Ru
13:06 / 16 Oktyabr 2018

Deputatdan “qan pulu”nu ala bilməyən şəhid ailələri ilə bağlı çağırış - MM-də məsələ qaldırıldı

2769
Deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bir qrup şəhid ailəsinin birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı məsələ qaldırıb.


BakuPost xəbər verir ki, millət vəkili bəzi şəhid ailələrinin pulunu ala bilmədiyini deyib: "Ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Bu, şəhid ailələri tərəfindən yüksək qiymətləndirlir. Lakin elə şəhid ailələri var ki, onları bu hüquqlarından yararlana bilmirlər. Bəzi şəhid ailələri "Azərsığorta”ya müraciət edir. Lakin onlara deyirlər ki, siz vaxtilə 50 min manat aldığınıza görə, indiki ödənişi ala bilməzsiniz. Vətəndaşlar həmin pulu almadıqlarını söyləsələr də, vətəndaşın üzərinə bunu sübut etmək kimi öhdəlik qoyulur. Belə çıxır ki, onlar almadıqlarını sübut etməlidirlər. Şəhid ailələrinin bu hüququ əlindən alınırsa, bu yanlış yanaşmadır. Dövlət qurumları öz fəaliyyətlərini düzgün qurmur, insanları Milli Məclisə göndərirlər”. 


F.Mustafa bu məsələyə ciddi yanaşılmalı olduğunu vurğulayıb: "Bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər. Lakin bu məsələyə ciddi yanaşmalıyıq. 5 ildən bir arxiv yoxa çıxır və ya yandırılır. Bu sənədlər elektronlaşmalıdır ki, onlar itməsin”. 


Deputat söyləyib ki, vaxtilə Daxili İşlər Nazirliyində xidmət göstərib şəhid olanların ailələrinin ölkə başçısının sərəncamı ilə ayrılan yardımdan istifadə etmək hüquqlarının olmadığı deyilir: 


"Vaxtilə DİN-də çalışıb, şəhid olanlara bütün güzəştlərdən istifadə etmək hüquqi verilib. Lakin onlara deyilir ki, sən gərək polis deyil, hərbiçi olmalıydın ki, bu güzəştdən istifadə edə biləsən. Bu, düzgün deyil. Problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır. Haqlı tələb irəli sürməyənlər də ola bilər. Bunları araşdırmaq lazımdır. Bu ailələrin problemlərinin həlli istiqamətində addım atılmalıdır. Hər bir şəhid ailəsi ayrı-ayrılıqda qəbul olunaraq, onlara bu yardımın niyə düşmədiyi izah edilməlidir”.

 

Deputat Zahid Oruc da F. Mustafaya dəstək olub və şikayətçi olan ailələrin 4800 olduöunu açıqlayıb: "Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər