Ru
12:01 / 27 Mart 2017

İcra başçısı avtobus qiymətlərini qaldırdı - Nazirə şikayət

3004
Biləsuvar rayonunda kəndlər arası marşrut avtobuslarının qiymətləri artırılıb.

 

Bu barədə BakiPost.az-a rayonun Çaylı kəndinin sakinləri məlumat verib. Sakinlər qiymətlərin qeyri-qanuni şəkildə artırıldığını iddia ediblər: "Çaylı kəndində sərnişindaşıma ilə məşğul olan mikroavtobusların sürücüləri (sahibləri) qeyri-qanuni olaraq qiymət artımı ediblər. Əvvəllər məsafədən asılı olmayaraq qiymət 20 qəpik olduğu halda, hazırda 30 qəpikdir”. 


Kənd sakinləri bununla bağlı icra hakimiyyətinə öz narazılıqlarını bildirdiklərini vurğulayıblar: "Amma müraciətimizə əhəmiyyət verən olmayıb. Heç kim məsələ ilə maraqlanmır. Çünki bu qiymət artımı rayon rəhbərliyinin istəyi ilə baş tutub. Hamı bilir ki, icra başçısının icazəsi olmadan belə bir addımı atmağa heç kim cürət etməz.  Hazırda da gediş haqqı 30 qəpikdir. 


Ümumiyyətlə, Tarif Şurasının qoyduğu qiymətləri icra etmirlər. Belə ki, Çaylı kəndinin marşrut xəttinin uzunluğu təqribən 8 km-dir. Belə olan halda Tarif Şurasının qoyduğu qiymətə uyğun olaraq gediş haqqı 20 qəpik olmalıdır”.


Şikayətçilər bildiriblər ki, məsələ ilə bağlı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət ediblər. 


*** Biləsuvar rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı BakiPost.az-a verilən açıqlamada hazırda araşdırma aparıldığı qeyd olunub: "Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Həmin kənddə yoxlamalar gedir. Problem yerindəcə araşdırılacaq. Amma bununla bağlı bizə müraciət edən olmayıb. Əgər kiməsə müraciət ediblərsə, həmin şəxsin adını desinlər. Biz də bilək ki, kim bu işə bu cür etinasız yanaşıb. Bu məsələnin birbaşa icra hakimiyyətinə aidiyyəti olmasa da, həmişə nəzarət etmişik. Ola bilsin ki, sürücü kimdənsə 30 qəpik çıxıb. Ancaq ümumi olaraq yol pulunun 30 qəpik olması mümkün deyil. Çünki uzaq kəndlərə belə gediş haqqı 20 qəpikdir”.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər