Ru
11:17 / 27 Mart 2017

Erməniylə şərik olan türk şirkətinin Azərbaycandan qovulması tələb edilir

1785
Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi azərbaycanlıları erməni adlandıran türk iş adamı və onun vəkili Aslan İsmayılov ilə bağlı hüquq mühafizə orqanlarına müraciət hazırlayıb. Bu barədə CNNBaku-ya açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli məlumat verib. Onun sözlərinə görə, Türkiyənin aparıcı şirkətlərindən olan ”Əmrə piliç" şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oralın Bakıya gələrək keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir etməsi ölkə vətəndaşları, xüsusən qərbi azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin İstanbul doğumlu olduqlarına görə onları türk, Ermənistanda doğulan qərbi azərbaycanlıları isə erməni adlandırıb: "Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?” 

 



 

Erməni düşüncəsindən qaynaqlanan bu çıxışdan sonra ölkənin aparıcı media orqanlarında türk iş adamı Ömür Oral və onun hüquqlarını müdafiə edən Aslan İsmayılov qınaq obyektinə çevrildi. Bir çox siyasətçilər bunu Azərbaycan xalqına təhqir kimi qiymətləndirdi. Azərbaycan Qaçqınlar Cəmiyyəti isə türk iş adamının ölkəmizdən qovulması tələbi ilə bəyanat yaydı. İndi isə qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”. 


O, bildirib ki, müraciət artıq hazırlanıb və gələn həftə hüquq mühafizə orqanlarına göndəriləcək: "2008-ci ildən Azərbaycanda ticarət qurub, illər boyu buradan milyonlar qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey hesab etmirik. Cənab Ömür Oral heç olmasa ortaqlarının "yan” soyadından və "Sevan”, "Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirmişdir.

Azərbaycandan qazanılaraq erməni kisəsinə doldurulan milyonların bu illər ərzində güllələrə, mərmilərə çevrilərək  Azərbaycan əsgərinə tuşlanmadığına və gələcəkdə də tuşlanmayacağına kim zəmanət verə bilər?” 


Məlumata görə, Azərbaycan Qaçqınlar Cəmiyyətinin martın 30-da Azərbaycanlıların soyqırımı günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyi "Azərbaycanlıların soyqırımı: dünən və bu gün” adlı geniş tədbirdə bu məsələ bir daha gündəmə gətiriləcəkdir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər