Ru
16:40 / 14 İyun 2018

Elman Rüstəmov 3 il sonra etiraf etdi

4626
"Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur". BakuPost-un APA TV-ə istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.


İl ərzində neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov bildirib ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30 faiz yüksəkdir: "Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb oldu. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artdı. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli, valyuta təklifi tələbdən yüksəkdir. Həmişə bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur. Bizim əsas hədəfimiz inflyasiyadır. Düzdür, məzənnə də hədəflərdəndir. Amma məzənnənin inflyasiyaya təsiri əsas hədəflərdəndir".


Elman Rüstəmov qeyd edib ki, devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığı qənaətbəxş səviyyədə deyil. Onun sözlərinə görə, qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə cəmiyyətin bunu devalvasiya adlandırması düzgün deyil: "Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir".


Elman Rüstəmov iri nominallı pulların dövriyyəyə buraxılmasını şərtləndirən amilləri də açıqlayıb. Onun sözlərinə görə, iri nominallı pulların dövriyyəyə buraxılması tələbin artması demək deyil: "200 manatlıq pullar dövriyyənin asanlaşdırılması, dövlət xərclərinin azaldılmasına xidmət edir. 200 manat həcmcə böyük ola bilər, amma 2 pul əvəzinə 1 pul işlənəndə xərclərə qənaət etmək olur. Böyük nominallı pulların makroiqtisadi dinamika, inflyasiya ilə bağlı heç bir əlaqəsi yoxdur. Hazırda nağd pulların çəkisi çoxdur. Biz araşdırma aparmışıq və məlum olub ki, nağd pulun böyük hissəsi biznes arasında hesablaşmalarda istifadə olunur. Bu da böyük nominallı pullara ehtiyac yaradır. Dövriyyənin də azaldılması üçün böyük nominallı pullar tələb olunur. Yaxın gələcəkdə "Nağdsız Azərbaycan" adlı dövlət proqramı qəbul edəcəyik. Bu proqramın məqsədi nağd pul dövriyyəsini şərtləndirən bütün problemlərin aradan qaldırılmasıdır".


E.Rüstəmov qeyd edib ki, banklar istədiyi həcmdə 200 manatlıq əsginas sifariş verə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər