Ru
16:01 / 11 May 2017

Hafizin qəzəlləri küll halında çap edildi - İlk dəfə

5581
  Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunub.

 

BakuPost.az  xəbər verir ki, sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. 


Hafiz Şirazinin əsərləri hələ orta çağda dünyaya yayılıb, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunur. Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi mə-həbbət və rəğbətlə yanaşılıb, onun irsi öyrənilib, şeirlərinə nəzirələr yazılıb. Yeri gəlmişkən qeyd edək ki, şairin əsərlərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azərbaycan şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat edib) olub.

 

XX əsrdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi nəhəng söz ustalarımız onun yaradıcılığından bəzi poetik nümunələri dilimizə tərcümə edilib. Ancaq Hafiz Şirazi Azərbaycanda nə qədər sevilsə də, onun əsərləri küll halında indiyədək dilimizə çevrilməyib. 

 

Bunun əsas səbəbi Hafiz şeirinin poetik ruhunun, bədii siqlətinin tərcümədə saxlanmasının mütərcimlər üçün çətin olmasıdır. Şairin əsərlərinin tərcüməsi ilə ilk dəfə nisbətən əhatəli  şəkildə tanınmış şərqşünas alim Əbülfəzl Hüseyni məşğul olub. O, şairin 117 qəzəlini, bəzi saqinamələrini, qitələrini, rübailərini, bir məsnəvisini və bir çox şahbeytlərini dilimizə çevirib. 


Ancaq onu qeyd etməliyik ki, Hafiz ilk növbədə qəzəl şairidir. Bu qəzəllər onu dünyada tanıdıb, ona "lisan ül-qeyb” təxəllüsü qazandırıb. Onların sayını dəqiqləşdirmək mümkün olmasa da, Seyid Əbdürrəhman Xəlxalinin hazırladığı "Divane-Xacə Hafiz Şirazi” (Tehran 1928) adlı tənqidi mətndə onların sayı 496, Hüseyn Pəjmanın "Divane-Xacə Şəmsəddin Məhəmməd Hafez Şirazi” (Tehran 1939) kitabında isə 581 göstərilib. Bəziləri bu rəqəmi hətta minə çatdırırlar.        


 Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlayıb.

Nəşrin üstünlüyü ondan ibarətdir ki, burada hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilib, geniş şərh yazılıb. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva kitaba rəy verib. Kitabın elmi redaktoru, fil.ü.e.d., professor Rafiq Novruzovdur. 


Kitab Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş İslam Həmrəyliyi ilinə töhfə olaraq nəşr edilib. 


Hafizin qəzəlləri küll halında çap edildi  -  İlk dəfə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər