Ru
23:26 / 26 Aprel 2017

Heyvanların “evləndirilməsinə” dinimiz nə deyir?

1599
Bu günlərdə Goranboy rayonunda bir biznesmenin itlərinə toy etməsi xəbəri ictimaiyyətdə geniş müzakirələrə yol açdı. Biznesmenin itlərinə tort, plov və kabab bişirtdirməsi, məclisdə iştirak edən qonaqların itlərin şəninə sağlıq deyib xoşbəxtlik arzulaması və sairə... - bütün bunlar ölkəmizdə görünməmiş olay idi. 


Buna qədər isə bəzi sənətçilər də heyvanlarına toy edəcəyi ilə bağlı yarı-zarafat, yarı-ciddi açıqlamalar vermişdilər. Məsələn, ötən il əməkdar artist Elza Seyidcahan pişiyinə toy etmək arzusunda olmağı ilə bağlı açıqlama vermişdi. Bəstəkar-müğənni artıq toya dəvət edəcəyi sənətçilərin də siyahısını açıqlamışdı: müğənni Ceyla, pişik Günel, əjdaha Nadir, Səməd Səmədovun özü də zamanında itinə toy etmək istədiyini bildirmişdi.


Ümumiyyətlə isə dünyanın bir çox ölkələrində öz heyvanlarına toy etmək zəngin insanlar arasında sanki bir dəb halını alıb. Xüsusən də Avropa ölkələrində bu cür mərasimlər təşkil edilir, heyvanlar üçün restoranda toy məclisi təşkil olunur, çoxsaylı qonaqlar dəvət olunur, nikah kəsilir, "evləndirilən” heyvanlar üçün tort kəsilir, sağlıqlar deyilir, onlara bahalı hədiyyələr verilir, toy gəzintisi keçirilir. Dünya ölkələrində bu cür nümunələrə tez-tez rast gəlinir.


Hələ ötən ay Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında iki it üçün səs-küylü bir toy mərasiminin keçirilməsi ilə bağlı dünya mətbuatında məlumat yayılmışdı. Məlumata görə mərasimə 5 min nəfər qonaq qatılıb. Maraqlıdır ki, toyun daha şən keçməsi üçün dicey də çağırılıb. Həmçinin toyda qədim hind ənənə və ritullarına əməl edilib, sanki insanlar arasında nikah bağlanıb.


Doğrudur, dünya ölkələrində bu cür nümunələr olsa da ölkəmizdə it toyunun keçirilməsi ilk dəfə idi ki, baş verirdi və buna görə geniş rezonans doğurdu və heç də birmənalı qarşılanmadı. Xüsusən də iqtisadi böhran hökm sürdüyü zamanda bu cür mərasimin keçirilməsi ictimaiyyətdə qıcıq doğurdu. Fikirlər səsləndi ki, yoxsul şəxslərə, ailələrə əl uzadılsaydı daha mərhəmətli olardı, nəinki itinə dəbdəbəli toy keçirmək.


Maraqlıdır, bəs dinimiz heyvanların "evlənməsini” necə qarşılayır?


Ümumiyyətlə, öncə evdə itin saxlanılma məsələsinə gəldikdə bildirək ki, dini ekspertlər həyətdə it saxlamağın dini baxımdan bir problemi olmadığını deyirlər. İtin köməyindən ov da etmək olar. Amma ovu şəriətə uyğun aparmaq lazımdır. Xüsusən də ov edilən heyvan itin dişlərinin yarasından ölməməlidir. İtin ağız suyu murdar hesab edildiyindən qaydaya görə onun ağzı dəyən heyvanı da bişirməzdən qabaq pak etmək lazımdır.


İstər ov iti, istərsə də ev itinin evin içində saxlanılmasının dinimizə zidd olduğu deyilir. İti (istər ov iti, istərsə də ev iti olsun) evin içində saxlamaq qəti surətdə İslam dininə ziddir. Çünki itin rütubətli halda toxunduğu hər şey murdar olur (eynilə donuz kimi). Yəni məsələn, it bədənini nəm şalvara sürtsə, şalvar pak edilməlidir. Ya da məsələn, itin bədəni (və ya tükləri) hər hansı səbəbdən yaş olsa, quru əşyaya toxunanda o əşya da murdar olur və paklanmalıdır. Itin tükü yapışmış paltarda namaz qılmaq batildir. İtin yemək yediyi, su içdiyi, yaladığı qab adi su ilə yumaqla pak olmur. Onu əvvəlcə torpaqla möhkəm sürtmək, sonra suda iki dəfə pak etmək lazımdır.


İtlərə toy edilməsinə gəldikdə isə, ilahiyyatçılar qeyd edirlər ki, nə İslam, nə də digər dinlərdə bu məsələnin qadağan və ya günah olması ilə bağlı məlumat yoxdur.

 

Musavat.com
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər