Deputat Fazil Mustafa ictimai nəqliyyatda havaların istiləşməsi ilə əlaqədar yaranan problemlə bağlı maraqlı təkliflə çıxış edib.
BakuPost xəbər verir ki, deputat avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaqla məsələni həll etməyin mümkün olduğunu deyib: "İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslara nəzər salıram. İçəridə oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər. Hiss olunur ki, hamıdan tər axır. Bəhanə edilir ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur.
Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri 50 faiz aşağı salmaq olmaz? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət endirimi kampaniyası”.