Elmlər namizədi olan partiya sədri əsri yarıladı - Əli Əliyev 50-yə çatdı

Bu gün Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyevin 50 yaşı tamam olur.


BakuPost.az xəbər verir ki, Əli Nadir oğlu Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. 1974-84-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 45 saylı orta məktəbdə təhsil alıb. 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universitetinə (AzTU)) daxil olub, həmin institutu 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə AzTU-nun Biokimya Kafedrasında əmək fəaliyyətinə başlayıb. Hal-hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir. 


Milli-azadlıq hərəkatının fəal iştirakçısı və 1989-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olub. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. 2005-ci ildə AMİP-in qurultayında partiyanın sədri seçilib. 

Partiyadakı fikir ayrılığına görə, Ə.Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədri olub. 

2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) "İnsan Naminə” seçki blokuna rəhbərlik edib. Ə.Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib.

Ə.Əliyev 2015-ci il parlament seçkiləri ərəfəsində bir qrup müxalifət partiyası tərəfindən yaradılmış "Azadlıq-2015” seçki blokunun təsisçilərindən biri olub. Lakin VİP sədrinin həmin seçkilərdə də parlamentdə təmsilçilik iddiası reallaşmayıb. 

Sosial şəbəkələrdə davamlı aktivliyi ilə seçilən siyasətçilər sırasında olan Ə.Əliyev özünün "Facebook”səhifəsində ölkədə və dünyada və baş verən ciddi hadisələrə operativ münasibət bildirir. 


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər