Ru
14:51 / 13 Aprel 2017

Qalmaqal yaradan kitabın müəllifindən - CAVAB yazısı

3637

Azərbaycan Respublikası Silahlı Qüvvətlərinin Hərbi Akademiyasının təşəbbüsü
və akademiyanın rəisi, general-leytenant Heydər Piriyevin baş məsləhətçiliyi ilə
çap olunan "Azərbaycanın qədim və orta əsrlər hərb tarixi” adlı 415 səhifəlik
kitab qalmaqala səbəb olub.

BakiPost.az xəbər verir ki, tarix araşdırmçısı Əkbər Nəcəfin ehtiyatda
olan polkovnik, tarix elmləri doktoru Mehman Süleymanovun müəllifi olduğu
kitabla bağlı iradı müzakirələrə yol açıb. Ə.Nəcəf hərb tarixi adı altında nəşr
olunan, lakin içərisində yalnız müharibələr tarixindən bəhs edildiyini
bildirib. Ə. Nəcəf BakiPost.az-a göndərdiyi "QICQIRMIŞ TƏFƏKKÜRLƏ HƏRB TARİXİ
YAZANLAR”
adlı yazıda bəzi arqumentlər səsləndirib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti Mehman Süleymanov BakiPost.az-a Əkbər Nəcəfin araşdırmasına cavab yazısı göndərib. Həmin yazını
olduğu kimi təqdim edirik:


HƏRB TARİXİ DİLETANTLIQ YERİ DEYİL


"1919-cu il fevral ayının 25-də Azərbaycan Xalq Cümhuriyyətinin hərb
naziri tam artilleriya generalı Səməd bəy Mehmandarov Azərbaycan parlamentində
proqram xarakterli çıxış etdi. Bu çıxışının sonunda Cümhuriyyətin əvəzsiz və
ağsaqqal generalı onun haqqında dövrü mətbuatda yazılmış bəzi yazılara öz
münasibətini bildirdi. O, Böyük Britaniya həyatından bir nümunə gətirdi və dedi
ki, bir zaman Britaniya parlamentində bəzi deputatlar bəzi mətbuat vasitələrinin
haqsız yazılara görə bağlanmasını tələb etdilər. Amma müzakirələrdən sonra deputatlar
bu qənaətə gəldilər ki, mətbuat cəmiyyət üçün parlamentdən daha gərəklidir.
Lazım olarsa parlament bağlansın, amma qəzetlər bağlanmasın. Səməd bəy bundan
sonra onu da əlavə etdi ki, indi mənim haqqımda haqsız yazan qəzetlərə sözüm
yoxdur, amma yazanların da öz işinə insafla yanaşması yaxşı olardı.

Müəllifi olduğum "Azərbaycanın qədim və orta əsrlər hərb tarixi”
(Bakı, 2016) adlı kitab haqqında Əkbər Nəcəf adlı müəllifin bəzi saytlarda çap
etdirdiyi yazıya doğrusu münasibət bildirməyi heç lüzumlu hesab etmirdim. Çünki
bu yazıda bir dənə də olsa müddəa yoxdur ki, onun doğruluğu ətrafında mübahisə
aparmaq mümkün olsun. Amma istər yazının başlığında həm də yazının mətnində
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyinin adının çəkilməsi məcbur
etdi ki, müəllifin bu məsələdəki haqsızlığını onun nəzərinə çatdırım. Məlumat
üçün bildirmək istərdim ki, Azərbaycanın hərb tarixi tariximizin az işlənmiş
sahələrindən biridir və bu mövzuda araşdırma aparmaq vətəndaşlıq borcu və
mövqeyi kimi dəyərləndirilə bilər. Bu sahədə kifayət qədər boşluğumuz var və Azərbaycanın
hərb tarixinin və azərbaycanlılar arasında hərbi təfəkkür səviyyəsinin dünya
miqyasında haqlı yerinin müəyyənləşdirilməsi üçün görüləsi işlər çoxdur. Bu işlərin
görülməsi üçün hazırda həm Müdafiə Nazirliyinin, həm də Hərbi Akademiyanın hörmətli
rəhbərliyi tərəfindən çox böyük qayğı və kömək göstərilir. Respublikada hərb
tarixi ilə barmaqla sayılacaq tarixçilər məşğul olurlar və onlar da hazırda Hərbi
Akademiyanın nəzdində toplaşaraq konkret işlər görməyə çalışırlar. Hərbi
Akademiyanın rəhbərliyi adından respublika tarixçilərinin böyük bir dəstəsinə
müraciət edilərək onlar da bu sahədə əməkdaşlığa dəvət olunmuşdur və biz bu əməkdaşlığa
hazırıq. Hətta qeyri-rəsmi şəkildə olsa belə hərbi mövzuda istənilən mövzunu
biz çox maraqla qarşılayır və öyrənirik. Biz bilmirik Əkbər Nəcəf hərb
tarixinin araşdırılması ilə məşğul olur ya yox. Hər halda respublikada hərb
tarixi ilə məşğul olan alimlərimizin heç biri onu tanımadığını bildirdilər.
Bununla belə əgər o da bu sahədə hansısa bir biliyə malikdirsə və konkret bir
iş görə bilərsə onu çox məmnuniyyətlə qarşılayardıq və ən azı istər Hərbi Akademiyanın,
istərsə də Müdafiə Nazirliyinin nəşrlərində ona yer ayıra bilərdik.


Biz hərb tarixi ilə bağlı aparılan araşdırmaların heç birini bitmiş
hesab etmirik. Əksinə onları başlanğıc hesab edirik və şübhə etmirik ki, mövcud
araşdırmalar gələcəkdə aparılan araşdırmalar hesabına daha da təkmilləşdiriləcəkdir.
Bir şərtlə ki, bu işin aparılmasına həm də düzgün yanaşma tətbiq edilsin.

Haqqında danışılan kitabın girişində hərb tarixinin predmeti, hərb,
müharibə, hərb işinin istiqamətləri, sahələri və s. haqqında geniş məlumat
verilmişdir. Yazı müəllifi bu girişi diqqətlə təhlil etsəydi qaldırdığı sualların
çoxuna cavab tapa bilərdi. Düşünürəm ki, tərəfsiz mütəxəssislər və oxucular da
bu girişlə tanış olsalar dediklərimizlə razılaşarlar. Müəllif yazır ki,
"müharibələr tarixi hərb tarixi deyildir. ...Hərb anlayışdır, müharibə isə
hadisədir". Bu cümlələrin ardınca
müəllif hərbi biologiyanı, hərbi əxlaqı, hərbi musiqini, hərb qaydalarını hərb
tarixinə aid edir, amma müharibələri hərb tarixinə aid etmir. Əgər müharibə
yoxdursa, hərbi əxlaq, hərbi biologiya (?), hərbi musiqi nəyə lazımdır? Axı bunların
(müəllifin bu bölgüsünün məsuliyyəti qalsın onun üzərində) hamısını yaradan və
aktuallaşdıran müharibədir. Hərb "anlayışı" adı altında görülən bütün
işlər ya müharibənin aparılmasına, ya da müharibənin qarşısının alınmasına xidmət
edir.

Dünya hərb nəzəriyyəçilərinin qənaətincə hərb "anlayış"
deyil. Hərb-dövlət siyasətinin konkret istiqamətidir. Müharibə isə bu siyasətin
davamıdır. Biz də bu qənaətlə razıyıq. Müəllifi əmin edirik ki, onun belə tərifi
ilə hərb nəzəriyyəçiliyində rastlaşmaq mümkün deyildir. Əgər doğrudan belə
fikirləşirsə, ciddi hərbi ədəbiyyatı yenidən oxusun.


GOOGLE-də "Hərb tarixi” ifadəsini sifariş etsə şahidi olacağı
cavablar da onun təsəvvürlərinin yanlışlığını nümayiş etdirər.

Müəllif sonra bəndlər üzrə kitaba öz münasibətini bildirir. O,
birinci bənddə yazır: "İnsanlıq tarixinin heç bir dövründə, istər mifik,
istər dini, istər orfi (ənənəvi) və istərsə
də dünyəvi olsun hüquq normalarına əsaslanmayan hərb anlayışı olmayıb". Bu
fikirlə bağlı onu demək olar ki, hərb işi ümumiyyətlə sinifli cəmiyyətin və
dövlətlərin yaranması ilə meydana gəlmişdir. Bu fikir alternativsizdir. Müəllif
razı olsa da, olmasa da bu belədir. Müəllifin qeyd etdiyi mifik, dini, dünyəvi
dəyərlər sinifli cəmiyyətdən əvvəl də mövcud idi. Amma həmin dövrdə hərb işi
yox idi və hərb tarixi də həmin dövrdən başlamamışdı.

Müəllif sonra bu sözləri işlədir: "müəllif "hərb"
termininin kəlmə mənasını bilməməsi insanı dəhşətə gətirir". Doğrudanmı
belədir? Yaxşı olmazdımıyazı müəllifi bu terminin mənasını özü açaydı və
maraqlananları da maarifləndirərdi. Ümumiyyətlə, müəllif tez-tez belə dəhşətə gəldiyini
xatırladır, amma heç bir halda bu dəhşətə səbəb olan məsələnin mahiyyətinə öz
baxışını açıqlamır. Biz bu əziyyəti öz üzərimizə götürürük. Hərb - legitim güc vasitələrinin
siyasi məqsədlər üçün istifadəyə hazırlaşdırılmasını və tətbiqini nəzərdə tutan
və əhatə edən çoxşaxəli fəaliyyət sahəsidir (bu fikir yuxarıdakı fikri təkzib
etmir, onu tamamlayır). Özü də bu sahə dövlətin monopoliyasındadır və dövlətin
monopoliyasından kənar hərb yoxdur. "Hərb” sözünün arxasında başqa mənanı
axtarmağa ehtiyac yoxdur. Mütəxəssislər də bunu təsdiq edə bilər.

İkinci bənddə yazı müəllifi yazır "hərb insanın bioloji
varlığının bir parçasıdır". Yəni doğrudanmı belədir? Yəni Allah insanı
müharibə aparmaq üçün xəlq edib? Müəllifin iddiasının əksinə olaraq, Aristoteldən
bəri yüzlərlə müəllif heç də bu fikirdə deyildir. Hərbi fikir tarixini öyrənməsinin
əhəmiyyəti istisna edilməməlidir. Amma müəllif hərb tarixinə yalnız Aristotelin
fikirlərinə istinad edərək qiymət verirsə və
müasir hərbi təfəkkür üçün Aristotelin fikirləri meyar tutulursa, onda gərək
müharibəni də elə Aristotel dövrünün silahları ilə aparaq. Çünki hərbi fikrin və
bütünlükdə hərb işinin inkişaf meyarı hərbi-texniki inkişafdır. Digər tərəfdən
bir daha qeyd edilməlidir ki, hərbin tarixi insanlıq tarixi ilə deyil, sinifli
cəmiyyətin meydana gəlməsi tarixi ilə bağlıdır. Bu fikir alternativsizdir. Müəllif
razı olsa da, olmasa da belədir.

Həmin bənddə yazı müəllifinin bir maraqlı fikri də vardır. O kitab müəllifinə
müraciət edərək yazır: "Ümumiyyətlə, siz "hərbi biologiyanın" nə
olduğunu bilirsinizmi? Bu gün süfrələrimizin bəzəyi olan onlarla meyvə-tərəvəz
növünün Azərbaycana sizin işğalçı hesab etdiyiniz orduların gətirdiyindən xəbəriniz
varmı? Orta əsrlərdə cəbhədə, səfərdə və düşmənlə döyüşdə susuzluqdan və
aclıqdan ölən əsgərə axmaq gözü ilə baxılırdı. Çünki orta əsr hərb sistemində
bir əsgər hər şeydən əvvəl müharibə etdiyi ərazinin bioloji sistemini öyrənirdi.
Monqolların Azərbaycana hansı bitkilərin və meyvələrin toxumlarını gətirdiyini
araşdırmaq hərb tarixinin başlıca vəzifəsidir".

Axırıncı cümləyə münasibətdən başlayaq. Doğrudanmı, Azərbaycanın hərb
tarixinin başlıca vəzifəsi monqolların Azərbaycana hansı bitki və meyvə
toxumlarını gətirməsini araşdırmaq olmalıdır?
Bizsə fikirləşirik ki, Azərbaycanın hərb tarixinin qarşısında dayanan
başlıca vəzifə Azərbaycan xalqının dünya hərb tarixinə gətirdiyi yenilikləri,
dün­ya hərb sənəti tarixində tutduğu mövqeni, Azərbaycanda hərb işinin inkişaf
meyllərini, xüsusiyyətlərini, Azərbaycanda silah və hərbi texnikanın
inkişaf meyllərini, bütünlükdə hərb
tarixinin predmetini (kitabın girişində açıqlanıb) tədqiq etmək, onların tarixi
və metodoloji dəyərini üzə çıxarmaqdır. Əgər səhv etmirəmsə, müəllif onu da demək
istəyir ki, döyüşçü səfərdə olarkən susuzluqdan və aclıqdan ölməyin (yəni
soyğunçuluq etməyin) yollarını tapmalı idi. Yoxsa ona "axmaq" gözü ilə
baxardılar.

Yazı müəllifini inandırmaq istərdim ki, bu, səhv fikirdir. Azərbaycan
hökmdarları hətta basılmış ölkələrdə qənimət toplanmasına belə çox ciddi
yanaşırdılar. Döyüşçünün su və ərzaqla təmin edilməsi isə döyüşçünün vəzifəsi
deyildi. Bunu qoşun başçıları və xidmət personalı təşkil edirdi. Bu məsələnin
araşdırılması, yəni qoşunların təminat-təchizat məsələlərinin öyrənilməsi hərb
elminin xüsusi bir istiqamətidir. Bu məsələdə də Azərbaycan hərb tarixinin çox
zəngin təcrübəsi vardır. Məsələn, bir faktı gətirək. Nadir şah Hindistan üzərinə
təxminən 100 minlik bir qoşunla hücum edirdi. Bu sayda olan ordunun təminat və
təchizat məsələlərinin Nadir şah tərəfindən necə həll edilməsi elə indi də
nadirşünasların təəccübünə səbəb olan
bir sual olaraq qalmaqdadır.

Bundan başqa Azərbaycan üzərinə hücum edən orduların bizim tərəfdən
işğalçı adlandırılmasına müəllif istehza ilə yanaşır. Müəllif bu fikrini bir qədər
açıqlasaydı yaxşı olardı. Bəs Azərbaycan üzərinə hücum edənləri biz xalqımıza
necə tanıdaq?

Yazının üçüncü və dördüncü bəndində hərbi psixologiya və hərbi əxlaq
haqqında danışılır. Çox güman ki, müəllif hərb işinin mənəvi amilinin bəzi tərkib
hissələrini sadalamaq istəyir. Mənəvi amil yalnız psixologiya ilə əxlaqdan ibarət
deyil. Hərb işinin mənəvi amilin səviyyəsindən asılılığı hərbin mühüm qanunauyğunluqlarından
biridir. Onun əsasını - dövlət işinə, xalq işinə, xidməti vəzifənin icrasına sədaqət,
yüksək intizam, yüksək təşkilatçılıq, ardıcıllıq, qətiyyət, qorxmazlıq və s.
keyfiyyətlər təşkil edir. Təqdim olunan kitabın elə bir fəsli yoxdur ki, bu məsələlərə
toxunulmamış olsun. Qaldısa müəllifin iddiasına ki, "əxlaqi təməllərə söykənməyən
hərb yoxdur və hərb birbaşa əxlaq normatividir" bir daha qeyd etmək
lazımdır ki, hərb əxlaq yox, siyasətdir, siyasətin güc vasitələri ilə davamıdır.
Müharibələr və ya hərb işi əxlaq dərsi keçilməsi üçün aparılmır, konkret siyasi
məqsədlərin əldə edilməsi üçün aparılır. Elə buradaca müəllifin qeyri-etik ifadələrinin
qarşısında demək istərdim ki, elm təhqir, səmimiyyətsizlik, hörmətsizlik deyil.
Sizdən yaşca çox-çox böyük olan birisinin fikrini qəbul edilmiş elmi qənaətlərlə
təkzib etməyiniz elə sizin özünüzə də hörmət gətirərdi. Qaldısa müəllifin hərblə
əxlaqın qarşılıqlı əlaqəsi haqqındakı fikrinə, qeyd edilməlidir ki, əxlaq amili
haqq işi uğrunda mübarizə aparan ölkələrin hərb işində istisna edilməsə də,
onun belə mütləqləşdirilməsinə də ehtiyac yoxdur. Ermənistan, ya Azərbaycan ərazilərinə
vaxtilə hücum etmiş qoşunlar əxlaq çərçivəsində hərəkət edirdilər? Və ya Ermənistanın hərbi əxlaq "dəyərlərinin"
hərb işinə gətirilməsi nə dərəcədə doğru olardı?

Beşinci bənddə müəllif yazır: "hərb qaydasız olmaz və bu
qaydalar da pozulmaz. Qədim və orta əsrlərdə yaşayan insanlar sırf qələbə
qazanmaq xatirinə döyüşmürdülər. Hərb qaydalarını pozmaq, nəticəsi qələbə olsa
belə, əsla qəbul olunmurdu?"

"Hərb qaydaları" deyəndə
müəllif yəqin ki, hərb işinin qanun və prinsiplərini nəzərdə tutur. "Qaydalar”
ifadəsini çilingağaca şamil etmək daha doğru olardı. Müəllif öz "qaydalarından" heç birinin
adını çəkməsə də (və ya çəkə bilməsə də) haqqında danışılan kitabın girişində
müharibənin aparılması qanunauyğunluqları, hərbi siyasətin (hərb işinin) qanun
və prinsipləri, ordu quruculuğunun, hərb sənətinin qanun və prinsipləri
haqqında yetərincə məlumat verilib və diqqət yetirilərsə görmək mümkündür ki, həmin
qanun və prinsiplər bütün tədqiqatın metodoloji bazasını təşkil edir. Müəllif
bildirir ki, "insanlar sırf qələbə qazanmaq xatirinə döyüşmürdülər".
Necə yəni, yəni müharibə əyləncə üçün aparılırdı? Bundan başqa belə bir iddia ilə çıxış etməzdən
əvvəl ilk növbədə hərb işinin qanun və prinsiplərinin hüdudları haqqında
elementar təsəvvürə malik olmaq lazımdır. Doğrudanmı, müəllif iddiasının digərləri
tərəfindən dəstəklənəcəyinə inanır. Ola bilsin ki, müəllif "qayda"
deyəndə hansısa bir məişət anlayışını nəzərdə tutur. Bu onun öz işidir. Əgər
söhbət hərb sənətindən gedirsə, bu sahənin öz qanunauyğunluqları və prinsipləri
var və onlar heç də insan iradəsindən asılı deyildir.

Yazının altıncı bəndində müəllif hərbi strategiyadan danışır. Müəllif
yazır: "Orta əsrlərdə strategiya hərb sənəti içində xüsusi bir elm sahəsi
olaraq öyrədilirdi. Qədim və orta əsrlərdə dövlət başçılarının demək olar ki,
hamısı hərb strategiyasını mükəmməl bilirdilər. Hərb strategiyası, sadəcə,
döyüş meydanında ordunun düzülüşü, taktikası, hərb planı deyildir. Hərb
strategiyasını bilən adam döyüş üçün məkanı seçməyi, həmin məkanın
coğrafiyasını, iqlimini, hətta döyüş günü havanın şərtlərini, əsəcək küləyin təsirlərini
bilməli və bunları nəzərə alaraq döyüş planını qurmalı idi".

Doğrudanmı müəllif belə fikirləşir. Təsəvvür etmək olmur ki, hərbi
strategiya haqqında belə primitiv təsəvvürlərə malik olan tarixçi hərbi mövzuda
başqasına nəyi isə öyrətməyə də çalışır. Axı ən azı bu gün internetdə hərbi
strategiya ilə bağlı istənilən qədər məlumat əldə etmək mümkündür. Yuxarıda
deyilənlərin hərbi strategiyaya hansısa aidiyyəti varsa da, onlar üçüncü,
dördüncü dərəcəli məsələlərdir. Hərbi strategiya bunlar deyil. Haqqında
danışılan kitabın girişində hərbi strategiyanın mahiyyəti və əhatə etdiyi məsələlər
göstərilibdir. Bu fikirlər yalnız müəllifin fikirləri deyil. Həmin fikirlər
dünya hərbi elmi qənaətlərinə əsaslanan fikirlərdir. Orta əsrlərdə hərbi
strategiyanın bir elmi sahəsi olmasına gəlincə isə, qoy müəllif bir az da
araşdırsın. Hərbi strategiya bir elm sahəsi kimi, XIX əsrin sonlarında
formalaşıb. Orta əsrlərdə strategiya adı altında çox hallarda tamam başqa şeyləri
nəzərdə tuturdular. Hətta hərb nəzəriyyəçiliyinin klassiki olan Karl fon
Klauzevitsin də XIX əsrdə hərbi strategiya haqqında söylədiyi tərifi bu günün tələblərinə
cavab vermir. Sonra anlamaq mümkün deyil ki, müəllif bu məsələni nə üçün
qabardır. O bilməlidir ki, haqqında yazdığı kitabda bütün mövzular hərbi-strateji
çərçivədə təhlil olunub. Düşünürəm ki, ciddi mütəxəssislər bunun belə olduğunu
təsdiq edərlər.

Yazının yeddinci bəndində müəllif yazır: "hərb sistemi iki təmələ
əsaslanır (Orta əsr hərb sənəti haqqında yazılmış əsərləri oxusaydınız bunu
yaxşı bilərdiniz): 1-ağıl, 2-bədən. Buraya qədər, sadəcə, hərbin ağıl
düsturundan bəhs etdik. Hərbi sistemin bədəni ordudur".

Müəllifə xatırlatmaq yerinə düşər ki, haqqında tənqidi qeydlər
yazdığı kitab orta əsrlər hərb nəzəriyyəçiliyi haqqında deyildir. Bu kitab Azərbaycanın
qədim və orta əsrlər hərb tarixi haqqındadır. Onun sadaladığı bir çox orta əsr ərəbdilli
müəlliflərin də fikirləri Azərbaycanda
orta əsrlər hərbi işinin və hərb sənətinin inkişafı üçün meyar sayılmamalıdır.
Müəllif də həmin əsərləri ayrıca təhlil etməyi heç qarşısına məqsəd
qoymayıb. Ona görə də yuxarıdakı cümlələr
adamı lap dondurur. Bilmirsən nə deyəsən. Ay müəllim, vallah, billah doğru
demirsiniz və qeyri-doğru iddialarınızla başqaların zəhməti haqqında
qeyri-düzgün fikir yaradırsınız. Bir daha deyirik ki, biz ən qədim dövrdən
başlayaraq hərbi fikir tarixinin öyrənilməsinə maraqlıyıq. İnanın ki, bunun əhəmiyyətini
biz sizdən az bilmirik. Amma orta əsrlərin hərbi fikirlərinə metodoloji
yanaşılmalıdır. Sizin yazınızda isə bir-birinin ardınca ciddi səhvlərə yol
vermisiniz. Əvvəla hərbi sistemin bədəni ordu deyil. Hərbi sistemin əsasını ( yəni
bədənini) hərbi siyasət, hərbi təşkilat və hərbi idaerəetmə təşkil edir. Sizin
"ordu" kimi nəzərdə tutduğunuz hərbi qüvvələr hərbi təşkilata
daxildir. Ordu kimi qələmə verdiyiniz qoşunlarda idarəçiliyi, təşkilatçılığı
tuğla, bayraqla, simvolikalarla bağlamaq heç bir çərçivəyə sığmır. Vaxtilə
qoşunlarda bayraqlar istifadə ediliblər. Amma qoşunlarda idarəçiliyin və təşkilatçılığın
əsasları tamam başqa şeylərdir.

Yazının səkkizinci bəndində müəllif yazır: "döyüş meydanında
ordunun hərəkəti, döyüşün başlaması, ordunun idarəsi hərbi musiqiyə
bağlıdır". Məlumdur ki, qoşunların döyüş əhval-ruhiyyəsinin qaldırılması
üçün musiqidən istifadə olunubdur. Amma qoşunların idarəçiliyi tamam başqa
anlayış və fəaliyyət sahəsidir. Burada strukturlar var, tabeçilik var, nəzarət
mexanizmi var, təyinat var, vəzifə bölgüsü var və s. Yəni minlərlə hektar ərazini
əhatə edən döyüş meydanı musiqiçilərlə doldurulmasını müəllif necə təsəvvür
edir? Axı əks təqdirdə, musiqinin səsi qoşunlara çatmazdı. Təsəvvür edin ki,
böyük bir qoşun dəstəsi deyək ki, dağlıq ərazi ilə geri çəkilir və ya gizli şəkildə
düşmənin arxasına keçmək istəyir, burada
musiqi nə edə bilər?

Müəllif yazır: "Çünki döyüşü sərkərdələrin və hökmdarların
tapşırıqları deyil, həmin musiqinin ritmi, tonu, səsi, ahəngi idarə edirdi.
30-40 minlik ordunu döyüş meydanında heç bir
komandan və hökmdar idarə edə bilməz".

Qəribə bir məntiqdir. Belə çıxır ki, döyüşün nə məqsədlə
aparıldığını, necə aparıldığını sərkərdələr və hökmdarlar deyil şeypurlar (və
digər musiqi alətləri) idarə edirdilər. Axı şeypurlar olsa-olsa sərkərdələrin
istifadə etdiyi vasitələrdən biri ola bilər. Bəs onda hökmdarlar, sərkərdələr,
qoşun başçıları nə edirdilər? Qoşunların idarəçiliyi hərb məharətidir. Müəllifin
məntiqinə görə, hərb məharətinin inkişaf səviyyəsini də şeypurlar müəyyənləşdirirdi.
Onda Nadir şah, Napoleon kimi sərkərdələr nəyə lazım idi? Müəllif yazır ki,
30-40 minlik ordunu döyüş meydanında heç bir komandan və hökmdar idarə edə bilməz.
Bu nə məntiqdir. Müəllif hətta Rusiyada bu gün də Qızıl ordu orkestrinin yaşamasını fikrinə
sübut kimi göstərir. Yəni, Rusiya Çeçenistanda 30-40 minlik ordunu ancaq
şeypurlar vasitəsilə idarə edirdi? Və ya Xəzər dənizindən Suriyaya raketlər
atılanda onu şeypurlarla idarə edirdilər.

Səkkizinci bənddə müəllif belə bir fikir də söyləyir:
"Rus-varyaq quldurlarının X əsrdə Azərbaycana hücumları haqqında səhv məlumatlarla
dolu 60 səhifəlik fəsil yazmaqdansa hərbi musiqi haqqında 10 səhifə yazıb azərbaycanlı
hərbçini aydınlatmaq çoxmu çətindir?".

Müəllifin nəzərinə çatdırmaq istərdik ki, X əsrdə qədim rusların Azərbaycana
hücumu və onların Bərdəyə gəlib çıxmaları onun qəbul edib-etməməsindən asılı
olmayaraq hərb tariximizin maraqlı səhifələrindən biridir. Hərb tariximizin bu
səhifəsini nə üçün araşdırmayaq ki? Nə üçün müəllif buna belə küskünlüklə
yanaşır? Digər tərəfdən müəllif 60 səhifəlik bir araşdırmanın "səhv"
olduğunu iddia edir. Eşitdiyimizə görə, müəllif tarix üzrə fəlsəfə doktorudur.
Onun şəxsiyyətinə toxunmadan qeyd edilməlidir ki, səhv kimi iddia edilən məsələnin
əsaslandırılması üçün konkret faktların ortaya qoyulması elementar tədqiqatçı
etikasıdır. Bunu hərb bir tarixçi bilməlidir. Nəyə görə bizim hər bir abzası
faktlara söykənən araşdırmamız səhvdir, amma heç bir fakta istinad etməyən müəllif
fikri düz olmalıdır? Burada bir fikri də əlavə etmək yerinə düşər. Əgər müəllif
Azərbaycanın qədim və orta əsrlər tarixi barəsində bu qədər məlumatlıdırsa nə
üçün bir əsər yazıb ortaya qoymur?

Müəllif iradlarının sonuncu bəndində hərb tarixini-silahların tarixi
kimi təqdim edir. Fikrinin davamından belə başa düşülür ki, müəllif kitabda
silahlara az yer verilməsinə irad tutur. Bununla bağlı, bizim fikrimiz belədir.
Silahların tarixi hərb tarixi deyil, hərb tarixinin bir sahəsidir. Müəllif qeyd
etməsə də biz əlavə edək ki, silah və hərbi texnikanın, başqa sözlə hərb işinin
maddi-texniki bazasının inkişaf səviyyəsi bütünlükdə, bütün cəmiyyətlərdə hərb
işinin və hərb sənətinin inkişaf meyarıdır. Bu fikir qırımızı xətt kimi kitabın
bütün fəsillərində qabardılmışdır. Müəllif maraqlansaydı hətta kitabın mündəricatına
baxmaqla bu barədə məlumat əldə edə bilərdi. Belə təsəvvür yaranır ki, müəllif
haqqında yazdığı kitab haqqında çox səthi tanışlığa malikdir.

Sonra müəllif hətta Nizami Gəncəvinin əsərlərində hərbi fikirlərin
araşdırılmasına da istehza ilə yanaşır, Makiavellinin və bir sıra ərəb tarixçilərinin
adlarını çəkir, İslam dünyasında hərb elminin bir elm sahəsi kimi öyrənildiyindən
danışır. Nizami Gəncəvi ilə bağlı müəllifin iradını da buraxaq onun öz
insafına. Bununla belə yaddan çıxarmaq olmaz ki, N.Gəncəvinin hərb işi barəsindəki
fikirləri Azərbaycanda hərbi fikir tarixinin çox dəyərli və qürurdoğurucu bir səhifəsidir.
Hər bir azərbaycanlı bununla fəxr edə bilər. Amma deyəsən Əkbər Nəcəf başqa
fikirdədir. Olsun. İndi demokratiya dövrüdür.

Əkbər Nəcəf yazısında Azərbaycanın hərb tarixinin müxtəlif səhifələrinin
və problemlərinin öyrənilməsinə də narazılıqla yanaşır. Bir vaxtlar sovet
rejimi belə qadağalar tətbiq edərdi. Bu qadağalar dövrü keçmədimi?

Amma bir daha qeyd edək və müəllifin yadına salaq ki, orta əsrlərdə hərbi
mövzuda hansısa əsər yazıla bilər. Əslində hərbi mövzuda əsərlərin yazılmasına
hələ qədim Çində, Hindistanda başlanmışdı. Amma bu sahənin bir elm sahəsi kimi
formalaşması tarixin çox-çox sonrakı dövrlərinə aiddir. Müəllif istəsə də belədir,
istəməsə də. Ayrı-ayrı əsərlərin ortaya çıxması elmi sahənin formalaşması demək
deyil. Orta əsrlərdə isə ayrı-ayrı hərbi təcrübə yayıla və ya öyrədilə bilərdi.
Hərb elmi yox.

Bir neçə məqama da qısa münasibət. Xəzər xaqanlığında qulamların
olub-olmaması barədə yazı müəllifi xeyli ittihamlar yağdırır. Bu məqama qədim
rusların Azərbaycana hərbi yürüşləri kontekstində toxunulub. Müvafiq fəsildə təhlilin
məqsədi rus qoşunlarının Azərbaycana yürüşünün səbəblərini, vasitələrini, nəticələrini
və Azərbaycan ərazisində bu işğala qarşı müdafiənin təşkili öyrənməkdir. Fəsildə
yalnız əlavə və ötəri məlumat kimi, konkret müəlliflərə istinad edilməklə Xəzər
xaqanlığının qoşunları haqqında məlumat verilir. Xəzər xaqanlığı qoşunlarında
kimin olub-olmamasının aydınlaş­dırıl­ması tədqiqatın məqsədi deyil və bu məsələnin
Azərbaycan hərb tarixinə heç bir dəxli də yoxdur.

Yazı müəllifi bir sıra ərəb müəlliflərinin adlarını çəkir və onlara
diqqət aryılmamasını da yumşaq deyilsə irad sayır. Bununla bağlı bildirmək
yaxşı olardı ki, ərəb dilli ədəbiyyatda və ya islam dünyasında hərbi fikirlərin
qoyuluşu kitabın tədqiqat obyekti deyil. Bizim üçün maraqlı Azərbaycanda hərbi
fikir tarixi ola bilər ki, buna da kitabda iki fəsil ayrılıb.

Yazının bir yerində isə müəllif silah istehsalı ilə bağlı Rusiyada,
Belorusiyada, İranda meşələrin soyqırıma
məruz qaldığı haqda uzun-uzadı yalnız onun üçün maraq kəsb edə biləcək fikirlər
söyləyir və qeyri-etik ibarələrdən də əl çəkmir. Qoy müəllif əlini ürəyinin
üstünə qoyub özü cavab versin, hansısa ölkədə meşələrin soyqırıma məruz qalmasının Azərbaycanın hərb tarixinə nə
aidiyyəti var? Həmin məsələ müəllifi narahat edirsə, onu ayrıca tədqiq etsin və
göndərsin həmin ölkələrə. Amma bir vətəndaş kimi Əkbər Nəcəfin nəzərinə
çatdırmaq istərdim ki, ölkənin müdafiəsi tələb edərsə müdafiə məqsədilə
ağacların qırılmasını da qəbul etmək olar, hələ bundan əlavə ölkənin hər bir vətəndaşı
da Vətənin müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.

Yazı müəllifi sonda haqqında yazdığı kitabın müəllifi haqqında əsassız
bir sıra qeyri-etik ifadələrə və mövzuya dəxli olmayan fikirlərə də yer
vermişdir. Bunları da buraxaq müəllifin insafına. Həyatı boyu hərbi mövzuda bir
tədqiqat aparmayan, habelə özünü savadlı və mədəni ziyalı sayacaq birisinin
ömrünün əz azı 30 ilini hərbi tədqiqatlara həsr edən və artıq 25 kitabı işıq
üzü görən birisi haqqında belə ifadələri işlətməkdə nə dərəcədə haqlı olduğunu
qoy o özü ətrafında olanlarla birlikdə müəyyənləşdirsin.

Yazının belə diletantlığı onun sifarişliliyi gümanı yarada bilər. Hər halda istəməzdik
buna inanaq. Ona görə də, müəllifə təklif edirik ki, çap olunduqda 8 səhifə
olan yazısının istənilən abzasını mötəbər sayıla biləcək mütəxəssislərlə və hərb
tarixi sahəsində az-çox araşdırma aparmış tədqiqatçılarla müzakirə etsin və əgər
onun fikri təsdiq olunsa bu yazının çap olunduğu saytın nümayəndəsinin iştirakı
ilə onunla görüşməyə, onu dinləməyə və düzgün fikirlərini nəzərə almağa
hazırıq. Düşünürük ki, respublikada hərb tarixi ilə məşğul olan tarixçilərin və
hərb işi üzrə təcrübəli mütəxəssislərin də bu görüşə dəvət edilməsi, onların
iştirakı ilə məsələnin aydınlaşdırılması bütünlükdə həyatını müqəddəs və şərəfli
xidmətə həsr edən hərbçilərlə bağlı sayğısız fikirlərin ictimailəşdirilməsinin
qarşısını almağa kömək etmiş olardı.

Sonda onu demək istərdik ki, hərb tarixi diletantlıq yeri deyil və
özfəaliyyəti qəbul etmir. Hər kəsin
bacara biləcəyi işlə məşğul olması yaxşı olardı”.


Bakı Post

Qalmaqal yaradan kitabın müəllifindən -  CAVAB yazısı
Qalmaqal yaradan kitabın müəllifindən -  CAVAB yazısı
Qalmaqal yaradan kitabın müəllifindən -  CAVAB yazısı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər