Ru
14:17 / 22 Yanvar 2018

Ehtirasın doğurduğu cinayət, siyasətçiləri narahat edən əsər... - Yeni kitablar satışda

5255
Qanun Nəşrlər Evində yeni kitablar nəşr olunub. 


BakuPost xəbər verir ki, bunlar Corc Oruelin "Kataloniyaya Məhəbbətlə”,  Çarlz Bukovskinin "Hollivud”, Pavel Zaqrebelnının "Roksalana”, Emil Zolyanın "Tereza Raken” adlı romanları, "Şerlok Holms seriyasından "Şeytan ayağı” adlı hekayələr toplusu, "Kitabı Dədə Qorqud” dastanı, Nizami Gəncəvinin "Yeddi Gözəl” poeması əsasında yaranmış eyniadlı dastan, Nil Donald Uolşun "Tanrı ilə söhbət”, Erik Bernin "İnsanların oynadığı oyunlar”, Entoni Giddensin "Əlimizdən çıxan dünya” adlı kidablarıdır. 


Corc Oruel seriyasına möhtəşəm davam! 


KATALONİYAYA MƏHƏBBƏTLƏ – Corc Oruel


Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirib. Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruel 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunub, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən "Kataloniyaya məhəbbətlə” kitabını qələmə alıb.

Bu sənədli povest İspaniyada vətəndaş müharibəsini nəinki öz gözləriylə görmüş, hətta onun bilavasitə iştirakçısı olmuş qələm sahibinin sanballı əsərlərindəndir. Müharibə bütün ziddiyyətləri və pislikləriylə, ondan bəhrələnmək istəyənlərin oyun və yalanlarıyla, habelə uğrunda vuruşduğuna inananların fədakarlıqlarıyla qələmə alınıb. Həm də bu kitab o vaxt bəzi siyasətçilər üçün çox "narahatlıq” yaradıb, ona görə də ciddi "əl gəzdirilərək” buraxılıb.


Tərcümə Əli Nəcəfxanlıya  məxsusdur. 


Real həyatdan bir parça – "Hollivud”! 


HOLLİVUD – Çarlz Bukovski


Bəzən ifrat naturalizmə müraciət edərək oxucunu şoka salmağına baxmayaraq, Bukovskinin mətnlərində özünəməxsus lirika, sentimentallıq hiss olunur. "Hollivud” romanının əsasında gerçək bir həyat ha¬disəsi dayanır: Bukovski rejissor Barbet Şrö¬derin 1987-ci ildə təqdim etdiyi "Əyyaş” filmi¬nin ssenarisini yazan zaman baş verən hadisələrdən söhbət açır. Filmdə məşhur aktyorlar – Mikki Rurk, Fey Danauey rol almışdılar. Romanın dili səlisdir, təsvir olunan hadisələrə Bukovski özünəməxsus yumor və ironiya ilə yanaşıb.

Bu bir bədii əsərdir. Əsərdəki xarakterlərlə həyatda olan və yaxud dünyasını dəyiş-miş insanlar arasında mümkün ola biləcək oxşarlıq təsadüfdən başqa bir şey deyil.


Tərcümə Fərhad Yalquzağa  məxsusdur.


Mühtəşəm Süleymanın Hürrəmi! 


ROKSALANA – Pavel Zaqrebelnı


Görkəmli Ukrayna romançısı Pavel Zaqrebelnı SSRİ Dövlət mükafatı, Şevçenko adına Ukrayna Dövlət mükafatı laureatıdır. "Roksolana” adlı romanı XVI əsrdə Ukraynadan qovulan, sonralar İstanbul bazarında qul kimi satılan ukraynalı qız Nastasiya Lisovskayanın həyatından bəhs edir.

O, ağlı, fərasəti, qeyri-adi həyat eşqi, zahiri yaraşığı sayəsində qul həyatına son qoyur və böyük fateh, Osmanlı imperiyasının əzəmətli sultanlarından olan Sultan Süleymanın arvadı olur. O zamankı Şərq və Avropa mədəniyyətləri ilə yaxından tanış olan bu qadın Roksolana adı ilə tarixə düşüb, dövrünün siyasi həyatında mühüm rol oynayıb.


Tərcümə Gülafət Davudovaya  məxsusdur. 


Ehtirasın doğurduğu cinayətin hekayəsi! 


TEREZA RAKEN – Emil Zolya


XIX əsr klassik fransız naturalist nəsrinin parlaq və ziddiyyətli simalarından biri olan Emil Zolyanın (1840-1902) "Tereza Raken” (1867) romanı 150 il ərzində müxtəlif dillərə tərcümə olunaraq, oxucular tərəfindən maraqla qarşılanıb. Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi, iki insanın bir-birinə öyrəşməyi üzərində qurulub. Xalası oğlu, xəstəhal və iyrənc Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamil bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamili aradan götürməklə azadlığa qovuşacaqlarını  güman edirlər, lakin hər şey əksinə olur. Kamilin kabusu onları bir an belə rahat buraxmır və sonunda…

"Həyat – içindəki səhifələri dəyişmək mümkün olmayan kitabdır!”


Tərcümə Arif Ərşada məxsusdur. 


Şerlok Holms Macəralarına davam!


ŞEYTAN AYAĞI – Artur Konan Doyl


Kornuel qraflığında istirahət edən Holms dəhşətli ha¬disədən xəbər tutur: ailədə iki qardaş dəli olur, bacı isə süfrə arxasında ölür. Təhqiqata başlayan Holms qəribə də-lillərlə üzləşir, məlum olur ki, bütün bunlara səbəb "Şey¬tan ayağı” adlandırılan bitkidən hazırlanmış öldürücü zəhərdir.

Kitaba həmçinin "İkinci ləkə”, "Karton qutu”, "Qırmızı üzük”, "Bryus-Partinqtonun çertyojları”, "Şerlok Holms ölüm yatağında”, "Ledi Frensis Karfeksin itkin düşməsi”, "Onun son salamı”, "Məşhur müştəri”, "Taqətsiz əsgər” hekayələri də daxil edilib.


Tərcümə Samir Buluta  məxsusdur.


Azərbaycanın ən qədim yazılı abidəsi!


KİTABİ DƏDƏ QORQUD


"Kitabi-Dədə Qorqud” bir müqəddimə və 12 boydan ibarət dastandır. Bir sıra alimlərin fikrinə görə, bu dastanlar əsasən, X-XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir. Eyni zamanda, həm də "Oğuznamə” adlanan bu dastanların bir sıra başqa xalqlarda da dastan, nağıl, əfsanə şəklində yaşayan qolları ilə müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda Azərbaycan ozanları – aşıqları tərəfindən yaradılmışdır.


"Kitabi-Dədə Qorqud”un bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır. Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir. Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüs¬xəsi tapılmışdır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12 boy – dastanın altısı vardır.


"Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığı¬mızın, ümumiyyətlə, mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhə¬miyyətə malikdir.


Nizami Gəncəvidən xalq yaradıcılığına! 


"Yeddi Gözəl” poeması əsasında yaranmış el dastanı!


"Yeddi gözəl” kitabı Nizaminin eyni adlı poemasının Azərbaycan dilində olan ilk folklor nümunəsidir. Dastan 1912-ci ildə Təbrizdə çap olunmuşdur. Burada şairin mənsub olduğu Azərbaycan xalqının zərif, incə duyğuları öz ifadəsini tapmış, Nizaminin yaratdığı qəhrəmanların xarakterik xüsusiyyətləri, onların psixoloji aləmi əslində olduğu kimi saxlanılmışdır.


Şərqşünas alim Mehri Məmmədovanın gərgin əməyi sayəsində fars və ərəb tərkibli cümlələrlə zəngin olan "Yeddi gözəl” kitabı müasir dil üslubu ilə oxuculara çatdırılır.


Tanrı ilə danışmaq, ondan cavab almaq mümkündürmü?


TANRI İLƏ SÖHBƏT – Nil Donald Uolş


Hər kəsin daxilində Tanrıya ünvanladığı müxtəlif suallar var. Həyatı boyu yığılıb qalan suallar. Tanrı isə heç vaxt onlara cavab verməyib. Bəs görəsən Tanrı ilə danışmaq, ondan cavab almaq mümkündürmü? Bunun hansısa yolu varmı? Ümumiyyətlə, Tanrı kimdir? Bizdən istəyi nədir? O haradadır? Bizi eşidirmi? Bizimlə maraqlanırmı?


Nil Uolş kitabında əksəriyyətimiz üçün maraqlı olan məhz bu mövzunu ətraflı, xırda detallarına qədər əhatə etmişdir. İnsan həyatının bütün mərhələləri və bu mərhələlərdə qarşılaşdığımız əksər mövzular barədə tamamilə fərqli yanaşma sadə dildə izah olunmuşdur.


135 həftə ərzində "NewYork Times” qəzetinin ən çox satılanlar siyahısında yerini qoruyub saxlamış və müəllifin ilk kitabı olan "Tanrı ilə söhbət” 1995-ci ildə çap olunmuş, həmin ildə də beynəlxalq bestsellerə çevrilmişdir.


3 hissədən ibarət olan kitabın birinci hissəsində müəllif Tanrının onunla necə danışmağa başladığını izah edir və illərlə daxilində yığılmış sualları Tanrının özünə verir. Kitabda siz də Tanrıya, həyata, hətta özünüzə aid bir çox suala cavab tapacaq, fərqində olmadığınız məsələlər sizin üçün daha da aydın olacaq.

 

Tərcümə Vüsal Nəhmədliyə məxsusdur. 


İnsan xarakterinin dərinliklərinə özünəməxsus baxış!


İNSANLARIN OYNADIĞI OYUNLAR – Erik Bern


İnsanlar tamamilə eyni şəraitdə niyə ayrı cür hərəkət edirlər? İnsanların davranışlarına səbəb nədir və hər hansı bir situasiyada onların reaksiyasını əvvəlcədən təxmin etmək mümkündürmü? İnsanın təhtəlşüuru necə işləyir? Bütün bu sualların cavabını Erik Bernin "İnsanların oynadığı oyunlar” kitabında tapa bilərsiniz.


Müəllif insan psixikasının necə quruluşa malik olduğunu və ayrı-ayrı insanlarda necə işlədiyini addım-addım izah edir. Erik Bernin fikrincə, hər bir insan bu mümkün üç roldan birini oynayır: Valideyn, Böyük və ya Uşaq.


Əlinizə götürdüyünüz bu kitab – insan münasibətlərinin psixologiyasına dair kult kitablardan biridir. Bernin hazırladığı sistemin məqsədi insanı həyat ssenarilərinin təsirindən qurtarmaq, ona özü və başqaları ilə daha az "oyun oynamağ”ı və həqiqətən azad olmağı öyrətməkdir.


Tərcümə Samir Buluta  məxsusdur.


Qloballaşma həyatımızı necə dəyişir?


ƏLİMİZDƏN ÇIXAN DÜNYA – Entoni Giddens


Dünya şöhrətli sosioloq-alim Entoni Giddensin təbirincə desək, "qloballaşma dünya ölkələri aralarındakı qarşılıqlı asılılığın artması ilə şərtlənir”. Tarixdə qloballaşma prosesi ilə bağlı çoxlu təcrübənin olduğu bəllidir: Makedoniyalı İsgəndərin və sonrakı fatehlərin ölkələri bir imperiyada birləşdirmək istəyi, Avropalıların çoxsaylı ölkələri müstəmləkəyə çevirmək cəhdləri, habelə, xristianlıq və islamın dünyanı bir inanc ətrafında birləşdirməklə bağlı çalışmaları və nəhayət, marksistlərin kosmopolitləşdirmə ideyaları… Yaxud, böyük coğrafi kəşflər dövründə ölkələrin coğrafiyasının genişlənməsi, elmi-texniki tərəqqinin yayılması da qloballaşma meylli proseslər sırasındadır.


Bu baxımdan, qloballaşmanın fiziki gücə, imperialist və ideoloji maraqlara əsaslanan cəhətləri ilə yanaşı dünyanın rifah və dincliyini təmin edəcək təbii proses kimi davam etməsi də zəruri bir hadisədir. Məhz Entoni Giddens bu zərurəti hiss edən ilk alimlərdən biri olmaqla ötən yüzilliyin 80-ci illərindən başlayaraq bu istiqamətdə araşdırmalar aparmış və çoxsaylı məqalələrində, kitablarında bu problemlə bağlı təhlillər vermiş, müəyyən nəticələrə gəlmişdir.

Dünyada "sözü keçən”, fikirlərinə güvənilən böyük alimlərdən biri – Entoni Giddensin təqdim olunan bu kitabının oxucular üçün maraqlı olacağına inanırıq.


Tərcümə Araz Gündüzə  məxsusdur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər