Ru
15:07 / 14 May 2018

Ceyranların, flaminqoların əhatəsində piknik edin - Quraqlığın ortasındakı cənnət/ FOTOLAR

9262

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni layihəyə
start verib.

BakuPost xəbər verir ki, layihə "Təbiətimiz
evimizdir” adlanır. Layihə çərçivəsində Azərbaycanda ekoturizmin təbliği məqsədilə
Milli Parkalara, qoruqlara media tur təşkili nəzərdə tutulub. Məqsəd KİV vasitəsilə
yerli və xarici turistlərə Azərbaycanın gəzməli və görməli yerləri barədə məlumatın
görüntü və yazı halında çatdırılması, ekoturizmi insanlar arasında təbliğ etməkdir.

Yaz-yay ayları ərzində hamının dediyi bir söz olur:
"hara gedəsən axı, hər yeri gəzib görmüşük, getməyə yer də yoxdur”. Elə bu sözü
deyənlərdən biri də biz özümüzük. Amma Azərbaycanda elə məkanlar, elə yerlər
var ki, gözəlliyinə doyum yoxdur, heç birimiz də xəbərdar deyilik. Söhbət ümumi
mövcudluğundan xəbərdar olmaqdan getmir, həmin yerdə istirahət etmək, müxtəlif
canlılar görmək, vəhşi təbiətdə piknik etməyin mümkünlüyündən xəbərsiz olmaqdan
gedir.

Belə yerlərdən biri də media tur çərçivəsində kəşf
etdiyimiz Şirvan Milli Parkı oldu. Ümumi sahəsi 54 min hektar olan qoruğa
vaxtında səfər etsəniz, burada hətta qızılqaz belə görə bilərsiniz. Ceyranlar
isə ilin hər fəslində olur. Nazirliyin bioloji müxtəlifliyin qorunması
departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Şirvan Milli
Parkı əsasən yaz və payız aylarında gözoxşayan olur.


 


"Azərbaycanın
ilk milli parklarındandır, ərazi etibarilə də ən böyüklərdəndir. Milli parkın təsis
olunmasında əsas məqsəd ərazinin zəngin bioloji müxtəlifliyinin mühafizəsi,
xüsusilə ceyran populyasiyasının mühafizəsidir. Çünki Avropanın ən çox ceyran məşkunlaşan
ərazisidir.


Bu Milli
Parkın yaradılmasından məqsədlərdən biri turistlər üçün şəraitin
yaradılmasıdır. Milli parkın digər xüsusi mühafizə olunan yerlərdən fərqi onun
turistlərin üzünə açıq olmasıdır”, - deyə H. Əlizadə vurğulayıb.


Milli
Park ərazisində 11 turist marşrutu fəaliyyət göstərir. Müxtəlif əraziləri əhatə
edir. Həm dəniz sahilini, həm də yarımsəhra ərazilərini.


Böyük
ceyran populyasiyası olduğu üçün yırtıcı heyvanlar – canavar, çaqqal, tülküyə də
rast gəlinir. Xüsusilə miqrasiya dövründə buranın ornitalogiya aləmi də zəngin
olur.


Dünyanın
qırmızı kitabına düşən bəzi quşlar burada qışlayır, sonra geri qayıdır.


Qırmızı
kitaba düşən canlılardan ceyranı, qızılqazı, turacı misal göstərmək olar. Elə səfərimiz
zamanı turacı da gördük.


H.
Əlizadənin sözlərinə görə, Milli Parka heç bir insan müdaxiləsi edilmir. Bunun
səbəbi isə vəhşi təbiətin özünün özünü balanslaşdırmasına şərait yaratmaqdır: "Burada
ceyranların arıtırlması üçün heç bir plan yoxdur və ona ehtiyac da yoxdur.
Çünki bu ərazinin xüsusi mühafizə rejiminin olması özü ceyranların artımına şərait
yaradır. O şərait bizə imkan verdi ki, ceyranların Azərbaycanın digər tarixi ərazilərinə
köçürülməsini təmin edək. 2010-cu ildən 7 il ərzində 171 baş ceyran Şirvan
Milli Parkından xüsusi vasitələrlə tutulub Ağcəbədi, Qobustan, Goranboy,
Abşeron Milli Parkı ərazisinə köçürülüb. Çox müsbət nəticələr alınıb.Amma Milli
Park ərazisində ceyranların artırılmasına heç bir ehtiyac yoxdur.


Çünki Milli Parkların, qoruqların yaradılmasında məqsəd insan fəaliyyətinin azaldılması,
tamamilə təcrid edilməsi, həmin ərazidə təbii bərpanın getməsinə şərait
yaratmaqdır. Təbiət özü tənzimləyir, şərait yaradır ki, özü artsın, balans
yaransın. İnsan müdaxilə etməzsə, ən yaxşı üsul elə vəhşi təbiətin özünün özünü
balanslaşdırmasıdır”.


Bu ayları ceyranların balalama vaxtına təsadüf etdiyindən təkəmseyrək də olsa
ceyran görə bildik. Nazirlik və qoruq əməkdaşları deyir ki, burada istənilən fəsildə
ceyran görmək olar. Amma əsasən payız ayında səfər edənlər sürü ilə ceyran
müşahidə edəcək.


Yəni
Şirvan Milli Parkı yaz və payız aylarında daha cəlbedici olur. Çünki həm də bu
fəsillərdə miqrasiya edən quşları müşahidə etmək olur.


 

Qoruqdakı
11 marşrutun siyahısı belədir:

1.Bəndovan
dağı – Palçıq vulkanı

2.Yulğun
puru

3.Flaminqo
gölü

4.Göl
Çip-Çipə

5.Estakada

6.Salaş
müşahidə qülləsi

7.Giriş
qapısı müşahidə qülləsi

8.Dəniz
sahili-Laquna

9.Qırmızıqum

10.Bəndovan
tarixi məkan

11.Giriş
qapısı – Quştəsfi


Bəndovan
orta əsrlərə aid qədim yaşayış məskəni olub. Sahildə və sualtında 100-200 metr
dərinlikdə aparılmış arxeoloji tədqiqatlar zamanı burada dulus kürələri,
orijinal şirli vəşirsiz qablar, şüşə bəzək əşyaları, əmək alətləri, sikkələr
tapılıb. Ehtimal olunur ki, bu sahil şəhəri təkcə Xəzərin yüksələn səviyyəsi ilə
deyil, vulkanın təsirindən də məhv olmuş ola bilər. Su altında qalmış şəhərin bəzi
qalıqlarına qoruğun muzey köşəsində baxa bilərsiniz.



Şirvan
Milli Parkının direktoru Füzuli Məmmədov ərazidə təxminən 230 növ su
quşlarının, 82 bitki növünün mövcud olduğunu deyib. Yırtıcı heyvanlar isə əsasən
çaqqal, tülkü və canavardır.


F. Məmmədov
hesab edir ki, vəhşi təbiət olsa belə, insan müdaxiləsi zəruridir: "Bura vəhşi təbiətdir. Disbalans da olur, özü
balanslaşır da. Lakin mövcud şəraitdə təbiət özü özünü tənzimləyir. Bir
heyvanın sayı artırsa, digər heyvana zərər vurur. Məsələn, burada canavar üçün
münbit şərait yaranıb. Canavar artdıqca ceyrana ziyan vurur. Gələcəkdə aidiyyəti
qurumlar bununla bağlı öz rəyini bildirəcək. Mənə elə gəlir ki, balansı qorumaq
üçün insan amili işə düşməlidir. Ona görə ki, canavarlar ceyrana çox ziyan
vurmasın”.



Ərazidə
yerləşən Qızılqaz gölü qoruğun maraqlı yerlərindəndir. Yaradılmış estakada ilə
bir xeyli getdikdən sonra gölə açılan mənzərə insanı sakitləşdirir. Bu gölün
flaminqo ilə dolu olduğunu düşünəndə isə mənzərənin miqrasiya dövründə nə qədər
möhtəşəm olduğunu beynində canlandırmaq çətin olmur.


Burada
olarkən öyrəndik ki, Azərbaycanın son toxunulmamış yarımsəhraları məhz bu
parkın ərazisindədir.


Parka
giriş böyüklər üçün 2 manat, uşaqlar üçün isə pulsuzdur.


Sonda
nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova layihənin məqsədinin məhz
təbliğat və ekoturizmin inkişafına təkan vermək olduğunu deyib: "İstəyirik
inanlar görsün ki, Azərbaycanda necə gözəlliklər var. Bununla yaxından tanış
olsunlar. Təəssüf ki, milli parklara gələnlər ən çox xaricilərdir.


Məqsədimiz həm
də yerli turistlərə təbliğ etməkdir”.

Milli
Parkın 2 önəmli sloqanı da var:


"Özünüzdən sonra yalnız ayaq izlərini saxlayın”.

"Özünüzlə
yalnız şəkillər və xatirələr aparın”.

Biz də
media nümayəndələri olaraq milli parkdan xeyli xoş xatirə və şəkillər gətirdik.


Nigar
Etibar


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər