Ru
18:13 / 29 Mart 2017

İlin ən çox danışılan adamının uğur hekayəsi - Trampın kitabı ana dilimizdə

3352
Qanun Nəşrlər Evində yeni kitablar işıq üzü görüb. 


BakiPost.az xəbər verir ki, oxucuların ixtiyarına verilən kitab Platonun "Sokratın Apologiyası”,  Donald Trampın "Heç vaxt təslim olma”, Ayxan Ayvazın "Buri” və Elxan Şahinoğlunun "Aprel Atəşkəsi” adlı kitablarıdır. 


Platon ilk dəfə "QANUN DÜŞÜNCƏ DAHİLƏRİ”ndə!


Bizim eradan əvvəl 469–399-cu illərdə yaşadığı deyilən Sokrat fəlsəfədə etik-əxlaqi kateqoriyaların sistemli şəkildə araşdırılması ilə ilk dəfə məşğul olmasıyla tanınır. Sokratı fərqləndirən bir cəhət də onun şərlənərək edam olunan və ölümdən qaçmaq imkanından yararlanmayıb, onu "könüllü” qəbul edən ilk filosof olmasıdır. Ən qəribəsi isə Sokratın mühakimə olunub edam edildiyi Afina şəhər dövlətinin o dövrün ən demokratik toplumlarından biri olmasında idi. Sokrat ilahidən gələn bir səsin təhriki ilə hərəkət etdiyini deyir və yorulmadan insanlar arasında düzlük, doğruluq, dürüstlük və biliklərə yiyələnmək istiqamətində təbliğat aparırdı. Onun daha bir qəribəliyi bilik öyrənmək üçün yanına gələn şagirdlərindən pul götürməməsi idi. Sokrat birbaşa polemikaya girib savadsız və ədalətsiz olduqlarını sübut etdiyi siyasi elitanın qəzəbinə tuş gəlmişdi. Uzun illər boyunca bu mürtəce qüvvələrin təqibləri və qarayaxmaları ilə üzləşən Sokrat doğru bildiyi yoldan çəkilməmiş, ölüm qorxusu belə onu tutduğu yoldan döndərə bilməmişdi. Oxuyacağınız bu kitabda Sokratın şagirdi olmuş, antik fəlsəfənin ən görkəmli nümayəndəsi sayılan Platonun Sokratın məhkəməyə çəkilməsi və öldürülməsi ilə bağlı hadisələrdən danışan dörd dialoqu verilib. 


Tərcümə Araz Gündüzə aiddir.



İlin ən çox danışılan adamının uğur hekayəsi!


Heç vaxt təslim olma – Donald Trump


"Heç vaxt təslim olma” kitabı Donald Trampın dramatik hekayəsindən bəhs edir. Burda o, ən böyük çətinliklərindən, ən kritik anlarından və ən kobud səhvlərindən söz açır, kreativliyinə və dönməzliyinə arxalanaraq məğlubiyyəti necə qələbəyə çevirdiyindən bəhs edir. Kitabın hər fəslində Trampın kariyerasındakı bir ilhamverici hekayə təsvir olunur. Hər fəslin sonu fəlakət araşdırmaçısı və yazıçı Paul Stoltsdan mütəxəssis rəyi ilə bitir. 


"Heç vaxt təslim olma” kitabı ilhamverici olmaqla yanaşı oxucuya şəxsi çətinlikləri, səhvləri və zəiflikləri üzərində qələbə çalmağa kömək edəcək.


Tərcümə Rəfiqə Məmmədovaya məxsusdur.


Buri – Ayxan Ayvaz


Bu kitabda gənc yazıçının hekayələri toplanıb. Fərqli, müxtəlif mövzuları əhatə edən hekayələr oxucuları gah güldürəcək, gah da kədərləndirəcək. 


Hekayələrin qəhrəmanları uşaq kimi sadəlövhdürlər. Onlar açıq qapıdan uşaq saflığı ilə həyata tamaşa edirlər. Həyat onlara bəzən komik, bəzən tragikomik, bəzən də faciəvi görünür. Bu saflıq onları çətin vəziyyətə salır. 


Hekayələri oxuyanda görəcəksiniz ki, əslində o qəhrə­manlar sizlərsiniz və bu kitab elə sizin həyatınızdır. 


APREL ATƏŞ(KƏS)İ – Elxan Şahinoğlu


2016 yadda qalan il oldu. Cəbhə bölgəsində 4 günlük aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yük­səkliyi yaratdı. "Əgər strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar” fikri cəmiyyətə hakim oldu. Ancaq 2016-cı ildə ümidlə yanaşı ümidsizlik də yaşandı. Aprel savaşından sonra böyük dövlətlərin işğalçı Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı. Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər - Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarını Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı.


Aprel döyüşlərindən sonra Rusiya Ermənistana hərbi dəstəyini artırdı. Rusiya Ermənistanda əvvəlcə "İsgəndər” raketlərini yerləşdirdi, daha sonra silah almaq üçün İrəvana 200 milyon dollar kredit ayırdı. Üstəgəl, rusiyalı rəsmilərin il ərzində verdiyi açıqlamalar Moskvanın münaqişənin həllinə marağının olmadığını göstərdi. 


Rusiyanın Ermənistanda "İsgəndər” raketlərini yerləşdirməsi yaxın tarixdən başqa bir hadisəni xatırlatdı. Mərhum dövlət başçısı Heydər Əliyev Moskvanın keçmiş meri Yuri Lujkovla Bakıda görüşərək, ona Rusiyanın Ermənistana verdiyi qanunsuz silahların geri qaytarılmasında heç bir nəticə əldə olunmadığını, əksinə, bu ölkəyə S-300 raket komplekslərini, yeni MiQ qırıcılarını göndərdiyini vurğulayır. Heydər Əliyev etirazını bu şəkildə bildirir: "Başa düşmürəm, Rusiyanın silahları bu qədər çoxdur ki, istədiyi ölkəyə paylayır? Bu siyasət düzgün deyil. Əksinə, Qafqazı silahsızlaşdırmaq, bölgədə sabitlik yaratmaq gərəkdir”. Cavabında məsələyə açıqlama vermək səlahiyyətində olmadığını bildirən Yuri Lujkov isə ikiüzlülük edir. Çünki bundan bir qədər əvvəl İrəvana səfər edən Moskvanın keçmiş meri ölkəsinin Ermənistanla hərbi əməkdaşlığından məmnun qaldığını bildirmişdi. 


Ermənistan müstəqillik qazandıqdan bu yana Rusiyanın dəstəyinə görə özünü arxayın hiss edir. Rusiya Ermənistan üzərindən dəstəyini çəkərsə, Azərbaycan qısa müddətdə torpaqları işğaldan azad edə bilər. Bunun üçün ordunun tamamən Dağlıq Qarabağı azad etməsinə də ehtiyac yoxdur. Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək məqsədilə həyata keçirəcəyi uğurlu əməliyyatlar rəsmi İrəvanın danışıqlardakı mövqeyini dəyişəcək. Onsuz da hadisələrin inkişafı məhz buna doğru gedir. 


Beynəlxalq təşkilatların xətti ilə 1998-ci ildə Er­mə­nistana getdim. İrəvanda Ermənistanın o zamankı prezidenti Robert Köçəryan və o zamankı daxili işlər və təhlükəsizlik naziri, indiki prezidenti Serj Sərkisyandan müsahibə almaq imkanım oldu. Hər iki müsahibim suallarıma cavab olaraq "xalqların özmüqədərratını təyin etmək hüququ var” deyib dururdular. Ancaq onlara "xalqların özmüqədərratını təyin etmək hüququnun” azərbaycanlılara qarşı soyqırımlar, etnik təmizləmələr və Dağlıq Qarabağa aidiyyəti olmayan ərazilərin işğalı hesabına başa gəldiyini xatırlatdıqda əsəblərini cilovlaya bilmədilər. Hər ikisinin cavabı oxşar idi: "Biz nə əldə etmişiksə, qanla əldə etmişik”. Yəni demək istəyirdilər ki, "vuruşmuşuq, döyüşmüşük, insanları öldürmüşük, etnik təmizləmə həyata keçirmişik, ətrafı da işğal etmişik” və buna görə masa üzərində istədiklərimizi əldə etmədən geri addım atan deyilik. İllərdir danışıqların nəticəsiz qalması separatçıların məhz bu baxışının dəyişməməsi ilə əlaqəlidir. Elə bilirlər ki, həmişə belə olacaq, status-kvonu sonsuza qədər uzatmaq mümkündür. 


Ermənistanda hardasa anlayırlar ki, hər istiqamətdə itkiləri çoxdur, müharibə vəziyyətində səfalətdən yaxa qurtara bilməyəcəklər, demoqrafik vəziyyətləri bərbaddır, Azərbaycan və Türkiyə ilə düşmənçilik on­ları geri salır, 1990-cı illərin əvvəllərində əldə etdiyi "qələbə” onları məğlubiyyətə aparır. Buna rəğmən, öz əhalisini əsarətdə saxlayan separatçılar məntiqin gücünü qəbul etmək istəmirlər. Demək, bizim amalımız həmin məntiqi zorla separatçılara anlatmaq olmalıdır.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər