Hamımız bir-birimizin bədbəxtliyində günahkarıq

Nərmin Dadaşova

Təxminən 3-4 həftə əvvəl hansısa balaca hadisə haqqında yüksək emosiya ilə fikrimi bildirirdim. Rəfiqəm sözümü ağzımda yarımçıq qoyub, "Narahatsan" dedi. İlahi, heç vaxt heç bir söz məni belə dəqiq ifadə etməmişdi. Həmin gündən bir müddət sizə yazmağı  tərgidib kənardan izləmək qərarını aldım. Çünki rəfiqəmin amansızlıqla mənə qoyduğu diaqnoz baş verən hər şeyə yanaşmama da təsir edirdi. İzləyici olduğum bu dövr xeyli hadisələr baş verdi, Ayselin atasını işdən qovdurduz, itinə toy edən iş adamını itin peşmanı etdiz, porşeli gənci həbsə məhkum etdiz. Çox yaxşıdı, ictimai qınağın aidiyyatı insanlara, qurumlara belə təzyiqi və təsiri - uğurdur.

 İndi sizə uzaqdan, mənim olmayan torpaqdan, mənim olmayan evdən, mənim olmayan adamların arasından Xarkov şəhərindən yazıram. Və bunca gözəlliyin- biri-birindən gözəl qadınların, təmiz küçələrin, gözəl təbiətin, xoşhal insanların arasında yenə də "bir ədəd narahat Nərmin" olaraq qalmaqdayam. Gah, gözləri, əlləri, saçları üçün darıxdıqlarımı xatırlayıb kədərlənirəm, gah yuxuda xəstə nənəmi görüb ağlamsınıram, qızlarımın iyi gəlir burnuma, səsi gəlir qulağıma tez-tez, üşütmə keçir bədənimdən.

Dünən şəhərin mərkəzindəki bizim İsmayıllı meşələrini xatırladan parkda var-gəl edirdim. Gözəl-gözəl qızlar, qoca-qoca qadınlar çimərlik paltarlarını geyinib otluğa uzanıb günəşlənirdilər. Keçən yay  ölkəmizin cənub bölgəsinin ən bərk gedən istirahət mərkəzlərindən birində geyinmə otağından hovuza qədər olan məsafəni beş metrəlik mələfəyə bürünüb hovuza  qaçmağımı xatırlayırdım baxdıqca. Bir də, evdən parka getmək üçün hazırlaşdığım o yarım saatda çıxardığım hoqqalar gəldi gözümün qabağına. Əvvəl saçımı yığdım, sonra açdım, sonra yenə yığdım, sonra açıb burdum, sonra buruqlarımı açdım - gözəl görünə bilmək üçün xeyli əlləşib-vuruşdum. "Axşam düşdü , Nərmin, parka gedirik də, özünə nə əl qatmısan" dedi yoldaşım. Bayırda hamı çox gözəldi-dedim. Yaman kədərli dedim amma "bayırda hamı çox gözəldi." 

Bayırda hamı ona görə çox gözəldir ki, heç kim onların özəl həyatına, geyiminə, nə iş gördüklərinə,kiminlə qucaqlaşıb kiminlə öpüşdüyünə qarışmır. Əylənmək istəyən əylənir, oxumaq istəyən bir ağacın altında dirsəklənib kitabını oxuyur, yatmaq istəyən otun üstünə sərələnib yatır, öpüşmək istəyən öpüşür, qucaqlaşmaq istəyən qucaqlaşır- yəni heç kimin içində qəfil ağacın dalından çıxan polis, hər an təpik atmağa hazır olan Xəqani müəllim, atam görsə öldürər qorxusu yoxdu. Balaca uşaqlara- nə qədər azad böyüdüklərinə, necə söz sahibi olduqlarına, ailədə necə  fərd olduqlarına baxıram. Bizi anamız yıxıldığımıza görə döyürdü, sonra ağladığımıza görə bir də döyürdü, yadındamı, oxucu dost? 

Bura gələndə Azərbaycanda daima istifadə elədiyim, artıq asılı hala gəldiyim sakitləşdirici dərmanlarımı gətirmədim. Onlardan qurtulmaq istəyirdim. Deyəsən bacardım. Çünki burdakı insanları, onların təfəkkürünü, azadlığını gördükcə hiss etdiyim aşırı narahatlığın, depressiyanın mənim şəxsi problemim olmadığını və bunu hansısa dərmanla çözə bilməyəcəyimi anladım.  Yəni mənim də, sənin də xilasımız bir-birimizdən asılıdır. Yaxanı kənara çəkmə oxucu dost, hamımız bir-birimizin bədbəxtliyində günahkarıq.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər