Ru
13:42 / 24 İyun 2017

Fitrə zəkatı nə vaxt və necə çıxarılmalıdır?

75286
Mübarək Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Bu bayrama İslam dünyasında Fitr bayramı da deyilir. Fitr sözü ərəbcədən fitrətə qayıdış anlamına gəlir. Yəni bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır. 


BakuPost.az "Report" Qafqaz Müsəlmanları İdarəsinin Sütəmurdov məscidinin axundu, ilahiyyatçı Hacı Fəxri Sadiqovun Fitr bayramı ilə bağlı məqaləsini təqdim edir.

 


Bu bayram uca Allahdan onun bəndələrinə olan sonsuz nemətinin bariz nümunəsidir


Bayram nəyə deyilir və nə vaxt qeyd olunur? Bu sual həmişə insanların maraq dairəsində olub. Hər hansı gərgin bir işin və ya hadisənin uğurlu sonluqla bitməsi bayramdır. Bu mübarək Ramazan ayının vacibatını yerinə yetirən möminlər gərgin keçən ilahi sınaqlardan uğurla çıxmalarını bayram kimi qeyd edirlər. Ramazan ayının vacibatını yerinə yetirərkən ilin bütün fəsillərinin özünəməxsus sınaqları var. İstər qızmar yay və ya soyuq qış fəslində insanın bioloji cəhətdən oruca tab gətirməsi həqiqətən də böyük sınağın uğurlu nəticəsidir.


Fitrə zəkatının verilməsi vacibdir


Ramazan bayramının gecəsinin və gündüzünün çoxlu fəzilətləri olduğu kimi, bəzi göstərişləri də var. Hər bir müsəlmanın bayram gecəsi gün batmazdan əvvəl ailəsinin və onun qazancından istifadə edənlərin (o vaxt evinə gələn qonağın və ya evində işləyən xidmətçinin) fitrə zəkatını ehtiyacı olan müsəlmana, yəni fəqirə verməsi vacibdir. Fitrə zəkatı insanın ilboyu ən çox istifadə etdiyi ərzaq məhsullarının üç kiloqramından çıxardılır. Bunlar arpa, buğda, düyü, xurma, kişmiş və qarğıdalıdan ibarətdir. Sadalanan bu ərzaqların həm də pulunu fitrə zəkatı kimi vermək olar.


Ramazan bayramı gününün göstərişlərindən əsası da Fitr namazıdır


Həzrəti peyğəmbər (ə.s.) və məsum imamlardan bu bayram barədə kifayət qədər könlü oxşayan hədislər var.


Allahın rəsulu (ə.s.) Ramazan bayramının gecəsi barədə buyurub: "Elə ki, fitr (bayramı) gecəsi oldu, o gecə mükafatlar gecəsi adlanır. Aləmlərin Rəbbi (oruc tutanlara) sonsuz mükafat bəxş edər”.


Mübarək Ramazan bayramı gününün göstərişlərindən əsası da Fitr namazıdır. Bu bayram namazının camaatla birgə qılınması tövsiyə olunur.


Bayram namazından əvvəl müsəlmanın qüsl etməsi və yeni, təmiz paltar geyinib, ətirlənib bayram namazına getməsi ən gözəl hal hesab edilir.

 


 


Yenə Allahın rəsulu (ə.s.) bayram günü barəsində buyurub: "Elə ki, fitr bayramı günü oldu, Allah öz mələklərini (oruc tutanların olduğu) bütün şəhərlərə göndərər. Elə ki, onlar yerə endilər, küçələrin girişində dayanıb uca səslə - ey Muhəmməd ümməti evlərinizdən Allaha tərəf (fitr namazı) üçün tələsin, o sizin mükafatlarınızı verib, günahlarınızı bağışlayar”.


Bu kimi çoxlu hədislərdən bir daha görünür ki, mübarək Ramazan bayramı uca Allahdan bəndələrə həqiqətən bir nemətdir. Bu neməti bəndələr də öz aralarında dəyələndirməlidirlər. Bayram günü küsülülər barışmalı, valideynlər ziyarət olunmalı, əgər valideyn dünyadan gedibsə, qəbrini ziyarət etmək lazımdır. Kimsəsizləri axtarmaq, şəhidlərin qəbirlərini ziyarət etmək və s. bəyənilmiş işləri görmək lazımdır.


Bu il mübarək Ramazan bayramı Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq iyunun 25-i bayram gecəsi (fitrə zəkatı çıxarılan gecə) və iyunun 26-sı bayram günü kimi qeyd olunacaq.


Xalqımızı bu ilahi bayram münasibətilə ürəkdən təbrik edirəm. Uca Allahın rəhməti daim sizinlə olsun. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər