Ru
11:07 / 23 Fevral 2017

“Cəbhədə vəziyyət ciddidir” - AÇIQLAMA

50091

"Hazırda
cəbhə bölgəsində vəziyyət gərgin və ciddidir. Bu səbəbdən müdafiə naziri Zakir
Həsənov cəhbəyə gedib”.


Bu sözləriBakıPost.az-a açıqlamasında Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, hərbi
ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, müdafiə nazirinin cəbhə bölgəsinə
təcil olaraq yollanması sıradan bir məsələ deyil: "Əslində cəbhədə toqquşmalar
artıq başlayıb. Hazırda da davam edir. Sadəcə onun miqyası bir qədər fərqlidir.
Əgər aprel ayında bu toqquşmalar bir qədər geniş şəkildə baş verirdisə, indi
lokal xarakterlidir. Dünən artıq o toqquşmaların ilk bəhrələri göründü. Biz
itki vermişik. Müdafiə naziri Zakir Həsənovun da təcili olaraq cəbhə bölgəsinə
getməsi adi bir məsələ deyil. Vəziyyət o qədər gərgin və ciddidir ki, müdafiə
naziri yerində müvafiq göstərişləri vermək üçün cəbhə bölgəsinə gedib. Yəqin ki,
gün ərzində nazirlik bu məsələ ilə bağlı müəyyən fikrilərini ictimaiyyətə
çatdıracaq. Çünki bu çox ciddi məsələlərdir. Bir azdan sosial şəbəkələr, erməni
mətbuatı bununla bağlı dezinformasiyaları yaymağa başlayacaq”.

Üzeyir Cəfərov
bildirib ki, Ermənistan prezidenti cəbhədə vəziyyətin gərginləşdirilməsiylə
bağlı tapşırıq verib:
"Ermənistan prezidenti bu yaxınlarda Ermənistan Müdafiə
Nazirliyində keçirdiyi görüş zamanı birmənalı olaraq öz yaxın ətrafına göstəriş
verib ki, cəbhədə vəziyyət gərginləşdirilməli, bütün diqqət cəbhə bölgəsinə yönəldilməlidir.
Çünki aprel ayında Serj Sarkisyan ola bilsin ki, parlament seçkilərində
acınacaqlı bir vəziyyətlə üzləşsin. Ona görə də diqqəti yayındırmaq üçün cəbhə
bölgəsində gərginlik yaradır. Hər halda biz son dərəcə ehtiyatlı və diqqətli
olmalıyıq”.


Ekspert
qeyd edib ki, Rusiyanın bu işdə birbaşa əli var:
"Onlar Ermənistanı bu təxribatlara
təhrik edir. Ermənistanın özü gözəl bilir ki, imkanları o qədər çox deyil. Amma
buna baxmayaraq Azərbaycana müəyyən zərbələr yetirmək üçün belə addımlar atır.
Hər halda mən hesab edirəm ki, yaxın saatlarda Azərbaycan Müdafiə Nazirliyi bu
məsələlərlə bağlı müəyyən açıqlamalar verəcək”.

Qeyd edək
ki, dünəndən etibarən Ermənistan silahlı qüvvələri cəbhədə vəziyyəti gərginləşdirib.
Ermənilərin təxribatlarının intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin
ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi
məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib. Nazirlikdən
bildirilib ki, müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir
ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin
və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə
tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə
yönəldiyini qeyd etməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının
qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı
daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən
qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər