Ru
20:30 / 06 Fevral 2017

Əhəd Abıyevin qardaşı oğlundan Prezidentə şikayət: “Görüntülər, səs yazıları gizlədilir...”

18025

Daşkəsən
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan
qardaşı oğlu Kamal Abıyev bir sürücünü təhqir edib və onun xanımının
xəstəxanaya düşməsinə səbəb olub.

BakiPost.azxəbər verir ki, hadisə K.Abıyevin kapitan-inspektor vəzifəsində işlədiyi
Göytəpə postunda baş verib.


Sürücü Ramin Rzayevin sözlərinə görə, heç bir qayda
pozmadığı halda onu postda saxlayıb, sənədlərini istəyiblər:
"2016-ci ilin
dekabrın 27-də "Niva” markalı 99 ZS 084 dövlət nömrə nişanlı öz şəxsi
avtomobillimlə Bakıya gedirdim. Cəlilabad rayonunun Göytəpə postuna çatanda
məni saxladılar. Hansı səbəbdən saxlandığımı soruşanda dedilər ki, səni
saxlamaq üçün inspektor Kamal Abıyev göstəriş verib.


Mənim
saxlanılmağım haqda Kamal Abıyevə məlumat verdilər. O da buraxmamağı tapşırdı.
Özü 15 dəqiqə sonra gəldi. Niyə saxlanıldığımı ondan da soruşdum. Bildirdi ki,
maşınının arxa "prujinləri” balacadır. Mən də izah etdim ki, avtomobilin
arxasının yatması, onda hansısa dəyişiklik etməyimlə bağlı deyil, sadəcə yüklü
olmasına görədir. Onlara məni boş yerə saxladıqlarını, vaxtımı aldıqlarını
bildirdim. Bu iradım isə görünür, Abıyevin
bərk xətrinə dəydi və məni aşağılayan ifadələr işlətdi. Mən isə cavabını
verdim. Bundan sonra o bərk əsəbiləşdi və məni təhqir etməyə başladı, hətta
üstümə də cumdu. Ona maşında ailə olduğunu, səsini aşağı salmağı məsləhət
görsəm də, xeyri olmadı. Əksinə, bir qədər də qızışıb, vəzifəli şəxsə
yaraşmayan, küçə söyüşləri ilə məni təhqir etdi. Dediklərinə cavablarım isə
ağıllı-başlı səs-küyə, gərginliyə səbəb oldu. Sonra polislər məni
sakitləşdirdilər, maşınıma doğru gətirdilər. Maşına qayıdanda yoldaşımın
özündən getdiyini gördüm, ağzı köpüklənmişdi. Tez su istədim, onu ayıltmağa
çalışdıq. Təsəvvür eləyin ki, belə bir vəziyyətdə, K.Abıyev polis maşınında
oturub mikrafonla məni söyməyə davam edirdi. Hətta yoldaşımın halının
pisləşməsini də qəsdən etdiyimizi deyib, bizi aşağılayan ifadələr işlədirdi.


Amma ona fikir vermədən yoldaşımı təcili olaraq Göytəpə xəstəxanasına apardıq.
Məlum oldu ki, həyəcandan, qorxudan qıc olub. İkinci dəfə Salyan yolunda halı
pisləşdi. Həmin gündən sonra hər gün eyni vəziyyət təkrarlanır. Ona görə də
məcbur olub xəstəxanaya yatırdıq, hazırda Sumqayıt xəstəxanasında müalicə
olunur. Həkimlərin dediyinə görə, ağır sarsıntı keçirib, qorxub, həyəcanlanıb”.


Sürücünün
sözlərinə görə, hadisəylə əlaqədar dərhal 102 xidmətinə zəng vurub, sonra da
bütün aidiyyəti qurumlara rəsmi müraciət edib:
"Bundan sonra Göytəpə postunun
rəisi dəfələrlə məni danışığa çağırıb. Amma razılaşmamışam. Niyə hüquqlarım
tapdalanmalıdır, ailəmin yanında niyə təhqir olunmalıyam? Hadisə postda olub,
orada görüntülər və səs yazıları olmalıdır. Amma onları gizlədirlər. Çünki
onlar ortaya çıxsa Abıyev dərhal işdən azad olunmalıdır. Mənə zəng vurub
deyirlər ki, guya, texniki qüsur olub deyə görüntülər də, səs də yazılmayıb.
Hər şeyi öz xeyirlərinə edirlər, polis adına ləkə olan şəxsi, bir kişini öz
qadının yanında təhqir edən ləyaqət hissini, insanlığı itirən şəxsi qorumağa
çalışırlar. Bununla bağlı mən Dövlət Yol Polisi baş İdarəsində də oldum. Onlar
mənə açıq şəkildə bildirdilər ki, Əhəd Abıyevə görə ona heç nə edə bilmirlər”.


Zərərçəkən
bildirib ki, maşının avtomobilinin arxa "prujin”lərinin balaca olması ilə bağlı
heç bir protokol hazırlanmayıb:
"Əgər qanunsuzluq var idisə, niyə protokol
yazmadılar?”.


Ramin
Rzayev vurğulayıb ki, Kamal Abıyevin etdiyi hərəkətlərdən prezident İlham
Əliyevə və müvafiq qurumlara müraciət edib.

Qeyd
edək ki, Kamal Abıyevin vətəndaşlara qarşı kobud rəftarı, qanunsuzluqlar etməsi
barədə mətbuatda dəfələrlə məlumatlar yayınlanıb.

Bakı
Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər