Ru
16:16 / 22 İyul 2017

“Elə jurnalist var ki, Milli Məclisin işini deputatlardan yaxşı bilir” - Elşad Eyvazlı

4025

Azərbaycan
Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının və "Reket"
Jurnalistikayla Mübarizə Komissiyasının üzvü, Parlament Jurnalistləri
Birliyinin sədri, "Modern Media Group”un direktoru Elşad Eyvazlı "Ölkə.Az”a müsahibə verib.


BakuPost.az həmin müsahibəni təqdim edir:

- Bu gün
Azərbaycan Milli Mətbuatının 142 yaşı tamam olur. Ötən bu müddət ərzində Azərbaycan
Milli Mətbuatının keçdiyi yolu necə təsvir edərdiniz?

- Hər il
22 iyulu Milli Mətbuat günü kimi qeyd edirik. Bu il Milli Mətbuatımızın 142
yaşı tamam olacaq. Bu, böyük tarixdir. Hətta qardaş Türkiyə mətbuatının bu qədər
böyük tarixi yoxdur. 22 iyulu bizə bəxş edən kişilərlə hər birimiz fəxr etməli
və qürur duymalıyıq. Həm də bunun məsuliyyətini hiss etməliyik.


Gerçək
jurnalist həm də Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu Milli Mətbuatın
bu gün davamçısıdır. İndi jurnalistlərimiz bu işi nə qədər layiqli davam etdirə
bilirlər, bunu birmənalı söyləmək çətindir. Bu gün Azərbaycan mətbuatında
mövcud olan bəzi problemlərlə bağlı suallara birmənalı cavab vermək mümkün
deyil. Bunun da öz səbəbləri var. Bilirsiniz, vəziyyət elə sürətlə dəyişir ki,
bəzən insan düşüncəsi belə bununla ayaqlaşmaqda çətinlik çəkir. Hesab edirəm
ki, dünyanın heç bir ölkəsində mətbuatın vəziyyəti ürəkaçan deyil. Misal üçün,
dünyanın ən demokratik dövləti sayılan ABŞ-da prezident Donald Trampın bu
yaxınlarda "CNN”-lə bağlı "hoqqası"nı xatırlayın. ABŞ dövlət başçısı
dünyanın aparıcı media qurumlarından olan "CNN”-ə bu cür münasibət göstərirsə,
Şimali Koreyada, yaxud da Rusiyada mətbuata fərqli münasibət gözləmək sadəlövhlük
olar. Bu münasibət çox təəssüf ki, dünyada tendensiyaya çevrilir. Neyləyək ki,
taleyimizi bağladığımız mediaya dünyada hazırkı münasibət belədir.

Azərbaycan
mediasında olan vəziyyətə gəldikdə isə deyim ki, bizim mətbuatımızda ortaya
çıxan problemlərə görə mən çox vaxt günahı jurnalistlərdə görmüşəm. Doğrudur,
buna görə bəzi dostlar məni qınayır, bunun düzgün yanaşma olmadığı iddiasını irəli
sürürlər. Ancaq mən bunun tərəfdarı deyiləm.


Düşünürəm ki, Azərbaycanda ciddi
media rəhbərləri bir araya gəlib, ölkəmizdə medianın inkişafı üçün daha da irəli
gedə bilərlər. Bu gün bəzi dostlardan soruşsan ki, Azərbaycanda medianın vəziyyəti
necədir? Bir qism deyəcək ki, hər şey çox gözəldir. Bəziləri isə vəziyyətin çox
bərbad olduğunu deyəcəklər.


Mən bunların heç birini qəbul etmirəm. Düşünürəm
ki, Azərbaycanda cəmiyyətin vəziyyəti medianın vəziyyəti ilə eynidir. Bizim cəmiyyətdən
önə keçmək və ya ya arxada qalmaq şansımız yoxdur. Biz cəmiyyətin bir hissəsiyik.

Bu gün
Azərbaycan mediasının cəmiyyətdə rəy formalaşdırması, ictimai fikrə təsir etməsi
başqa məsələdir. Ona görə bu kimi məqamlarda hər birimiz zərgər dəqiqliyi ilə
işləməliyik. Bu məsələdə şəxsi mənafedən, sifarişdən, üzdə bir cür, arxada
başqa şəkildə görünməkdən uzaq olmalıyıq. Ana xəttimiz müstəqil Azərbaycan
olmalıdır. Əks halda 142-ci ilini qeyd edəcəyimiz "Əkinçi" ənənələrinə
qarşı çıxmış oluruq. Bilirsiniz, indi dünyada güclülər tarixə istinad etmirlər.
Bu, yanlışdır, yoxsa doğru məsələ ətrafında uzun müzakirələr aparmaq olar. Amma
bu, həm də çağdaş dünyamızın gerçəkliyidir. Bəli, tariximizlə fəxr etməliyik,
amma düşüncələr dünəndə ilişib qalmamalıdır. Sənin tarixin var, çox yaxşı, amma
sən o tarixi kağız üzərində deyil, olduğu kimi gələcəyə apara bilməyəcəksənsə,
problemlər olacaq.


-
Bildiyimə görə, jurnalistlər üçün inşa edilmiş binalarla bağlı məsələni vaxtilə
ilk gündəmə gətirən, ictimailəşdirən əsas şəxslərdən biri siz olmusunuz. İndi bəzi
adamlar belə düşünür ki, Elşad Eyvazlı həmin binadan özünə ev alandan sonra həmkarlarının
problemlərini qaldırmaqda əvvəlki kimi səy göstərmir. Bu cür fikirlərlə nə qədər
razısınız?

- Sən
ortadasansa daş atan çox olacaq. Vaxtını bu daşlara sərf etsən, itib
batacaqsan.

Bəli,
2000-ci illərdə bu təşəbbüslə çıxış etmişik. O zaman "Reytinq" qəzeti "Jurnalist" Mənzil Tikinti
Kooperativi yaratmışdı. Parlament Jurnalistlər Birliyi o dövrdən Azərbaycanda ən
aktiv jurnalist təşkilatıdır. Ona görə də "Reytinq"dəki dostlar böyük
məmnuniyyətlə estafeti bizə verdilər. Həmin vaxt bu məsələ ilə bağlı Parlament
Jurnalistlər Birliyi çox fəallıq göstərirdi. Hətta məsələ o qədər böyümüşdü və
dövlətin diqqətini cəlb etmişdi ki, Bakıda bir neçə ərazidə jurnalistlərə mənzil
tikilməsi üçün bizə yer təklif edildi. Tikinti şirkətləri bizə bildirirdilər
ki, siz iki hündürmərtəbəli bina üçün yer alın, birini özümüz üçün tikəcəyik,
digərini isə sizə hazır vəziyyətdə pulsuz təhvil verəcəyik. Həmin vaxt bu məsələlərlə
bağlı keçmiş İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi və Bakı şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşlərimiz oldu. Bu məsələnin
ictimai dəstək qazanmasında Milli Məclisin bir sıra deputatlarının da böyük
rolu olub. İlk gündən Mətbuat Şurasının sədri Əflatun Amaşov bizə dəstək verib
və o vaxt Hacıbala Abutalıbovla görüşdə iştirak edib.

Uzun çalışmalardan sonra məsələ
cənab Prezident İlham Əliyevə çatdırıldı. Bu işdə Prezidentin köməkçisi hörmətli
Əli Həsənovun xüsusi xidmətləri var.

Sevindirici haldır ki, artıq
jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilən ikinci hündürmərtəbəli
bina da tam hazırdır və siyahı açıqlandı. İnşallah jurnalistlər üçün inşa ediləcək
üçüncü bina da yaxın illərdə sahiblərinə təqdim olunar.

Bütövlükdə götürəndə
jurnalistlər üçün inşa edilən mənzil məsələsi təqdirəlayiqdir. Dünyanın heç bir
ölkəsində dövlət tərəfindən jurnalistlərə pulsuz mənzil verilmir. Burada əsas məsələ
mənzil verilən jurnalistlərin qarşısında heç bir şərtin qoyulmamasıdır. Yəni, mənzil
verilən jurnalistlərin qarşısında sərbəst yazmaları ilə bağlı heç bir şərt və
ya məhdudiyyət qoyulmur. Mənzillər sırf ölkə başçısının göstərişi və dövlət vəsaiti
hesabına tikilib ehtiyacı olan jurnalistlərə verilir. Kimlərinsə buna mənfi
çalarlar qatmaq istəyi isə başa düşülən deyil. Hətta ən radikal yazan
"Azadlıq” qəzetinin 2-3 jurnalistinə də mənzil verilib.


Ümumiyyətlə, jurnalistikada
yaxşı xidmət etmək iqtidar-müxalifət mətbuatında çalışmaqla ölçülməməlidir.
Doğrudur, son illər Azərbaycan jurnalistikası bir qədər siyasiləşib və
qütbləşib. Ancaq illər öncə "Azərtac” dövlət agentliyində çalışmış jurnalist həm
"Azadlıq”, həm "Yeni Müsavat”, həm də digər qəzetlərdə çox rahat işləyə
bilirdi. Yəni, jurnalistin siyasi mövqeyi yox idi. Onlar sırf jurnalist fəaliyyəti
ilə məşğul idilər. Ancaq son illər bu məsələ ilə bağlı müəyyən problemlər
ortaya çıxıb. İndi nəinki Azərbaycan mətbuatı, o cümlədən dünya mətbuatı 10-15
il öncə yazılan yazıları bu gün yaza bilmir. Misal üçün, mənim Almaniyada
jurnalist dostlarım var. Onlar da söyləyirlər ki, Almaniyada heç bir mətbuat
orqanı dövlət siyasətindən kənar fəaliyyət göstərə bilməz və yaza bilməz.
Almaniyada media açıq şəkildə dövlətə xidmət edir. Mən də hesab edirəm ki,
media hakimiyyətə deyil, dövlətə xidmət etməlidir. Artıq Azərbaycanda da bu ənənə
formalaşıb və media dövlətə xidmət edir. Bu gün Azərbaycan və Türkiyə mediası
da dövlət maraqlarına görə 15-20 il əvvəlki kimi yaza bilmirlər. Bu gün Azərbaycana
və Türkiyəyə qarşı ciddi kənar təhdidlər var və bunun həyata keçirilməsində
medianın da gücündən istifadə etmək məqsədi güdülür. Azərbaycan mediası isə bu
cür təhdidlərə qarşı dövlətin maraqlarını üstün tutur. Hesab edirəm ki, Azərbaycanın
bütün jurnalistləri dövlət maraqlarını daim üstün tutmalıdırlar. Biz hər zaman
dövlətçilik maraqlarından çıxış etməliyik. Mən demirəm ki, hakimiyyəti tənqid
etməyək. Hakimiyyəti tənqid etmək olar, ancaq dövlətin maraqlarını qorumaq
borcumuzdur.

- Ötən dəfə
jurnalistlərin binasından sizə də ev verilmişdi. Qonşularınız kimlərdir və
onlardan razısınız?

- Qonşularımdan biri Roza
Əliqızı, biri isə Qənirə Ataşovadır. Digər ikisini isə tanımıram. Mən adətən
qonşularla çox ünsiyyət saxlamıram. İşdən evə gələndə həyətə düşüb ümumi
binanın sakinləri ilə söhbət edirik. Açığı deyim ki, indiyədək kimin neçənci mərtəbədə
yaşadığını da bilmirəm. Binaya yeni köçəndə də bir-iki dəfə bayramı bir yerdə
keçirtmişik. Ancaq bayramlarda kiməsə zəng edib, mesaj yazmaq mənim xarakterimə
yaddır. Hətta bayramlarda özüm üçün müqəddəs saydığım atama belə mesaj yazıb təbrik
etməmişəm. Bayramlaşmaq nəsə mənə aid məsələ deyil. Ola bilər ki, Novruz
bayramlarında övladlarım harasa gedib papaq atırlar və sairə.

- Bir ara şayiə
yayılmışdı ki, jurnalistlərin binasında yaşayan jurnalistlərdən bəzisi evlərini
kirayə verirlər və sairə. Heç belə hallarla rastlaşmısınız?


- Səmimi deyim, o qədər
iş-güc var ki, beynimdə belə məsələlərə yer ayırmaq imkanım yoxdur. Bu,
insanların şəxsi işidir.


- Parlament
Jurnalistlər Birliyinin jurnalistlərlə bağlı yeni təklifləri varmı?

- Bilirsiniz, bizim indiyə qədər
qaldırdığımız çox məsələlər olub, kifayət qədər ciddi təşəbbüslərimiz
ortadadır. Misal üçün, 2014-cü ilin avqust hadisələri baş verəndə biz Parlament
Jurnalistlər Birliyi olaraq cəbhə bölgəsinə səfərlər təşkil etmişik. Cəbhə xəbərləri
yazan jurnalistlərin ciddi səhvlərə yol verdiklərini görürdüm. Şəxsən o vaxt 4
gün ərzində bütün cəbhəboyu ərazilərdə olduq. Mən müxbirlərlə bir yerdə olanda
özümü daha güclü, daha yaxşı hiss edirəm. Amma bir sual verəcəm, son 15-20 ildə
hansısa media qurumunun rəhbərini müxbirlərlə bir yerdə yazı hazırlayan
görmüsünüz? Əsl jurnalistika müxbirlərin yanındadır.

Jurnalist həmrəyliyi ilə
bağlı da təkliflərimiz var. Biz "Əkinçi” qəzetinin simvolik nüsxəsini
buraxmışıq. Parlament Jurnalistlər Birliyi Türkiyədə "Əkinçi” qəzetini kitab
halında çap etdirib və 300-dən artıq türkiyəli jurnalistin iştirakı ilə kitabın
təqdimatını keçirmişik.

Bundan başqa, jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə
bağlı təkliflərimiz var. Bunu biz kosmosdan söyləmirik. Bu, ən azı qardaş
Türkiyənin təcrübəsində var. Türkiyədə jurnalistlər ictimai nəqliyyatdan pulsuz
istifadə edirlər. Bunu Azərbaycanda da reallaşdırmaq mümkündür. Bəzən bu təklifimizə
görə bizə əks arqumentlər qoyulur. Bildirirlər ki, guya bu reallaşsa, Azərbaycanda
jurnalist ordusu yaranacaq və sairə. Ancaq mən belə düşünmürəm. Azərbaycanda əsl
jurnalistlərin kimlər olduğunu hamı tanıyır və bilir. Bunun üçün Mətbuat
Şurası, KİV DF var. Bu qurumlar tərəfindən əsl jurnalistlərə ictimai nəqliyyaatdan
pulsuz istifadə üçün müvafiq kartlar verilə bilər. Əgər media kartı "reket”
jurnalistlərə də veriləcəksə, bunun problemi bizdə olmayacaq. Əksinə, bu
reallaşsa, jurnalistlərə əlavə stimul olar.


Başqa bir məsələ da var.
Sanki 10-15 il öncəki vəziyyətlə müqayisədə indi yeni təşəbbüslərə yer yoxdur.
Bu isə doğru hal deyil. İnsanlar səhv etməkdən çox qorxurlar. Amma iş və hərəkət
varsa, orada müəyyən səhvlərin də olması gözləniləndir. Birdə görürsən ki,
insan xeyli düz iş görür, ancaq bir dəfə də sağ ol deyilmir. Amma bir səhv işi
olan kimi gözdən salınır. Bu cür hallardan ehtiyyat edən jurnalistlərimiz,
redaktorlarımız var. Mən bunu doğru qəbul etmirəm.

Parlament Jurnalistləri
Birliyi öz fəaliyyətini davam etdirir.


- Bəs Milli Məclisin
sədri Oqtay Əsədovla parlament jurnalistləri arasında nə üçün görüşlər təşkil
olunmur?

- Bu gün Milli Məclis sədrinin
müavinləri ilə jurnalistlərin görüşü, müsahibələri olur. Bu məsələdə heç bir
problem yoxdur. Şəxsən mən də spikerlə parlament jurnalistlərinin görüşünün
olmasını çox istərdim. Düşünürəm ki, biz bu məsələni Milli Məclisin mətbuat
katibinin də diqqətinə çatdıra bilərik. Biz bu cür məsələləri zaman-zaman gündəmə
gətirmişik. Bir halda ki, ölkə başçısı jurnalistlərlə görüşür, onların problemləri
ilə yaxından maraqlanır, onun həllinə çalışır, o zaman hər bir vəzifəli şəxs və
dövlət məmuru üçün də bu bir nümunə olmalıdır.


- Jurnalistlər tərəfindən
tənqid olunan deputatlar sizin vasitənizlə barələrində gedən yazıların
dayandırılmasını istəyirlərmi?

- Səmimi deyim ki, əvvəllər
belə hallar daha çox olurdu. Ancaq son illər belə halların sayı azalıb. Mən məmur
və deputatlara görə jurnalistlərdən nə isə xahiş etməmişəm. Onlar millət vəkilləridirlər.
Ona görə də elə danışmalıdırlar ki, sabah problem olmasın, danışıqlarına görə
jurnalistlərin tənqidlərinə məruz qalmasınlar.

Bəzən bizdə elə deputatlar
olur ki, danışandan sonra fikirlərini təkzib etməyə çalışır. Bu cür hallarla
"Modern.az” daha çox qarşılaşır. Ancaq biz bu cür məsələlərdə jurnalist həmkarlarımızdan
fərqlənmirik. Bu cür problemləri bizdən çox yaşayan olmur. Bunun da səbəbi odur
ki, "Modern.az” Milli Məclislə bağlı daha çox xəbər verir.

Misal üçün, deputat Ağacan
Abıyev bizə açıqlama verir, sonra isə deyir ki, mən belə sözlər deməmişəm.
Diktafonda səsinə qulaq asdırırsan, yenə dediyi sözün üstündən qaçır. Bu cür hərəkətlər
doğru deyil. Sonra da deyirlər ki, biz bunu yazmaq üçün deməmişik və sairə. O
zaman sual olunur ki, mən jurnalistəm, sən bunu mənə nə üçün demisən? Bu kimi
problemlər var.


Parlament Jurnalistlər
Birliyi deputatları qorumaq üçün yaradılmayıb. Parlament Jurnalistlər Birliyi
Milli Məclisin işini cəmiyyətə çatdırmaq və mövcud məsələlərin birgə həll edilməsi
üçün fəaliyyət göstərən təşkilatdır. Bu istiqamətdə də bizim kifayət qədər
geniş işlərimiz olub. Dəfələrlə sorğular keçirmişik, qanunvericilikdə hansı sahələrdə
problemlər və ya boşluqların olmasını öyrənmişik. Hətta, bu gün elə parlament
jurnalistlərimiz var ki, Milli Məclisin işini bəzi deputatlardan yaxşı bilirlər.
Bu ənənə var və davam edir. Yenə də deyirəm ki, biz heç zaman deputatları
qorumaq üçün yaranmamışıq. Bundan sonra da belə fikrimiz yoxdur.


- Jurnalist həmkarlarınızı
müdafiə etdiyinizə görə sizdən incik düşən deputatlar olub?

- Təbii ki, var. Jurnalistlərə
görə məndən incik düşən xeyli deputat olub. Millət vəkili elə bilib ki, həmin məqamda
jurnalisti deyil, onu müdafiə edəcəm. Ancaq tam əksini görüb, bu isə mənim
borcumdur.


Etiraf edək ki, bəzən
jurnalistlərin içərisində də fikirləri təhrif edib cəmiyyətə çatdıranlar olur.
Bu da olmamalıdır. Milli Məclisin sabiq sədri rəhmətlik Murtuz Ələsgərovun
vaxtında jurnalistlərimiz arasında çox güclü həmrəylik var idi. O dövrdə biz
70-dən çox "reket” jurnalisti Milli Məclisdən çıxarmağa nail olmuşuq. Bununla
da parlament həmin adamlardan təmizlənmişdi. Hətta, buna görə 2 il mən məhkəmələrə
gedib-gəlmişəm.


- Siz həm də cəmiyyətdə,
xüsusilə mediada Kəlbəcər təəssübkeşi kimi tanınırsınız. Rəhbəri olduğunuz
sayta diqqət edəndə də bunu görmək olur.

- Bu gün Azərbaycanın
Qarabağ bölgəsi, ümumən torpaqlarımızın 20 faizi işğal altındadır. Dövlətimizin
ərazi bütövlüyü pozulub. Hər bir azərbaycanlı kimi mənim də ən böyük istəyim Azərbaycanın
ərazi bütövlüyünün təmin olunmasıdır. Bütün fəaliyyətim bununla bağlıdır. Bir
müstəqil ölkənin vətəndaşı üçün onun ölkəsinin ərazi bütövlüyü, sərhədlərinin
toxunulmazlığı kimi vacib, müqəddəs bir şey tanımıram. Ona görə də belə məsələlərə
özümdən asılı olmayaraq çox həssas yanaşıram. Və inanın ki, işğal olunmuş digər
bölgələrimiz də Kəlbəcər qədər mənə doğmadır. Şuşa isə mənə daha çox əziz və
doğmadır. - Rəhbərlik etdiyiniz "Modern.az” portalını böyütmək fikriniz var?

- Təbii ki, var. Hətta, Azərbaycan
dili ilə yanaşı, rus, ingilis və digər xarici dillərdə də fəaliyyət göstərmək
istərdik. Ancaq bunun üçün müəyyən maddi güc tələb olunur.

Fəaliyyətə başladığımız ilk
gündən Qarabağ məsələsi bizim üçün prioritet olub.

Hər bir baş redaktor istəyər
ki, redaksiyası daha da böyük olsun, inkişaf etsin. İnsan belədir ki, 30 yaşadək
arzular, xəyallarla dolu olur. İnsan 30 yaşı adlayandan sonra xəyallar işə
yaramır, reallıq nədirsə, onunla ayaqlaşırsan. Bu gün bizim gerçəkliyimiz:
tanınan xəbər portalı kimi 8 ildir ki, fəaliyyət göstəririk. Bütün tərəflərdə
etibar qazanmışıq. Sifarişdən tam uzağıq. Ancaq hazırkı vəziyyətdə maddi vəsaitimiz
və resurslar imkan vermir ki, əlavə işçilər götürək, xarici dillərdə də fəaliyyətə
başlayaq, internet televiziyamızı yaradaq və s.


- Nə vaxtsa
jurnalistikadan getmək barədə düşünmüsünüzmü?

- Bəzən dostlar deyir ki,
30-40 yaşdan sonra jurnalistikada qalmaq çətindir. Sonra da bunu 50 yaşa
qaldırdılar. Mənim 40-dan çox yaşım var. Bizim taleyimiz də jurnalistikaya
bağlıdır. Jurnalistika sanki xoşxassəli bir xəstəlikdir, adam bu xəstəlikdən
can qurtara bilmir. İlk baxışdan düşünürsən ki, buradan ayrıldımsa, bütün
həyatım puç olacaq və sairə. Ancaq heç də elə deyil. Jurnalistikadan gedəndən
sonra maddi vəziyyəti yaxşılaşan, yaxşı işi və şəraiti olan o qədər adam
tanıyıram ki. Amma mən özümü hələ ki, jurnalistikadan ayrı görmək düşüncəsində
deyiləm. Çünki orta məktəbdən jurnalist olmaq istəmişəm. Bu gün də arzularım
reallaşıb. Mənim ciddi maddi imkanım olsa, gələcəkdə başqa bizneslə məşğul
olmaram, sırf media sahəsinə investisiya qoyaram. Hətta ciddi maddi imkanım
olarsa, Azərbaycanda alternativimiz olmaz düşüncəsindəyəm. Bu fikri hər kəs
söyləyə bilər. Amma bunu reallaşdırmaq təkcə maddi imkana bağlı deyil.
Potensialdan da çox şey asılıdır. Bu gün bizim redaksiyada çalışanların da buna
potensialı var, ancaq maddi durum hələlik buna imkan vermir. Əgər elə imkanım
yaranarsa, ilk növbədə bunu reallaşdırmağa çalışaram. Qalan problemlər isə tədricən
öz həllini tapacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər