Hosteli “postel” kimi anlayanlar

Raminə Eyvazqızı

1909-cu ildə alman müəllim Rihard Şirman kasıb şagirdlərini gəzməyə aparır, gecələməyə yerləri olmayanda məktəbə sığınırlar. Sonradan məktəbə yaxın kiçik otaq tikən Şirman gecə düşəndə partaları uşaqlar yatsın deyə həmin evciyə, səhər isə yenidən məktəbə gətizdirir. Beləcə hostel ideyası ilkin mənada pulu çatmayan üçün yatmağa yer kimi ortaya çıxır. Bədbəxt Şirman nə bilərdi ki, iki əsrdən sonra Azərbaycanda hostel haqqında qara düşüncələr hökm sürəcək. 

Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizmin inkişaf etdirilməsində bahalı, iri otellərlə (çoxu boş qalıb) yanaşı ucuz qonaqlama obyektlərinin-hostellərin də yaradılmasına əl qatıb. Belə də olmalıdır. Bizə gonaq gələn hər kəs varlı ərəb deyil axı, bunun orta imkanlı turisti də var. Dünyanın istənilən ölkəsində belə obyektlər var, bu da cibinə görə gəzib-dolaşan binəva turistlərə sərf edir. Gəzəyən turist üçün tək gecə yatmağa yeri olsun, səfər etdiyi ölkəyə xoruldamağa gəlməyib ki... 

Bizim sadə vətəndaş da son vaxtlar Avropa ölkələrinə üz tutanda bahalı otellərə əli çatmadığından hostellərin yerini öyrənməyə çalışır. Hostel-ümumi, birgə yaşayışı təmin edən otaqlardan ibarət olur. Başqa sözlə, yataqxana tipli obyektdir. Bizimkilər "saray" sözünü ingiliscədə eyni mənanı verən "palace" sözünə çevirən kimi, yataqxana kəlməsini də beynəlxalq hostel sözünə uyğunlaşdırmalı oldular. Hostel sözünün Azərbaycan mentaliteti ilə uzaqdan- yaxından hansısa əlaqəsi olmasını isə indi-indi eşidirik. 

Daxili İşlər Nazirliyi rəsmisinin "hostel xalqımıza xas xüsusiyyət deyil" fikri gülməlidir. Qınamalı deyil də. Xaricə gedəndə ən bahalı oteldə qalmağı fəxr edənlər üçün hostel qayğısı olmaz ki...  Amma hostel barədə fikir yürütməkdə gecikmisiz, cənablar. Dünyanın  nəhəng "hostelworld" (dünya hostelləri) informasiya portalı fəaliyyət göstərir. Səyahətçilər bu portal vasitəsiylə 170 ölkənin uyğun hostelini tapıb, gecələyə bilərlər. Azərbaycandan da həmin portalda 13 hosteldən fəaliyyətdə olan 11-i haqqında məlumat var. Dünya qiymətlərinə uyğun olaraq 8-38 avro arasındadır. Bəziləri lap otel otağını xatırladır. Evini hostelə çevirib "xaltura" edənlər də  var. Yenə standartlarda ilişib qalırıq. Bizdə hələ otelçilik  formalaşmayıb, bəzi otellər ulduzunun sayına yaxşıca pul sayıb. Beşulduzlu oteldə ulduzun mənası qonağa verilən ucuz diş fırçası ilə ölçülür, xidmətin səviyyəsi bərbəzəkli qab qacağa görə qiymətləndirilir, yaxud bəzi otel xidmətçiləri  hələ də dost-tanışdan, qohumdan seçilir, otel restoranında diş çöpü üçün barmenə üz tutmaq lazımdırsa, hostel də bəziləri üçün  həm yaxşı, həm də pis mənada "postel" kimi görünəcək.  

İndi Daxili İşlər Nazirliyi ölkədə hostel obyektlərinin genişləndirilməsinə fikir bildirməmişdən qabaq 2014-cü ildə ilişib qalan insan alveri barədə statistika (rəsmi saytında) ilə məşğul olardı. Fikrimcə, hostel xofu insan alveri məsələsi ilə daha yaxınlıq təşkil edir. Hosteldə reyd aparmaqdan qabaq, çayxana, yeməkxana və restoran kabinetlərində yoxlama  aparılsa, oradakı vəziyyətin mentalitetə daha çox zərər verdiyini görmüş olarlar. Hosteli "postel" sözü ilə yaxşı mənada qarşılaşdırmaq lazımdır. Hostel- pul verib özünə kirayə çarpayı götürməkdir, vəssəlam.
 
Qafqazinfo.az
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər