Ru
16:12 / 09 Dekabr 2016

Həmsədrlərdən Azərbaycana ultimatum

1511

"Həmsədrlərin
bu dəfəki ortaq bəyanatı Azərbaycana ultimatumdur”.

BunuBakiPost.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan
Şahinoğlu deyib. Onun sözlərinə görə ATƏT-ə sədr seçilən Avstriyadan nəsə gözləməyə
dəyməz: "Almaniyanın Hamburq şəhərində ATƏT
Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası davam edir. Almaniyanın ATƏT-ə
sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni heç nə gətirmədi. Hamburq
toplantısından sonra ATƏT-ə sədrlik Avstriyaya keçir. Ancaq bu ölkənin də çox təşəbbüskar
olacağını gözləməyə dəyməz. ATƏT-də sədrlik simvolik mahiyyət daşıyır.
Qazaxıstan ATƏT-ə sədrlik edəndə Astanadan daha çox gözlənti var idi. Çünki,
Qazaxıstanın Azərbaycan və Ermənistanla müxtəlif siyasi, iqtisadi və hərbi
platformalarda yer alıb və Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu
münaqişə haqqında daha çox bilgilidir. Ancaq Astananın də təşəbbüsləri boşa
çıxdı.


ATƏT
toplantılarında iştirak edən Minsk Qrupu həmsədr dövlətlərinin ya dövlət
başçıları, ya da xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlliylə
bağlı adətən ortaq bəyanatla çıxış edirlər. Hamburqdakı toplantıya dövlət
başçıları qatılmayıblar. Ona görə də budəfəki ortaq bəyanat Rusiya və Fransa
xarici işlər nazirlərinə, o cümlədən ABŞ dövlət katibinə aiddir. Maraqlıdır ki,
Suriyadakı müharibəyə, Krımın işğalına və Donbasdakı duruma fərqli baxan
Rusiya, ABŞ və Fransa Qarabağ məsələsində yekdil mövqe ortaya qoyurlar. Ancaq
bu mövqenin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri yoxdur. Əksinə,
3 ölkənin diplomatik qurumları rəhbərlərinin budəfəki ortaq bəyanatının mətni
Azərbaycana qarşı ultimativ tonda yazılıb”.


Elxan
Şahinoğlu hesab edir ki, bəyanat sanki Azərbaycana xəbərdarlıq mahiyyəti
daşıyır:
"Doğrudur, mətndə konkret ölkələrin adı çəkilmir ki, Azərbaycanın və
ya Ermənistanın məsuliyyəti vurğulansın. Ancaq bir neçə cümlədə Azərbaycana
eyham vurulduğunu aydınlaşdırmaq mümkündür. Məsələn "münaqişənin hərbi yolla həlli
yoxdur” ifadəsi Azərbaycana mesajdır ki, "torpaqları güc yolu ilə azad etməyə
çalışmayın”.

Bəyanatdakı
"biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu
şiddətlə pisləyirik” ifadəsi də qeyri-müəyyəndir. Döyüş meydanında tərəflər
bir-birlərini öldürməyə çalışırlar. Bu hər yerdə belədir. Rusiya və ABŞ təyyarələri
Suriyanın və ya İraqın müxtəlif məntəqələrini bombalayanda mülki əhali arasında
da itkilər olur. Hər belə bombardmandan sonra Suriyada və İraqda yüzlərlə dinc
sakin həlak olur.



"Biz tərəfləri
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi
istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair
mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq” fikri də
birbaşa Azərbaycana ünvanlanmış mesajdır. Çünki, rəsmi Bakı cəbhə bölgəsindəki
toqquşmaların qarşısını almaq üçün monitorinqin keçirilməsində maraqlı deyil.
Bu monitorinq işğalın rəsmiləşdirilməsi və Azərbaycanın torpaqları geri qalmaq
hüququnun əlindən alınması deməkdir.



"Danışıqlar
prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması
perspektivləri artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq” – bu
cümlənin birinci hissəsi elə həmsədrlərin özlərinə aiddir. Çünki danışıqlar
prosesində irəriləyişin əldə olunmamasına görə onlar da məsuliyət daşıyırlar.
Cümlənin ikinci hissəsi də qeyri-müəyyəndir. Çünki həmsədrlər aprel döyüşlərinə
görə Azərbaycanın və Ermənistanın eyni məsuliyyət daşıdıqlarını bildirdilər.
Belədirsə, həmsədrlər cəbhə bölgəsində növbəti toqquşmaya görə də məsuliyyəti
ancaq bir dövlətin üzərinə qoymayacaqlar. Cəbhə bölgəsində vəziyyət bu gün də gərgindir,
üstəlik Ermənistan prezident Serj Sarkisyan Hamburqda ATƏT toplantısı davam edərkən,
Dağlıq Qarabağda hərbi müşavirə keçirir. Bunun özü təxribatdır. Ancaq bu təxribatına
görə ATƏT həmsədrləri Serj Sarkisyana etiraz etmirlər”.



Politoloq
vurğulayıb ki, həmsədrlərin bəyanatının sonuncu abzası münaqişənin necə həll
olunması mexanizminə həsr olunsa da, bu hissədə yeni heç nə yoxdur:
"Madrid
planında nə varsa, həmsədrlərin sonuncu abzasında yer alıb. Həmin abzasdakı
bircə maddədən başqa bütün digər maddələr Azərbaycan üçün münasibdir. Həmin
cümlədə "gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi
yolu ilə yekun statusunun müəyyənləşməsi” ifadəsindən ibarətdir. Rəsmi Bakı bu
maddəni belə görür: "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ
öz statusunu müəyyənləşdirə bilər”.

Ümumiyyətlə,
beynəlxalq vasitəçilərin "ərazi bütövlüyü” ilə "xalqların öz müqəddəratını təyin
etməsi” prinsiplərini bərabər tutması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək.
Əslində ATƏT həmsədrləri ortaq bəyanatla yanaşı Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin bir araya gətirməli idilər. Bu baş vermədi. Buna görə isə Azərbaycan
məsuliyyət daşımır. Çünki rəsmi Bakı bu görüşün əleyhinə deyildi”.


Sevinc
Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər