Hindistanlıları aldadıb, Azərbaycana gətirdilər - Cinayətkarlardan ibarət dəstə ələ keçirildi

2240
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan vətəndaşının saxlanılması ilə bağlı birgə məlumat yayıb.

BakuPost-un xəbərinə görə, birgə məlumatda bildirilir ki, qanunsuz miqrasiyaya qarşı Dövlət Miqrasiya Xidməti tərəfindən 29 yanvar - 1 fevral 2018-ci il tarixlərdə keçirilmiş tədbirlər nəticəsində mütəşəkkil dəstədə birləşmiş bir qrup şəxs tərəfindən 2017-ci ilin oktyabr ayından başlayaraq Hindistan Respublikasının 89 vətəndaşının külli miqdarda pul vəsaitlərinin ələ keçirilərək Azərbaycan Respublikasında işlə təmin edilməsi adı ilə Bakı şəhərinə turist kimi gətirilmələri, yerləşdirilmələri, viza müddətləri bitməsinə baxmayaraq Azərbaycan ərazisində qanunsuz qalmaları müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını dələduzluqla ələ keçirmə), 318-1.2.1 və 318-1.2.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz miqrasiyanın təkrarən təşkili) maddələri ilə cinayət işi başlanaraq prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Cinayət işi üzrə miqrantların saxlanıldıqları ünvanlarda, qanunsuz miqrasiyanı təşkil edən şəxslərin yaşayış ünvanlarında baxış, axtarış aparılmış, dindirmə və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, iş üçün əhəmiyyəti olan zəruri sənədlər götürülüb.

Aparılmış ilkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, Hindistan Respublikasının vətəndaşı Mohammad Sakir və digərləri Hindistan vətəndaşlarını işlə təmin etmək vədi ilə Azərbaycan Respublikasına gəlmələrini, onların hava limanında qarşılanmalarını, əvvəlcədən müəyyən edilmiş yaşayış sahələrində yerləşdirilmələrini təşkil edərək, ölkədə yaşamalarının qanuniləşdirilməsi üçün hər birindən 400-800 ABŞ dolları məbləğində pul alıblar.

Aparılmış istintaq zamanı həmçinin, qeyd olunan cinayət xarakterli əməllərdə Azərbaycan Respublikasının bir sıra vətəndaşlarının da iştirakının qeydə alınması, əcnəbilərin ali təhsil müəssisələrinə qəbul edilmələrini təşkil edəcəyini vəd etmələri, onların bir çoxunun Ramana və Balaxanı qəsəbələrində yerləşdirilməsi, eləcə də onlara Azərbaycan Respublikasında neft sahəsində fəaliyyət göstərən şirkətin adından guya işlə təmin olunmalarına dair saxta sənədlərin də təqdim olunduğu müəyyən edilmişdir.

Cinayət işi üzrə Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz, Hindistan Respublikasının vətəndaşları Mohammad Shakir, Alimuddin Shaikh, SK Allarakhanın mütəşəkkil dəstə tərkibində qanunsuz miqrasiyanın təşkili və özgənin külli miqdarda əmlakını dələduzluqla ələ keçirmə əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin cinayət əməllərinə məruz qalmış Hindistan Respublikasının vətəndaşları zərərçəkmiş şəxs qismində tanınmaqla, onların, eləcə də təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan, hüquqi yardım almaq, tərcüməçinin xidmətindən istifadə etmək və sair hüquqları tam təmin edilmiş, zəruri ərzaq, geyim və tibbi təminatlarla əhatə olunublar.

Mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq zəruri istintaq hərəkətlərinin icrası yekunlaşdıqdan sonra, cinayət əməllərindən zərər çəkmiş şəxslərin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərindən vətəndaşı olduqları ölkəyə göndərilmələri qısa müddət ərzində təmin olunacaq.

Hazırda cinayətin iştirakçısı olan digər şəxslərin dairəsinin tam müəyyənləşdirilməklə əməllərinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir.

Miqrasiya qanunvericiliyini pozmuş şəxslər barəsində Xarici İşlər Nazirliyi vasitəsi ilə Hindistanın Azərbaycandakı səfirliyi məlumatlandırılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər