Elzaya imkan verməyək

Ceyhun Musaoğlu 
 
Özü də "Xalqın şairi”. Bu ad adamı diksindirir. Əlbəttə, televiziya layihəsidir, belə təqdimatların başqa efirlərdə də şahidi olmuşuq, ancaq ARB TV gərək "xalq” titulunu şairliyə yapışdırmasın.

Şairlik müqəddəsdir. Oxumaq, oynamaq, çalmaq deyil şairlik, gərək bu sənətə münasibətdə şou elementlərindən istifadə etməyəsən. Şairi seçməzlər, şair özü mistik qüvvələrin köməyi – istedadın gücü ilə seçilər.

Olsun. "Xalqın şairi” adlı şeir müsabiqəsini keçirməkdə hər bir televiziya azaddır və deylənlərə görə, o müsabiqənin seçim turuna start verilib. Axar.az-dan oxudum: Müsabiqənin münsiflər heyətində Baba Vəziroğlu, Aşıq Əhliman, Qulu Ağsəslə bərabər Elza Seyidcahan da təmsil olunur. Əvvəlki 3 imza şeiriyyatda iz qoymuşlardır, Elza xanımı onlara bərəbər tutmaq?.. Ona görə ki, müsabiqə şouya çevrilsin?.. Ona görə ki, Elza xanımın məntiqsiz və savadsız yanaşmaları sosial şəbəkələrin dilinə düşsün, nəticədə müsabiqə dilə-dişə düşsün?..

Yəqin təşkilatçılar belə yanaşma ilə şeiriyyat aləminin məsxərəyə çevriləcəyini bilmirlər. Yoxsa inanmıram, onlar

Udum-udum,

Qurtum-qurtum,
İçim-içim,
Didim-didim,
Sicim-sicim
Kilim-kilim,
Dilim-Dilim,
Bilim-bilim,
Yıyım-yıyım
Tüpürüm sizə,
Hündür ağac başından? – kimi "sözləri” ətrafa səpələyən Elza ilə

Ta günə satmıram günü,

Gedək, hərraca çıxarım.

Məni oxşa pişik kimi

Səni ağaca çıxarım

***

Çırtlayıb atdığım sözlər

Ürəyinə dəyər birdən.

Ayaq üstə ölmüşəm ki

Götürən olmasın yerdən.

***

Allah dünya bazarının

Dalına daş qoyub gedib.

Vitrinə bir udum hava

Bir damla yaş qoyub gedib... – mirvari dənəcəyinə bəzəyən sözləri düşüncəmizə düzən Qulu Ağsəslə eyniləşdirsinlər.

Aşıq Əhlimanı da, Baba Vəziroğlunu da həmçinin. İnanmıram ki, bu istedadlı insanları Elza ilə eyni tərəzidə görsün təşkilatçılar.

Vəziyyətin bu həddə çatmasında bütün enerjisini sosial şəbəkələrdə əridən jurnalistikanın rolu var. Statuslarda yoxa çıxmaqla məşğuluq. Halbuki həmin müsabiqə barədə yazı hazırlasaq, daha effektli olar. Hansı təşkilat keçirir? Hansı televiziyada yayımlanacaq? Televiziyanın rəhbərliyi münsifləri hansı kriteriyalarla seçib? Nəhayət, Elza xanımın şeirə qiymət vermə bacarığının, istedadının, özünün şairlik səviyyəsinin ölçülməsi hansı üsulla aparılıb? Dördcə suala cavab alaraq, yazmaqla və tirajlamaqla nəticəyə nail ola bilərik.

Təşkilatçı Elza xanımı əla şair hesab edə bilər, ardından istedadlı şairlərdən münasibət öyrənirik. Yəqin, onlar Elza xanımın şeirlərinin "söz yığını” olduğunu deyəcək və belə adamın şeirə qiymət verməsini qəbahət hesab edəcək. Jurnalistika böyük iş görmüş olar - şeirə olan münasibəti rəzalətdən qurtarar, şeiri aşağılanmaqdan xilas edər. Əgər təşkilatçılar Elza xanımın şeir bilicisi kimi təqdimatında problem görmədiklərini desələr, yazımıza P.S. əlavə edərik: "Onda xəstəsini ölüdürən həkimə də etiraz etməyək. O həkimin tibb haqqında anlayışı ilə Elza xanımın şeir biliciliyi arasında fərq yoxdur. Birisi xəstəni bədbəxt edir, o birisi oxucunu”.

Axar.az saytına çox minnətdaram, bu mövzuda yazı hazırlayıb, amma son nöqtəni qoymayıb. Qulu Ağsəsdən, Aşıq Əhlimandan, Baba Vəziroğlundan soruşmaq olar axı, Elza xanımla bir cərgədə olmaqdan, onun da şeirə qiymət verəcəyindən məmnunsunuzmu?

Jurnalistin alt məqsədi yazısında qaldırdığı problemin həllinə nail olmaqdır. Elza xanımın bəstə, ifa müsabiqəsində münsif olması tam yerindədir, şeir müsabiqəsində onun münsifliyinin heç adı yoxdur.

İnanın, o müsabiqə tarixə ancaq Elza xanımın adı ilə düşəcək. Aygün Kazımovanın sonuncu "Sus" adlı klipinə baxdım, "mahnı"sını dinlədim. Klipdəki açıqlıq heç, özü bilər, amma musiqi sıfır, sözlər sıfır. Saytlarımız isə o mahnını "möhtəşəm" adı ilə təqdim etdi. Vallah belə olmaz. Zövqlərin korlanması ən böyük bəladır. Sabah kimsə Tofiq Quliyevi bəyənməyəcək, Elza İbrahimovanım mahnısını Elza Seyidcahanın mahnısına qurban verəcək. Əsas seçmək bacarığıdır. Pisi seçmək faciədir. Biz insanlarımızı pisi seçməyə yönəldirik. Sonu uçurumdur bu yolun...
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

22 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər