Ru
11:56 / 22 Yanvar 2018

Gözəl həyat şeirdir

7860
Vahid Məmmədlinin şeirləri haqqında


Gülnar Səma

"Şeirim, apar bizi şeir-şeir olmağa...” – şeirdən sərməst olaq, bununla kifayətlənməyib "gecə qəzəl, hecalı gündüzlər sərbəst olaq” – kimi istəklərin müəllifi olan Vahid Məmmədli müasir Azərbaycan ədəbiyyatının seçilən imzalarındandır. Müəllifin fikrincə, "cismaniyik yer üzündə yalnız kəlmə əbədidir, bəzən isə bircə şeir yer üzünün məbədidir”. Yəqin elə bu səbəblərdən yazar "Gözəl həyat bir şeirdir günlər, aylar sətirləri” qənaətinə gəlmişdir. Adətən, şeiri həyatın müəyyən gözəllikləri ilə müqayisə edirik. Vahid Məmmədli isə məhz gözəl həyatı şeirə bənzədir. Şeir haqqında isə belə düşünür: "laləzardır, güldür, şeir sevgi onun ətirləri”. Ətir gülə-çiçəyə aiddir. Gül-çiçək xoş ətirsiz mənasını itirdiyi kimi şeir də sevgisiz mənasız qalar. Şeirlərinə sevgi ilə məna qatan şair yazır: "Qarşıdadı xoş gələcək, dərddən, qəmnən gəl bir əl çək, yuxuma bir qız gələcək...” və həmin qızdan xahiş olunacaq ki, "Eşq sarayın hörür ruhum, meyli... sən Çək sınağa, istəyirsən çək məni”. Bu sınaq anları ruhun eşq sarayı hördüyü məqamə təsadüf etdiyindən aşiqdə özünəinam çox güclüdür.


İncimərəm sınaqlarda sınansam.

Bu şərəfdir, eşq yolunda sınarsam.

Bir ah çəksəm kilid nədi, sınar can.

Çək sınağa, istəyirsən çək məni.


Aşiq o qədər özünə arxayındır ki, "Yar nəfəsi bəsimdir, soyuqdan ölən soyuq...” ironiyası ilə təbiətin ahənginə tənə edir. "Soyuqdan ölən soyuq” epiteti həm gözəl bir məcaz yaradır, həm də soyuğa meydan oxuyur. Təbiət və onun təbiiliyi şairin yaradıcılığında önəm kəsb edən mövzulardandır. "Neçə yol öpmüşəm qız bulaqları, dağlar, hallallıq ver, qoy çıxıb gedim...” misralarında işlənən "qız bulaqlar” başqa bir şeirdə "buz bulaqlar”a dönür:


İndi nədi yaxşı, yaman, - seçirəm.

Buz bulağın dodağından içirəm.

Neçə qızın ürəyindən keçirəm.

Ürəyimdə saxlamasam, günahdır.


Ürəyindən keçənləri ürəyində saxlamağın gileyləri belə ifadə olunur: 


Dərd adlı bir vəfam var, 

Yox dərmanı, davası,

 İçimdə bir hava var,

 Sənsizliyin havası.


 

Dərdin bu qədər vəfalı olması az qalır ki, vəfasızlığa bəraət qazandıra. Vəfasızlıq isə sənsizliklə əlbir olub. "İntizarın səbrimi edib varım, dövlətim” misraları səbirsizliyin qələbəsinə kinayə edir. 

"Özünü hamıdan ağıllı sayanlar...” üçün yazılmış şeir həm mükəmməl poetik bütövlüyü, həm də məna yükünə görə fərqlənən şeirdir.


Özünü hamıdan ağıllı sayanlar üçün

dünya bu gün aldatdığı sabahkı qocadır.

Dəlilərin çaydan keçib aşdığı dağ

Sənə güvəndiyim dağlardan ucadır.


- sətirləri ilə başlayan şeir "Qara qatığa batırıb yediyin, dost dediyinin dizindəki çörəyidir, Tamah qoxusu gələn çürük çərçivəli aynalar, pula aldadılmışların qapısı açıq ürəyidir...” – misraları ilə daha dərin qatlara yol açır. "Qatıq qaradır” inkarı dilimizdə yalanın müdafiəsi anlamında işlənən ifadədir. Əgər yediyin çörək həmin "qara qatığa” batırılıbsa, o zaman "çörəyi dizinin üstündə olmaq” ifadəsi yada düşər. Beləliklə, hər iki ifadə birləşərək şeirin məna yükünü qüvvətləndirmişdir. Bu ifadə tərzi sonrakı sətirlərdə də davam edir: 

Elə bilmə pul qazanmaq qismətdən, 

bəxtdən aslıdır,

 ağacda gözüaçıq yata bilmək

 yarpaqlı taxtdan asılıdır...


 Bu misralarda pul qazanmağı bacarmaq ağacda yata bilməklə müqayisə olunur. Yarpaqlı taxt ağacın budaqlarıdır, orada yatmaq istəyinə yalnız həmin bacarığa malik insan can ata bilər. Bu həm də gözüaçıq yata bilmək qabiliyyətidir. Məlumdur ki, yatanda gözlərin ixtiyarı kirpiklərin qovuşmasında olur. Şeirin davamında daha maraqlı nüanslara toxunulur:


Hə bir də, düyü tökülür.

Londonda bu gün çapdan çıxmış 

şeir kitablarının vərəqləri arasından. 

Hansılar ki, yığılmışdı 

Somalinin ac uşaqları üçün

Afrikanın çəltik tarlasından. 


Bu misralar fəlsəfi çalarları ilə yanaşı, dünyanın gününə də güzgü tutur. Avropanın inkişaf etmiş şəhəri olan Londonla Afrikanın ən geridə qalmış ölkəsi olan Somalinin adları bəşəri bir təzad yaradır. Coğrafi cəhətdən aralarında uzun məkan məsafəsi olan bu yerlər arasında sürətli əlaqə varmış. Çəltik tarlası yetişib sona çatmamış onun düyüsü Avropanın yenicə çapdan çıxmış kitablarının vərəqləri arasından tökülür. Bu həm də planetin ayrı-ayrı yerlərində iqtisadi inkişafın fərqli olduğuna da işarədir. Afrika ilə Qərbin nağılları arasında uyğunsuzluq açıq-aydındır.


Nağıl döndü betərə 

göydən alma tökülür.

Daş altında qayalar, 

qaya daş-daş sökülür.

Sevgisiz qalan insan, 

tez qocalır, bükülür.


Dünya xalqlarının taleyinə biganə qalmayan müəllif öz milli kimliyini də unutmur: 


Turan güldür, 

Mən də Türkəm...

 Bir ləçəyim o taydadır


 - sözləri ilə vətəninin ikiyə parçalanmasını nəzərə çatdırır. 


Sinəm dağı Savalanın dağıdı

Çiçəkləyib, düşmənlərim gül dərər


 kimi sətirlərdə işlənən dağ sözünün omonimliyi ucalıqla yanaşı zülmə qatlaşmaq anlamına da gəlir. 


Müəllifin qoyduğu poetik olduğunun fərqinə varan yazar özünütəqdimdə heç bir tərəddüd etmir: "Mən Vahidəm Məmmədlitək soyum var” - deyərək "Ən dahi şair isə Yaradanın özüdür...” etirafı ilə qələmlə yoldaşlığını davam etdirir.


Gözəl həyat şeirdir
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər