Ru
21:05 / 14 İyun 2018

Dünya Çempionatının ilk oyunu - Rusiya darmadağın etdi/ YENİLƏNİB

2715
Rusiyada Futbol üzrə dünya çempionatı start götürüb.


BakuPost xəbər verir ki, açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı komandaları üz-üzə gəliblər. 


Moskva şəhərinin "Lujniki” stadionunda baş tutan qarşılaşma rusların 5:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

***

20:10
Rusiyanın paytaxtı Moskvadakı "Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasiminə start verilib.


BakuPost Report-a istinadən xəbər verir ki, dörd il əvvəl Braziliyadakı mundialın finalında Mario Götzenin Almaniyaya qələbə gətirən qolundan düz 1432 gün sonra dünya futbolunun qəlbi Moskvada döyünməyə başladı.


Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş edirlər.


Qeyd edək ki, açılış mərasimindən sonra keçiriləcək ilk oyunda "A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.


Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:


"A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;


"B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;


"C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;


"D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;


"E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;


"F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası


"G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;


"H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.


Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.


Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

 

***
İyunun 14-də Bakı vaxtı ilə saat 19:00-da Moskvadakı "Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatına start verilib.


BakuPost xəbər verir ki, 81 min tamaşaçı tutumuna malik "Lujniki” stadionunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşır.


Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edir.


Rusiya millisinin start heyətində İqor Akinfeyev, Mario Fernandes, Sergey İqnaşeviç, İlya Kutepov, Yuriy Jirkov, Roman Zobnin, Yuriy Qazinskiy, Aleksander Samedov, Alan Jaqoev, Aleksandr Qolovin və Fedor Smolov yer alıblar.


Səudiyyə Ərəbistanı yığmasının ilk on birliyində meydana Abdullah Almuaif, Osama Havsavi, Omar Havsavi, Məhəmməd Alburaik, Salman Alfarac, Yahya Alşahri, Məhəmməd Alsahlavi, Yasser Alşahrani, Abdullah Otaif, Taisir Alcassam və Salem Aldavsari çıxıblar.


Qeyd edək ki, Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar dünya çempionatlarında sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.


Səudiyyə Ərəbistanı yığması isə 1994-cü, 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda mübarizə aparıblar. Qatıldığı ilk çempionatda qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Səudiyyə Ərəbistanı millisi bu mərhələdə İsveçə 1:3 hesabı ilə məğlub olub. Səudiyyə Ərəbistanı mundiallarda sonuncu qələbəsini 1994-cü ildə Belçika üzərində əldə edib - 1:0.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər