Ru
16:59 / 23 İyun 2017

Havanın şıltaqlığı biznesmenlərə baha başa gəldi - Çimərlik alverçiləri ziyana düşüb

3789
Dəniz mövsümünün açılmasına baxmayaraq, havaların hər həftə sonu soyuq keçməsi, küləkli, yağışlı olması, insanların dənizlə bağlı planlarını alt-üst edir. Bütün həftə dənizə gedəcəyini planlaşdıran şəxslər, istirahət üçün başqa yerlərə üz tutmağa məcbur qalır.


Havaların şıltaqlıq etməsi təkcə paytaxt əhalisinin deyil, həm də biznesmenlərin əhvalını korlayır. Belə ki, dəniz qırağındakı obyektlərə külli miqdarda icarə haqqı ödəyən iş adamları, ötən il olduğu kimi, bu il də iyun ayını o yerlərdə təkbaşına keçirmək məcburiyyətində qalıblar. 


BakuPost.az iş adamlarının nə qədər zərərə uğradığıyla bağlı təxmini rəqəmlər öyrənmək üçün iqtisadçı-ekspert Natiq Cəfərlinin rəyini öyrənib. İqtisadçı bildirib ki, 35 min manata yaxın zərər etmiş icarədarlar var: "O yerlərin çoxu icarədədir. Özəlləşdirmədən sonra bəzi iş adamları, məmurlar və yaxud onlara yaxın şəxslər dəniz kənarında gedişli-gəlişli obyektlərin bir çoxunu özəlləşdirmişdilər və onları icarəyə verirdilər. İcarə haqları da kifayət qədər çox idi. Bu il isə bildiyim qədərilə icarə haqları keçən ilə nisbətən xeyli düşüb. Həm gedişin azlığına, həm də ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə görə. 


Qiymətlərə gəlincə, obyektdən obyektə ciddi fərqlər var. Yer var aylıq icarəsi 30-35 mindir, yer var 1000 manatdır. Baxır yerləşdiyi əraziyə, təmirinə və s. Bir çox amillərdən asılıdır”.

 



N. Cəfərlinin sözlərinə görə, icarədarlar havaların pis keçməsi ilə əlaqədar çox ciddi problemlərlə üzləşiblər: "Nə özləri qazana bilir, nə icarə pulunu vaxtı-vaxtında verə bilirlər, bu da böyük problemə çevrilib. Onlar ümid edirlər ki, ən azından yayın sonrakı mövsümündə, iyul-avqust aylarında heç olmazsa gediş-gəliş artdıqca həm özləri qazanacaq, həm də digər xərcləri çıxaracaqlar”.


İqtisadçı sözügedən obyektlərin icarə haqlarının bir az da ucuzlaşacağını proqnozlaşdırır: "Alıcılıq qabiliyyətinin aşağı düşməsi bahalı icarə haqlarının yenə də ucuzlaşmasına səbəb olacaq. Çünki icarədarlar işlədə bilmədikdə imtina edəcəklər, yerlərin sahibləri məcbur olub icarə haqlarını aşağı salmalı olacaqlar”. 


Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabah – yəni şənbə günü üçün havanın isti olacağını proqnozlaşdırıb. Belə ki, məlumata görə, Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.

 

Nigar Etibar

BakuPost
Havanın şıltaqlığı biznesmenlərə baha başa gəldi -  Çimərlik alverçiləri ziyana düşüb
Havanın şıltaqlığı biznesmenlərə baha başa gəldi -  Çimərlik alverçiləri ziyana düşüb
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər