“Böyük pul kütləsi Azərbaycandan çıxarılıb...” - Prezidentin çıxışına deputat şərhi

"Nazirlər Kabinetinin Prezidentin rəhbərliyi ilə keçirilən müşavirəsində əsas diqqət ölkənin 2017-ci ildə qarşısında dayanan vəzifələr, hökumətin həyata keçirilməsi tələb olunan proqramlar, layihələr, işlər və xüsusilə də sosial iqtisadi sferada yaşadığımız bir sıra çətinliklərin aradan qaldırılması təşkil elədi. Bu baxımdan düşünürəm ki, qarşıya qoyulmuş vəzifələr, verilən tapşırıqlar bir neçə istiqamətdə müsbət dönüşün yaranmasına təsir edəcək”.


Bu sözləri BakiPost.az-a deputat Zahid Oruc prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səslədirdiyi fikirlərdən sonra bu il ölkəni gözləyən vəziyyəti şərh edərkən deyib.

 

Zahid Oruc hesab edir ki, müşavirə Azərbaycan xalqının gözləntiləri baxımından adekvatdır: "Biz maliyyə sabitliyinə nail olmalıyıq. Bu, bütün proseslərə öz mənfi təsirini göstərir. Yəni, əhalinin malik olduğu pul resurslarının dəyərsizləşməsində, həmçinin onun istehsalat və yaxud da iqtisadiyyatın digər sferalarına qoyulmasında, iqtisadi aktivlikdə və digər amillərdə biz onun təsirini və rolunu görürük. Belə olan təqdirdə ilk növbədə xarici valyuta qıtlığı kimi bir ajiotajı ortadan qaldırmaq lazımdır. Zənn edirəm ki, dünəndən bu tendensiyasını, ən azı media hiss edib. Görünən budur ki, son bir neçə ay ərzində daim bədgüman, çox pessimist, xüsusilə də bahalaşma gözləntisi yaradan və əhalini daha sıx dərəcədə dollar almağa sövq edən informasiya kütləsi bir qədər azalıb. Mən arzulayır və gözləyirəm ki, bu gün və qarşıdakı günlərdə əsasən bu istiqamətdə addımlar atılacaq”.

 

Deputat qeyd edib ki, dövlət başçısının müşavirədəki fikirlərindən sonra bank sektoru nəhayət özünün fəal işləkliyini təmin edəcək: "Biz buna kimi olan dövrdə "qara bazar” və digər tendensiyalardan danışırdıq. Halbuki ona qarşı inzibati metodlarla mübarizə qeyri mümkündür. Həmin prosesi əngəlləməyin yolu rəsmi dövlət və yaxud da kommersiya banklarının işləkliyini təmin etməkdir.

 

Əhali gəlib dolları, avronu və ya funsterlinqi bu qurumlarda tapmayacaqsa, o zaman mütləq alternativ ünvanlara üz tutmağa məcbur olacaq. Bu zaman orada da gizli tərəfdən vergidən yayınmaya əsas veririk. Bu, heç bir halda yaxşı sayıla bilməz.

 

Bank sektorunda hökm sürən pozuntular, cinayətkar əməllərin tamamilə aradan qalxması bu istiqamətdə görüləcək işlər ətrafında olmalıdır. 2016-ci ilin reallığında sistem yaradıcı olan Beynəlxalq Bank külli miqdarda vəsaitləri təyinatsız, ünvansız, girovsuz verməklə ciddi problemlərə yol açmış oldu. Müşavirə zamanı da cənab prezident vurğuladı ki, biz bank sektorundan böyük zərbələr aldıq. Bir tərəfdən böyük pul kütləsi Azərbaycanı tərk etmiş oldu, digər tərəfdən o biri vəsaitlər sosial iqtisadiyyata qoyulacağı təqdirdə biz bu gün ölkənin yalnız bir xammal resursundan asılı qalmayacağına tam əmin ola bilərdik.

 

Hesab edirəm ki, banklar müxtəlif vaxtlarda uzun müddət əhali üzərində böyük kredit faizləri yaratmaqla, sümürgənlik siyasətini həyata keçiriblər. Bu istiqamətdə real kredit faizləri, normal bank rəqabəti, onların funksionallığının bərpa olunması və əhali ilə bu gün məhkəmələrdə, çəkişləmələrdə qalan bankların problemlərinin nəhayət, normal qaydada yoluna qoyulacağını gözləyirəm”.

 

Zahid Oruc 2017-ci ildə manatın kursunun sabitləşəcəyini deyib: "Manatın kursu deyəndə sadəcə kredit siyasəti, əhalinin hansısa bir yığım artımları nəzərdə tutulmur. Manat eyni zamanda ölkədəki sabitliyin kursudur. Bu istiqamətdə daha ciddi intensiv addımlar atılacağını gözləyirəm”.

 

Tikinti sektorunda canlanmanın çox önəmli olduğunu bildirən Zahid Oruc hesab edir ki, hökumətin bu sahəyə yardım etməsi vəziyyəti dəyişəcək: "Nəzərə almaq lazımdır ki, tikinti keçmişdə 15-16 faizə qədər insanların çalışdığı bir sfera idi. Burada daşıma xidmətlərindən, inşaat sektorundan tutmuş hər bir struktur özünün məkanını və bazarını tapa bilirdi. Düşünürəm ki, cənab prezident həm bir tərəfdən köhnə infrastrukturun yeniləşməsi siyasəti ilə bağlı məsələləri söyləyərkən, eyni zamanda hökumətin də bu sektora yardım göstərəcəyini bildirməklə bu sahədəki sükutu aradan qaldırmaq üçün real məramını ortaya qoydu”.

 

Deputat qeyd edib ki 2017-ci ilin ortalarına doğru sabitləşməni, mənfi tendensiyaları durdurmağı təmin etmək mümkün olacaq: "Ölkədə normal proseslərin getməsi üçün hökumət bu işdə mühüm rol oynayacaq”.

 

Sevinc Yasinqızı

Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Avqust 2017
18 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər