Ru
11:11 / 06 Yanvar 2017

“Hökumət bu siyasəti yaxşı apara bilmir…” - Vahid Əhmədov

4306

Xəbər verdiyimiz kimi, iqtisadçı ekspert Vüqar
Bayramov manatın taleyi ilə bağlı bədbin proqnozlarla çıxış edib. O, modern.az
saytına açıqlamasında Mərkəzi Bankın liberal məzənnə siyasətinə keçəcəyi halda
dolların 2,20-2,50 manat arasında bahalaşacığını deyib.

Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov
hesab edir ki, Mərkəzi Bank belə bir addım atmayacaq: "Mən inanmıram ki, liberal
məzənnə siyasətinə keçid baş versin və 1 dollar 2 manat 20 qəpiklə 2 manat 50 qəpik
arasında dəyişsin. Ümumiyyətlə, Strateji yol xəritəsində məzənnə siyasətinin
2017-ci ildə dəyişdirilməsi göstərilib. Hesab edirəm ki, hardasa ilin ikinci
yarısında manat buraxılması, yəni öz bazar dəyərini alması üçün sərbəst olacaq.
Bu dəyərin nə qədər olub-olmayacağını bazar müəyyənləşdirir”.


Deputat hazırda neftin qiymətlərinin qalxmasının Azərbaycan
üçün müsbət hal olduğunu bildirib:
"Həmçinin idxal və ixrac əməliyyatlarının
hansı səviyyədə olacağı da əsasdır. Əgər ixrac idxalı üstələyəcəksə, bu, manatın
müəyyən qədər möhkəmlənməsinə kömək edəcək. Yəni, manatın ciddi ucuzlaşması və
dəyərdən düşməsi baş verməyəcək. Bu isə hökumətin apardığı siyasətdən asılı
olacaq. Bu siyasət müsbət istiqamətdə olarsa, əlbəttə manata ciddi təsir etməz.
Amma müəyyən qədər də olsa ucuzlaşma baş verəcək”.


Vahid Əhmədov bildirib ki, Azərbaycanda
dollarlaşmanın ən yüksək həddə olması banklara və manata etibarın olmaması ilə
bağlıdır:
"Biz manata olan etibarı bərpa edə bilmədik. Manat faktiki olaraq
hazırda gündəlik ucuzlaşmaqda davam edir. Ona görə də insanlar manata və
banklara etibar etmirlər. Vəsaitlərini dollarla saxlayırlar. Buna görə də hökumət
müəyyən tədbirlər görməlidir. Banklar da insanlara dollarla kreditlərin
qaytarılmasında güzəştə getməlidir ki, onlara etibar qalxsın. Bu hal baş verərsə,
dolların qiymətinin əks istiqamətdə də getməsi mümkündür. Hələlik hökumət bu
siyasəti yaxşı apara bilmədiyi üçün belə hal baş verir”.


Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər