Ru
13:03 / 20 Yanvar 2017

Gözyaşı və nifrətdən başqa silahı olmayan xalq! - 20 Yanvar GİZLİNLƏRİ

9169

BakiPost.az
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 20
yanvar faciəsi ilə bağlı "And yerimiz” adlı yazısını təqdim edir.


AND YERİMİZ

Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını
qurumağa qoymayan 20 yanvar fəlakətindən sonra dilimdən qopan ilk söz budur!


İlk müraciətim də, verə biləcəyim ilk təsəlli və
təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır!


Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan
bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb:
ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı
olmayan, əli bağlı, lakin faciələrin içində də mənəvi gözəllik və mərdliyini
itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur bir xalq qalıb! Başı
olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi
olmayan, bir yarası sağalmamış yeni yaralar alan xalq!

Bir söz deyə biliriksə, ona çatır. Ayrı gümanımız
yoxdur! Ayrı ünvan axtarmıram!..


Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin
qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı
dilimdə donub qalan bu həqiqət idi: Xalqımın qanı tökülmüşdür! Göz yaşı yağışı
altında, gül-çiçək ümmanında ömrün son sahilinə üzən tabutların taleyə, dərdə,
düşmən niyyətinə xətt çəkən al-qırmızı bəzəyini, uşaqdan-böyüyə iki milyon
adamın üzündəki ifadəni görəndə bir daha inandım: Uduzduğumuzu uduzmuşuq,
bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!..


Bu milləti millət eləyən, min illərin
fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu.
Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm!

Gördüm ki, cavan ömrünü xalqına, yurdunun
azadlığına bağışlayanlar bir ata-ananın övladları deyil. Onları millətin taleyi
doğub.

Azərbaycanın bu başından o başına hüznlü-hüznlü
yellənən qara bayraqları, məhəllə-məhəllə qurulan çadırları, verilən ehsanları,
gecikmiş qəzetlərdə hələ faciənin yüzdə birini göstərə bilməyən şəkillərə baxan
kimi ürəyi gedən gül üzlü analarımızı-bacılarımızı görəndə başa düşdüm: Şəhid
ölümü son deyil, başlanğıcdır!

Elə bil torpağımız qısırlaşmışdı. Tökülən
qanlarımız onun bərəkətini qaytardı.


 

Şəhid dahilərimizdən biri – Şeyx Məhəmməd
Xiyabaninin sözləri yadıma düşdü: «Qurbanlar milləti təmizləyir!» Bilirsiniz nə
qədər ehtiyacımız var bu təmizliyə?! Qurbana yox, təmizliyə!..

Güney Azərbaycanın milli azadlıq hərəkatının başqa
bir qəhrəmanının sözü də təsəlliyə döndü: «Azadlıq ağacı cavanların qanı ilə
suvarılmadıqca bar verməz!..»

Azadlıq ağacımız quruyurdu yavaş-yavaş… Yanvar
ayında qırmızı çiçəklər açdı!.. Kaş ki,
qansız böyüsün, bar versin azadlıq ağacımız!

Biz ömrümüzü xalqımızın ürəyinin, ruhunun,
dünyasının axtarışına vermişik. 1990-cı ilin əvvəlində ən böyük xəzinəmizi, ən
tükənməz sərvətimizi kəşf etdik.

Varlığında dünyanın ən böyük təzadlarını yaşadan xalqım! Dahilərlə yanaşı
alçaqlara da süd vermisən. Milyonlarla övladının qanı və canı bahasına
qazandıqlarını asanlıqla hərraca qoyanların da var.

Qurbanlarının kəmükləri üstündə tikilən azadlıq
binasını sonra öz övladlarının əli ilə dağıtdırıblar.

Satqın bir rəhbər, başsız bir başçı, ipi
özgələrinin əlində olan bir «lider» sənin illər uzunu qurduğun bir körpünü
asanlıqla göyə sovurub. Qalmısan yenə əli qoynunda: o tayına, azadlığına,
ümidlərinə uzaqdan həsrətlə baxa-baxa!


Ancaq, alçaqların xalqa nə dəxili! Xalq – şəhid
olan, qurban gedən və dərd çəkəndir!

Boş əllə tankların yolunu kəsən, ürəyinə, gözünə,
açıq alnına sıxılan güllələrdən çəkinməyən oğul və qızlardır – xalq!

Bakının o ağır, qanlı günlərini görəndən sonra
özümüzü sanki yenidən dərk etdim.

Xətailərin, Nəsimilərin, Cavad xanların,
Sabirlərin, Mirzə Cəlillərin, Şeyx Məhəmməd Xiyabanilərin, Məmməd Əmin
Rəsulzadələrin, Üzeyir bəylərin, Cavidlərin hansı mənəvi gücdən yarandığı indi
mənə aydın oldu.

Bugünkü «zəifliyini» özünə sığışdırmayan və
əlacsızlığını dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl
qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bəzəyən bir
xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.

Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq
meydanının, Dağüstü parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək
xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil «açmışdı». Sanki
Azərbaycan torpağının özü köksündən yaralanmışdır və fışqıran qanı qərənfil
yağışı kimi iki milyonluq şəhərin başına yağırdı…


 

Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin
içində də gözəllik duyğusunu unutmayan, Şəhidlər Xiyabanına güldən hasar çəkən,
şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki
gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə gecə-gündüz
şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı,
namuslu övladlarının fədakarlığı qarşısında baş əyirəm.

Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin
arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam
hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: «Mənim bir oğlum
var, təsadüfən sağ qalıb. Sevinmirəm. Oğul böyüdürük torpaq üçün! Övladı yurdun
şəhidləri arasında yatan ana xoşbəxtdir».


Anaları bu cür düşünən xalq da xoşbəxtdir!

…Dəfn günü Şəhidlər Xiyabanında özünə yer tapa
bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və
bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı
onlara doğru çevirdi. Kimsə əlini qaldırdı, gül dəstəsini çətir kimi başına
tutdu. Bir an sonra xiyabandakıların qara geyimi görünməz oldu, sanki bir
dirijor çubuğunun işarəsiylə üstlərinə qırmızı gül «örpəyi» çəkmişdilər! Bu
boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudur – xalq dediyimiz!..


 

Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca
yerində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə 1990-ci ilin yanvar
şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşuq indi əyləncə
yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale
yeni bir «qulaqburması» verdi ki, indiki qurbanlarımızın hesabına bütün
şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri
olsun!..

* * *


Qanımız tökülmədən, qurban verilmədən ötüşmək
olmazdımı?

İndi bu sual milyonlarla adamı düşündürür.

Sumqayıt hadisələrinin kimlərin ssenarisi üzrə
qurulduğunu, Bakının iki ildən bəri sakitliyinin təəccüb doğurduğu, ona qarşı
ciddi təxribat hazırlandığını, Mərkəzin demokratiya oyununun kiminsə başında
çatlayacağını, rəhbərlərimizin qətiyyətsizliyinin fəlakətə apardığını bilə-bilə
necə oldu ki, belə bir tələyə düşdük, düşməni sevindirdik?..

Bu sualların hamısının cavabı veriləcək.

Gələcək üçün yeni «ağ ləkələr» qoyub getməyə
haqqımız yoxdur. Mərkəzi mətbuat bütövlüklə, respublika mətbuatı qismən
həqiqəti nə qədər cidd-cəhdlə ört-basdır etməyə çalışsa da, tarix özü sözünü
deyəcək…

Əvvəlcədən onu deyim ki, bəzi çıxışlardan keçən «bu
işdə hamımız günahkarıq, vaxtında birləşə bilməmişik, kütlənin qabağına
düşməmişik, silahsız cavanlarımızı ordunun qabağından çıxara bilməmişik» fikri
ilə mən də razıyam. Yəni, Azərbaycan Xalq Hərəkatı, əslində, xalqın bütün
intellekt, güc, zəka, siyasi mübarizə potensialını tam dolğunluğu ilə əks
etdirə bilmir. Bunun bir səbəbi Xalq Hərəkatını idarə edənlər arasında uzun
müddət mövcud olan qısqanclıq, «hegemonluq» iddiası («ziyalılar satqındır»,
«məndən düz adam yoxdur» və s.), digər səbəbi isə həmin real qüvvələrin,
ziyalıların, mütəxəssislərin, vəzifə sahiblərinin tərəddüdü, ətaləti,
cəsarətsizliyidir… Üçüncü bir səbəb də var: bu da müxtəlif rəsmi idarələrin
«saman altından su yeritməsi», Xalq Hərəkatında pozğunçuluq işi aparması, onun
sıralarına «öz adamları»nı doldurub təfriqə salmasıdır. Təəssüf ki, bu kənar
qüvvələr Xalq Hərəkatının bəzi liderlərinə də təsir göstərə bilib və müəyyən
parçalanmalara nail olub.



Xalq Hərəkatında resept vermək, hamını öz iradənə
tabe etmək olmaz. Demokratikləşmənin gözəlliyi rəngarəngliyindədir. Lakin
Azərbaycan xalqının tarixi durumu bütün şəxsi iddiaların üstündən xətt çəkən
vahid bir platformada birləşməyi tələb edir. Təəssüf ki, hətta ümumxalq taleyi
də bəzi adamların vəzifə ehtirasına, tayfa davasına, qazanmaq və ya siyasi liderlik
azarına üstün gələ bilmir. Buna görə də əsl can yanğısı ilə yaradılan
demokratik əsaslı təşkilatlarla «kooperativ cəbhələr», yüyəni özgələrinin
əlində olan təşkilatlar bir-birinə qarışır, pərakəndəlik camaatı çaşdırır.
Qarşılıqlı münaqişələrdə ümumi dərd unudulur, ən yaxşı adamlarımıza belə ləkə
yaxmaqdan çəkinməyən yalan və böhtan dolu yazılar baş alıb gedir.

Ağır yas günlərimizdə ümumi işimizə mane olan belə
dərdlərin təfərrüatına varmaq istəmirəm. Lakin gec-tez bu iş görülməlidir.
1988-ci ilin noyabr-dekabr hadisələri, sonrakı hərəkat, nəhayət, faciəli yanvar
günləri saf-çürük edilib qiymətləndirilməsə, kimin kimliyi bilinməsə, sabah
yenə kim daha bərk söysə, daha sürətlə uçuruma aparsa, milli qəhrəmana dönəcək,
real vəziyyəti görənlərə «qorxaq» və ya «xain» damğası vurulacaq, bu qədər
qurbanlardan sonra hər şeyi yenə də sıfırdan başlamalı olacağıq…

Yanvar faciələrinin günahını Azərbaycan Xalq
Cəbhəsinin boynuna yıxmaq istəyənlər də çoxdur. Ölkə başçısının çıxışlarında,
mərkəzi mətbuat səhifələrində hər yerdə AXC müxtəlif, bir-birinə zidd
mövqelərdən atəşə tutulur. Həbs olunmuş səbatsız Cəbhə üzvləri təzyiq altında
televiziya kamerası qarşısında oturdulur və məlum ssenari üzrə müsahibə
verirlər. Azərbaycanda demokratik hərəkatın başında dayanan Xalq Cəbhəsi
ətrafında məharətlə tor hörülür. Hətta Mərkəzdən gələnlərin çıxışlarında
açıq-aşkar bildirilir ki, AXC hakimiyyəti ələ almaq istəyirdi və o
dağıdılmalıdır.



Ola bilsin ki, bu fəlakətin qarşısını almaq və ya
itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi
ki, fövqəladə vəziyyət elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız
əhalinin üstünə düşmən ehtirası ilə tank sürüləcək, ölkənin bütün ordu növləri
iki milyonluq şəhərə basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə
aparan xalq – dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə
veriləcək, sırf simvolik xarakter daşıyan piket və «barrikadalar» - silahlanmış
düşmən cəhbəsi kimi «qəhrəmanlıqla» ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə
aman verilməyəcək? Kimin ağlına gələrdi ki, ziyalılarla, qadınlarla
görüşlərində dönə-dönə «arxayın olun, ordu Bakıya girməyəcək!» - deyənlər bir
gün sonra «öz vəzifələrini yerinə yetirib», Bakını ağlar qoyacaqlar? Kimin
ağlına gələrdi ki, ölkəni xarici düşmənlərdən qorumalı olan ordu öz
vətəndaşlarına qarşı bu qədər amansız ola bilər?


Kimin ağlına gələrdi… Lakin Xalq Cəbhəsinin İdarə
Heyətində nə isə bir fəlakətin yaxınlaşdığını başa düşürdük və buna öz
münasibətimizi bildirmişdik. Xalq Cəbhəsi bütün milli və ictimai münaqişələrin
siyasi danışıqlar yolu ilə, demokratik əsaslar üzərində aradan qaldırılmasına
çalışıb. Azərbaycan SSR Ali Sovetinin son sessiyaları buna misaldır. Lakin bu
yolda məğlubiyyətdən yaxa qurtara bilməyəcəklərini bilən bəzi rəhbərlər AXC-yə
quyu qazmağa başladılar. «Başqasına quyu qazan…» Buna görə də Cəbhənin bəzi radikal ovqatlı
nümayəndələri ilə «danışıqlar» başlandı. AXC İdarə Heyətinin xəbəri olmadan
Müdafiə Şurası və onun rayon şöbələri yaradıldı. Müdafiə Şurası fövqəladə
vəziyyətdə özünü müstəqil elan etdi və əslində AXC-nin iradəsinə, narazılığına
etinasızlıq göstərdi.


Yarım milyonluq bir mitinqdə milli səfərbərlik elan
edildi, silah söhbəti ortaya atıldı… Hamısı respublika rəhbərliyinin razılığı
ilə. Bu nə oyun idi, kimin planı üzrə hazırlanmışdı və nə məqsəd güdürdü?!



Respublika rəhbəri nə ağılla zavoddakı görüşündə müdafiə
dəstələrinin yaradılmasından söhbət açırdı və bu söhbət televiziya ilə bütün
xalqa çatdırılırdı?! Nəyə görə bəzilərinə inandırılırdı ki, fövqəladə
vəziyyətdə Müdafiə Şurası əsas mərkəzə çevriləcək, bütün nazirliklər ona tabe
olacaq və s.?..


Bir-birini tora salmaq üçün ikitərəfli oyun
gedirdi. Ancaq sən saydığını say, gör Moskva nə sayır. Sanki dünyadan bixəbər
idilər. Bütün bu havayı söz-söhbətin, əslində, ordunun Bakıya çağrılması üçün
bəhanə olduğu unudulmuşdu…

Biz Müdafiə Şurasının hökumətin əliylə qurulmuş
növbəti bir saxtakarlıq, tələ olduğunu birinci gündən demişik. Yoxsa, öz
respublikasını, ərazisini, xalqının taleyini müdafiə etmək istəyən rəhbərlik
AXC idarə Heyətinin bir-iki üzvünü irəli itələyib arxada niyə gizlənməliydi?
Bununla doğrudanmı respublikanı müdafiə etmək istəyirdi, yoxsa məqsəd Xalq Cəbhəsini
ləkələməkdi?..


20 yanvar faciəsini bir həftə ondan əvvəl baş
vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndirməyə
çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür
vəhşiliyi, zorakılığı rədd edir və lənətləyirdik. Onu da bildirdik ki, Sumqayıt
kimi, Bakıda da bu hadisə çoxdan planlaşdırılırdı. Yanvarın 13-14-də Bakıda
ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub…


Xalq böyük bir xəyanətlə üz-üzədir və bu xəyanət
addım-addım həyata keçirilir… Yoxsa, kim bilmir ki, 200 min adam Ermənistandan
vəhşicəsinə qovulandan sonra bütün bakılılar sinəsini sipər etsə də, bu qədər
rəsmi qaçqın statusu almamış işsiz, evsiz, ac-yalavac, qəzəbli «qonağı» olan
şəhərdə ermənilərin arxayın yaşaması xulyadır və ya xalqın əsəbi ilə
oynamaqdır…

Ölkədə bizi təkləmək, vəhşi, qaniçən kimi qələmə
vermək üçün yüz cür tələ qurulur. Təəssüf ki, biz bəzən özümüz bu tələlərə
düşürük…

SSRİ Ali Sovetinin sonuncu sessiyası bir daha
göstərdi ki, bizə qəzəbli münasibəti, əleyhimizə işləyən güclü təbliğat
maşınını qırmaq o qədər də asan deyil. Bizi qarşıda çox uzun bir mübarizə yolu
gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan
imkanlardan keçsə də, sonu məlumdur, sonu bizim arzuladığımız azadlıqdır!.
Lakin o arzulara yetmək üçün hələ çox durulmalı, ümumi mədəni səviyyəmizin,
siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik.



* * *

Mən daha çox işin bizə görünən tərəfindən, öz
səhvlərimizdən danışdım.

Lakin ən ciddi sual cavabsız qalıb: ordu Bakıya
niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birilə düz gəlmir. Söhbət
sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin müxtəlif regionlarında
bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etimadsızlıq, «istefa» tələbi
narahatlıq doğurursa – bu tələbi Moskvadan başlamış ölkənin hər yerində
eşidirik. Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək?
fövqəladə vəziyyət on illər boyu xəlvətcə silahlanan tərəfdə, hücum edən
tərəfdə elan ediləydi, boş əllə müdafiə olunan tərəfdə yox. Kiminsə ağzından
«islam respublikası» sözünün çıxması bəhanə olubsa, onda gərək? «xristian
monarxizmi» tərəfdarlarının yaşadığı Rusiya şəhərləri çoxdan orduyla
doldurulaydı.


Bu bəhanələrin heç biri 20 yanvar hadisələrinə haqq
qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim rəftarımızdan asılı olmadan
ordu şəhərə girməliymiş. «Azərbaycanlılara dərs vermək» planının kökləri çox
dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili
qoşun hissələrinin müşahidəçi mövqeyi tutması – hamısı eyni zəncirin halqaları
kimi bir-birinə bağlıdır. Azərbaycan xalqının ətrafında bu tor çoxdan və
məharətlə hörülür.


Fransız mətbuatında M.S.Qorbaçovun Azərbaycan
hadisələrinə münasibəti iki sözlə belə ifadə olunub: «tatarlar qəzəblənir».
Bizə elə gəlir ki, bu «tatar» sözü keçən əsrdə qalıb, çarizm yıxılanda bu sözlə
də vidalaşmışıq…


Köhnə söz yaşayırsa, bəlkə köhnə münasibət də
yaşayır? Təkcə bu iki kəlmə indiki demokratiyanın içi və astarını aydın
göstərir. «Birinə qazan, başqasına çay qaşığı…»

Azərbaycan müstəqil respublikadırsa, niyə onun
fikrinə məhəl verən olmayıb? Nəyə görə Azərbaycan parlamentinin qanuni qərarı
SSRİ Ali Soveti tərəfindən qulaq ardına vurulur? Bu saymamazlığın arxasında
hansı acı həqiqət dayanır? Bəlkə, ordunun Bakıya gəlişinin səbəbini elə həmin o
acı həqiqətdə axtarmaq lazımdır?


Nəhayət, bir-iki kəlmə də milli heysiyyət, özünə və
öz xalqına hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya
çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət
götürüləndən sonra şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti
kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər riyakar
bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına inanmayan, onunla dil tapa
bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin
ləğvindən qorxuya düşən ziyalılar bilmirlər ki, Bakıda heç bir iğtişaşı xalq
salmayıb? Sakitlik istəyiriksə, fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş
ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və
dünyanın müxtəlif yerlərindən, mərkəzdən üfürülüb közərdilir.


* * *


Şəhidlər Xiyabanında bir həqiqət də gördüm.

Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə
adamlardır.


And yerimiz – onlardır!

And yerimiz – xalqdır!


Sabir Rüstəmxanlı


Fevral, 1990


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər