Ru
15:49 / 22 Noyabr 2016

“Görkəmli” sözünü niyə küçələrə tökürsünüz?

3777

Kəramət
Böyükçöl



Yadıma
gəlir, it ilində Səlim Babullaoğlu haqqında bir yazı yazmışdım, o da buna görə
bərk incimişdi. O küsən Səlim, bu küsən Səlim, hələ də danışdırmır məni. Dünən
isə eşidəndə ki, Gənc Tamaşaçılar Teatrında onun yenicə çapdan çıxmış "İlyas
Köçmənin şəkil dəftəri” adlı şeir kitabının təqdimat mərasimi keçiriləcək, bunu
özümə əsl fürsət bildim. Fikirləşdim ki, tədbirdə mən də iştirak etsəm yaxşı
olar. Nəyə görə? Bəlkə Səlim doğrudan da yaxşı bir şairdir. Qoy gedim tədbirə,
öz dilindən də qulaq asım şeirlərinə, görüm mən harda səhv edirəm? Səhvimi başa
düşərəmsə, Səlimin əlini sıxaram, üzr istəyərəm. Özü də namaz qılan, ağzı
oruclu adamdı, nəfəsi də ağırdı. Seyid kimi bir şeydi. Bəlkə neçə illərdir
günah içindəyəm. Bəlkə Səlimə qarşı haqsızlıq etdiyimə görədir ki, bütün işlərim
daşdan-qayadan keçir.



Səlim
Babullaoğlunun təşkilatçılığına söz ola bilməz, bunu hamı bilir və deyir. Ömür
boyu xəyalına belə gətirə bilmədiyin bir işi Səlim iki dəqiqənin içində düz-qoş
eləyir. Özü də hamının yanında hörməti var, heç kim Səlimin bir dediyini iki eləmir.
O qədər istiqanlıdır ki, onu Anar da çox istəyir, Seymur Baycan da! Təsəvvür eləyin,
adam bir zənglə Ukraynada dünya şairlərinin şeir festivalını təşkil eləyə bilər.
Səlimə sevgi dünya səviyyəsindədi. Dəqiq bilirəm ki, onda Orxan Pamukun,
Lyosanın, Transthomerin, Ərdoğanın telefon nömrələri var, bəlkə də hər axşam zəngləşirlər.
Mən bütün qapıların üzünə açıq olduğu ikinci belə bir istedad tanımıram.



Təşkilatçılıq
qabiliyyətinə görə Səlim Babullaoğluna Nobel mükafatı versələr, ən birinci mən əl
çalaram. Bu cür gözəl bacarığı ola-ola di gəl ki, adam hər şeylə məşğul olur. Tərcümə
deyirsən tərcümə eləyir, şeir deyirsən şeir yazır, müsahibə deyirsən müsahibə
alır, esse deyirsən esse yazır, köşə deyirsən köşə yazır, Əbülfəz Qarayevin
atasından kitab yaz deyirsən kitab yazır... Yolda bir ağac göstər, de ki, Səlim,
bu ağaca şeir yaz! İki dəqiqəyə hazırdı. Səhəri gün həmin şeir dünyanın ən
nüfuzlu ədəbiyyat dərgilərində çap olunacaq, sonra iki dəqiqəyə yazdığı o şeirə
görə Səlim hansısa ölkədə mükafata layiq görüləcək.



Ümumiyyətlə,
Səlim bütün işlərini iki dəqiqəyə görür. Hərdən fikirləşirəm ki, nə yaxşı nəsrə
girişmir. Bəlkə də gizli şəkildə romanlar, hekayələr, pyeslər də yazır. Bir də
gördün hər əlində bir roman gəldi. Bir də gördün şalvarının arxa ciblərinə iki
dənə pyes qoyub getdi Akademik Milli Dram Teatrına. Əsərin tamaşaya qoyulmaq məsələsini
yenə də iki dəqiqənin içində həll eləyib qayıtdı. Axşam da zəng elədi
Ukraynaya, ordan bir mükafat sifariş verdi. İki gündən sonra guya, başqa vacib
işi çıxdığına görə Səlim Ukraynaya gedə bilmədi, mükafat özü gəldi Azərbaycana.
Vəssalam, şair, tərcüməçi, esseist, təşkilatçı və s. gözəl Səlim, indi də oldu
dramaturq.



Bu
cür məsələlərdə Səlim doğrudan da unikaldır, əvəzsizdir. Təsəvvür eləyin, onun
təqdimatına elə adamlar gəlmişdi, fikirləşdim ki, bəlkə də Nizami Gəncəvi də
burdadı. İlyas Köçmən, daha doğrusu, İlyaz Köçmənin katibəsi gözümün qabağında
zəng eləyib dedi ki, İlyas müəllim qrip olub, belinə banka qoymuşuq, ona görə də
tədbirə qatıla bilmir, Səlim, siz Allah, üzrlü sayın.



Tədbiri
tanınmış diktor Rafiq Həşimov açdı. Rafiqin əlindəki kağızdan oxuduğu cəmi bir
cümlə yadımda qaldı: "Görkəmli ədəbiyyatşünas-alim Məsiağa Məhəmmədi Səlim
Babullaoğlu haqqında demişdir ki...” Nə qədər eləyirəm bu cümləyə zarafatla
yanaşa bilmirəm. Axı Məsiağa nə vaxtdan görkəmli alim olub? "Görkəmli” sözünü
niyə küçələrə tökürsünüz? Salamat, hörmətli, sanballı heç olmasa, bircə epitet
saxlayın ki, xaricdən qonaq-zad gələndə adının qabağına qoşaq.



Məsiağa
Məhəmmədi Söhrab Sipehridən yaxşı tərcümələr eləyib, bilirəm. Məhəmmədhüseyn Şəhriyarın
fanatıdır, bunu da bilirəm. Amma, ancaq və lakin Azərbaycan tarixində adamlar
var ki, görkəmli alim, görkəmli yazıçı, görkəmli şair adını qazanmaq üçün
ömrünü-gününü qurban verib, zülmlər, faciələr, fəlakətlər, qırğınlar görüb.
Əlini cibinə qoyub gündə iki dəfə Tarqovıda o başa-bu başa gedib-gəlməklə görkəmli
alim olmaq olur? Sizdə heç utanmaq hissi yoxdur? Camaatı təqdimata
çağırmısınız, özü də bilirsiniz ki, zalda Əfsələddin Xəqani oturub, İmadəddin Nəsimi,
Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir əyləşib. Gedin çayxanada bir-birinizi nə
qədər tərifləyirsiniz tərifləyin, axı bu boyda adamların gözünün qabağında iki
dostun bir-birinizin könlünü xoş eləmək üçün yalandan basıb-bağlamağına nə
ehtiyac var?



Dünən
keçirilən tədbir haqqında bircə yaxşı şey demək olar: doğrudan da sürtülmüş
şeir gecələri formatını dağıtmaq baxımından maraqlı idi. Tədbirin təşkilatçılığı
yaxşı qurulmuşdu. Səslənən şeirlər nə qədər bayağı olsa belə Səlimi yenə də
alqışlayıram. Format yeni idi, amma bu yeniliyin içində məzmun yox idi. Tutaq
ki, Xalq yazıçısı Anarın maraqlı format nəyinə lazımdır? O kişi gəlmişdi ki,
normal istirahət eləyə, şeir dinləyə, zövq ala. Ancaq tədbirdən sonra hiss elədim
ki, dilxor oldu getdi, qanı qaraldı... Axı Anarın günahı nədi? Onu niyə əsəbiləşdirirsiniz?


Teleqraf.com

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər