Ru
11:30 / 20 Sentyabr 2018

İlyas İsmayılovun oğlunu öldürən Gözəl Dəmirov kimdir? - “Qətl yəqin ki, səbəbsiz deyil...”

11597
Dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır. Onun Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı olduğu bildirilir.


Türkiyə mediasında yer alan məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxararaq şərikinə 3 dəfə atəş açıb.


Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər – Gözəl Dəmirovun sürücüsü də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.


Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta "Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.


BakuPost xəbər verir ki, Modern.az saytı Gözəl Dəmirovla bağlı apardığı kiçik araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.


Gözəl Dəmirov haqqında Modern.az-a danışan sabiq polis rəisi Mahmud Hacıyev vaxtilə - AXC hakimiyyəti dövründə onunla birgə çalışdığını bildirib. 


Maraqlıdır ki, G.Dəmirov dünən gecə həmyerlisini öldürməklə qatilə çevrilməsinə baxmayaraq, M.Hacıyev onun müsbət xarakterli bir şəxs  olduğunu vurğulayıb: 

 

 


"Gözəl Dəmirov səhv xatırlamıramsa, əslən Sabirabaddan idi. Hardasa 66-67 yaşı olar. Ucaboylu, ağbəniz, cüssəli kişi idi. Cavan vaxtlarında Bakı İstintaq İdarəsində, daha sonra Daxili İşlər Nazirliyində idarə rəisi işləyib. Biz onunla Daxili İşlər Nazirliyində bir yerdə işləmişik. Bir orqan işçisi kimi münasibətlərimiz olub. Çox yaxşı, mərd, ürəkli insan idi, kasıba, imkansıza əl tutan idi. Müharibə vaxtlarında çox köməklikləri olub, bu cür hərəkəti edəcəyini ağlıma belə gətirməzdim. 90-cı illərin əvvəllərində beynəlxalq konvensiyalara uyğun olmasa da, Pakistandan, Əfqanıstandan mücahidlər gəlib Qarabağda bizə kömək edirdilər. Gözəl Dəmirovun  onların Azərbaycana gəlməsində, döyüş bölgəsinə aparılmasında xüsusi əməyi olub. Həqiqətən nümunəvi işçi idi. Çox müsbət adam idi. O vaxt Müdafiə Nazirliyi yox idi. Müharibədə vuruşanların, köməklik edənlərin əksəriyyəti elə polislər idi. Gözəl Dəmirov da ən yaxşılardan biri idi”. 


Mahmud Hacıyevin sözlərinə görə, 1994-1995-ci illərdə Gözəl Dəmirovun başının üzərində "qara buludlar” dolaşırmış:


 


"Onun həbsinə hazırlıq gedirdi. Polkovnik-leytenant rütbəsindəydi. Ona görə də orqandan xaric olunaraq, hər şeyini yığıb Türkiyəyə getdi. Ailəli idi. Bildiyim qədəriylə 2 övladı var. Türkiyədə bizneslə məşğul olmağa başladı. Ora gedəndən sonra əlaqələrimiz olmasa da, gedib-gələnlərdən xəbərləşirdik. Orada da normal həyat tərzi sürürdü, bacarıqlı, hörmətli, hər mənada yaxşı insan idi. Bilirsiz onun haqqında pis bircə dənə də fikir söyləyə bilmirəm. Gör o boyda orqanda çalışmış olasan, ağlın, kamalın ola, axırda qətl törədəsən. Amma yəqin ki, səbəbsiz olmaz. Gör nə vəziyyətə çatıb ki, belə hadisə törədib. İlyas İsmayılovun Amerikadakı oğlu özünə oxşayır. Özü kimi yaxşı insandır. Amma mərhum Etimad İsmayılovu yaxşı tanımıram.


Axı niyə belə bir vəziyyət yaranıb ki, Gözəl silaha əl atıb?


Gözəl Dəmirov  25 ilə yaxındır Türkiyədədir, yenə deyirəm, bir adam da onun haqqında nəsə pis deyə bilməz. Kasıba, evsizə əl tutan idi. Hədsiz müsbət adam idi. Yəni kiməsə pul atan, kiməsə torba tikən biri deyildi. Bayaqdan onun haqqında ancaq müsbət fikirlər söyləyirəm. Yerlim deyil, qohumum deyil, mən qazaxlı, o, sabirabadlı. Amma adam gərək haqqına danışsın. Allah Etimada rəhmət eləsin”.


Qeyd edək ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov da Modern.az saytına müsahibəsində Gözəl Dəmirov haqda maraqlı fakt açıqlayıb:


"Tale elə gətirib ki, Elçibəy prezident olanda bu cür işlərə həmişə məni göndərirdi. Bir dəfə yenə məni yanına çağırıb soruşdu ki, "Əfqanıstandan özbək əsilli general Dustumu Bakıya gətirə bilərsən?”. Onu Bakıya gətirdim və mən, rəhmətlik Türkeş və Bəyin iştirakıyla dördlükdə ciddi müzakirələr apardıq. General Rəşid Dustum dedi ki, "mənim qüvvələrim azdır, onda qoyun mən qayıdıb baş nazir Hikmətyarla danışım, birinci mərhələdə 200 əfqan döyüşçü gətirilsin”. 


O vaxt Bakı Soyuducular Zavodunun Dəmirov soyadlı direktoru vardı, onun qardaşı Gözəl Dəmirov da Daxili İşlər Nazirliyində idarə rəisi idi. Gözəli göndərdim Əfqanıstana – Qəndahara. Danışıqlardan sonra ordan 250 nəfər muzdlu döyüşçü gətirildi. Ancaq mən işdən çıxandan sonra onlara yiyə duran olmadı və dağıldılar Azərbaycana. Qayıdıb gedənlər də oldu, burda azərbaycanlı qadınlarla ailə qurub qalanlar da. Mən onların biriylə Həcc ziyarətində olduğum zaman rastlaşdım. Məkkədə "Əl – Haram” məscidinə namaz qılmağa getmişdik. İçəri daxil olan kimi bir ucaboylu cüssəsli şəxs mənə yaxınlaşıb salam verdi. Soruşdum ki, "kimsən, səni tanıya bilmədim”. Dedi, "mən Azərbaycanda sizin rəhbərliyiniz altında döyüşmüşəm. Azərbaycandan xəbərimiz var və gözdə - qulaqdayıq ki, ikinci Qarabağ savaşı başlasın, gəlib qardaşlarımızın qisasını alaq””.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər