Ru
23:26 / 19 Avqust 2017

"Ermənistan bu barbar siyasətini davam etdirir" - Hikmət Hacıyev

967
19 avqust dünya humanitar günü ilə əlaqədar BMT Baş Katibinin "mülkü insanlar münaqişələrdə hədəf olmamalıdır" (civilians in conflicts are #NotATarget) başlıqlı çağırışını dəstəkləyirik. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsində mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir.


BakuPost.az-ın məlumatına görə, bunu 19 avqust dünya humanitar günü ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.


Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsi nəticəsində beynəlxalq humanitar hüququn öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı qəsdən və məqsədyönlü şəkildə hərbi cinayətlər, insanlıq əleyhinə cinayət və soyqırım əməlləri törədilib: "İşğal olunmuş ərazilərdən bir milyondan artıq Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, Xocalı soyqırımı, 4000 nəfərdən artıq Azərbaycanlının hələ də itkin düşmüş vəziyyətdə olması bunun bariz sübutlarıdır. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları qəsdən hədəfə alaraq Ermənistan bu barbar siyasətini davam etdirir. 2016-cı ilin aprelində Ermənistanın bu kimi hücumları nəticəsində 30-dan artıq mülki şəxs yaralandı və aralarında uşaq da olmaqla 6 nəfər həlak oldu. Bu ilin 4 iyulunda Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azyaşlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi həlak oldu, daha bir mülki şəxs ağır yaralandı. Bu cinayətə görə beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla üzləşməsinə baxmayaraq Ermənistan bu günlərdə yenə təxribat törədərək daha bir uşağın yaralanmasının səbəbkarı oldu.


Mülki Azərbaycan əhalisinə qarşı törətdiyi bu cinayətlərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər onun siyasi-hərbi rəhbərliyi də məsuliyyət daşıyır.


Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində müstəqilliyinin ilk illərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakəti ilə üzləşdi. Ona görə də 19 avqust dünya humanitar günü münaqişədən əziyyət çəkən mülki insanlara yardım göstərilməsi baxımdan da Azərbaycan üçün əlamətdardır. Biz həmin dövrdə Azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərən BMT-nin müvafiq strukturları və onların əməkdaşlarının dəstəyini yüksək qiymətləndiririk.


Azərbaycan bu gün əldə etdiyi inkişaf sayəsində humanizm prinsiplərinə sadiq olaraq beynəlxalq humanitar missiyaları dəstəkləyir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə müxtəlif qitələrdə humanitar yardım və davamlı inkişaf layihələrini həyata keçirirlər".

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər