaret həsrət adlanır.

İçmədim-bayıldım, içdim ayıldım,

Sənsizlik sürgündür...hicrət adlanır.

 

Necə də tünd imiş hicran qəhvəsi,

Sinəmə çəkdiyim tüstü qaradır.

Ağzımdan burulub çıxan nəfəsim

Havada miraj bir obraz yaradır.

 


Sənin xəyalındır ani, apaydın

Daha yuxuda da məndən qaçırsan

İşıqlı günümü özün qapadıb

Zülmət gecələrə qapı açırsan.

 


Özümdən sürgünəm deyir hal qanan

Səbr elə əlacın səbrdir elə.

Daha hardan bilsin, halıma yanan

Səbir də mənimçün Sibirdir elə. 


Gülnarə xanım şeirin ardından bu fikirləri yazıb: -

Deməli, bu "şeirlə" bağlı iki tanınmış tənqidçi tərif janrında yazıb. Dost olanda nə olar?.. Bizə uşaqlıdan öyrədiblər ki, dost sənin eyiblərini üzünə deyəndir. Hər iki tənqidçi şeirdə poetik axtarışa çıxıb, məsələn "miraj obraz", yaxud "sənsizlik sürgündür" və s. kimi guya, şeirdə innovativ tapıntılar kəşf ediblər. Təsəvvür edin, şeiri impressionizmə qədər aparıb çıxarıblar. Əminəm ki, müəllif özü belə, bu haqda heç düşünməyib. Tutaq ki mən bu şeirə baxanda ixtisasıma, azacıq da olsa ədəbi analiz qabiliyyətimə güvənərək, ortada sadəcə həsrət mövzusu olan, süjetsiz, obrazsız intonasiyasız, məqsədsiz, dağınıq bir şeir görürəm. Tənqidçilərin üzə çıxardığı ifadələr şeirə yad detallardır, ahəngi pozur, kobud görünür. Məsələn, Nazim Hikmət "Ben içeri duştüğümden beri" şeirində yazır:



Ben içeri düştüğümden beri

güneşin etrafında on kere döndü dünya

Ona sorarsanız: "Lafı bile edilemez, mikroskopik bi zaman...”

Bana sorarsanız: "On senesi ömrümün...”

 

Xanım jurnalist fikrini belə tamamlayır: "Yəni, mənə görə şeir belə olur: Nazim Hikmətin şeiri kimi”.


Qeyd edək ki, xanım jurnalistin adını çəkmədən tənqid etdiyi tənqidçilər, tanınmış ədəbiyyatşünaslar - Məti Osmanoğlu və Elnarə Akimovadır. 

Çingiz Əlioğlunu təriflə biabır etdilər -  Tənqidçilərin “sənsizlik sürgünü”
Çingiz Əlioğlunu təriflə biabır etdilər -  Tənqidçilərin “sənsizlik sürgünü”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər