Ru
14:24 / 27 Aprel 2017

“Lazım olanda onlara işıq veririk” - Nazim Məcidov

6012

12-22 may
tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarına sayılı günlər
qalıb. Oyunlarla bağlı hazırlıqlar artıq yekunlaşmaq üzrədir. İdman oyunlarında
21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə
tutulub. İdmançılarla yanaşı xeyli sayda turistlərin və azarkeşlərin də ölkəmizə
gəlməsi gözlənilir.

Dənizkənarı
Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov oyunlara hazırlıqla bağlı BakiPost.az-ın
suallarını cavablandırıb.


– Nazim
müəllim, Bulvar İdarəsi 12-22 may tarixlərində keçiriləcək İslam Oyunlarına necə
hazırlaşır? Hansı işlər görülüb?

- Bulvar
İdarəsi bu cür bütün mötəbər tədbirlərə artıq hazırdır. Bizim üçün elə bir
yenilik yoxdur. Çünki "Avroviziya” mahnı müsabiqəsi də bulvar ərazisində
keçirilmişdi. Həmçinin I Avropa Oyunları zamanı da, bulvar ərazisində bir neçə
idman sarayları var ki, yarışlar orada keçirilirdi. Həmin vaxt həm
idmançıların, həm də qonaqların və turistlərin sayı bulvar ərazisində çox idi.


İndi biz
belə mötəbər yarışların keçirilməsi üçün lazım olan bütün işləri bilirik və
hazırıq. Bizim qeyri-adi bir işimiz yoxdur. Yəni, əsasən böyük tədbirlər zamanı
idmançılarla yanaşı çoxlu azarkeşlər, qonaqlar və turistlər gələcək. Onun üçün ən
əsas məsələlərdən biri bizim bulvar ərazisində fəaliyyət göstərən obyektlərdə
insanların rus və ingilis dilini bilməsi və hər iki dildə danışmaq qabiliyyətinin
olmasıdır. Artıq neçə illərdi ki, bu, bizdə adət halını alıb. Bütün obyektlərdə,
karusellərdə, restoran və kafelərdə həm ingilis, həm də rus dilini bilən işçilərin
sayı çoxdur. Bundan əlavə bizim mühafizə xidmətinin əməkdaşları arasında da hər
iki dili bilənlərin sayı çoxdur. Həmçinin biz onlara vaxtaşırı xüsusi treninqlər
keçirik. Hazırda da bu proses davam edir.


Eyni
zamanda bulvar ərazisində olan bütün obyektlərdə post terminallar fəaliyyət
göstərək. Məsələn, ölkəmizə gələn qonaqlar və ya turistlər alış-veriş edən
zaman onlarda Azərbaycan valyutası yoxdursa, pul mübadilə etdirməyi çatdırmayıblarsa,
banklar bağlı olubsa, bütün obyektlərdə olan post terminallardan istifadə edə
biləcəklər.


- Xaricdən
gələn qonaqlar bulvar ərazisində "Wi-Fi” sistemindən istifadə edə biləcəklər?


- Bulvar
ərazisində "Wi-Fi” sistemi barəsində də problem yoxdur. Bulvar ərazisinin əksər
yerində "Wi-Fi” sistemi var. Ona görə də xarici turistlər, qonaqlar və
idmançılar üçün telefonla əlaqə saxlamaq, internetə girmək, WhatsApp ilə
danışmaq kimi problemlərin hamısı artıq həll olunub.


-
Oyunların keçiriləcəyi idman sarayları və zalları ətrafında təhlükəsizlik tədbirləri
görülübmü?

- Dənizkənarı
Bulvar ərazisində bir neçə idman sarayı var ki, onlar İslam Oyunlarında da
yarışlar üçün istifadə olunacaq. Məsələn, əvvəl hamının Əl Oyunları İdman
Sarayı kimi tanıdığı, amma indiki Bakı İdman Zalının ərazisi artıq təhlükəsizliyə
görə xüsusi hasara alınıb ki, yarışlar zamanı xüsusi icazəsi olmayan kənar şəxslər
zala daxil ola bilməsin. Bu proses indi Su İdman Sarayının, Crystal Hall
konsert zalının ətrafında aparılır. Ümumiyyətlə bulvar ərazisində nə qədər
böyük idman sarayları və zalları varsa, onların hamısında bu işlər aparılır. Təbii
ki, bu işləri İslam Oyunları təşkilat komitəsi aparır. Amma Bulvar İdarəsinin
köməyi olmasa, onlar bunların heç birini edə bilməz. Bulvar İdarəsi öz tərəfindən
onlara lazım olan bütün köməkliyi edilir. Məsələn, onlara lazım olanda işıq
veririk, su xəttinin verilməsinə kömək edirik. Elə texnika var ki, biz onları
bulvar ərazisinə buraxmırıq. Amma bulvarın həmin işləri görə bilən öz texnikası
var. Lazım olduqda biz həmin işlərin görülməsində köməklik edirik. Yəni bütün
bunlar dövlətimizin ümumi işidir. Buna görə də Bulvar İdarəsi bu işlərə öz
doğma işi kimi münasibət göstərir və təşkilat komitəsinə hər cür yardım edir.


- Beynəlxalq
yarışlar zamanı bulvar ərazisində qiymətlər necə olacaq?

- Bazar
iqtisadiyyatında qiyməti bazar özü tənzimləyir. Bulvar ərazisində də bütün qiymətlər
eynilə hesablanır. Yəni, Bulvar İdarəsi nə qiyməti artıran, nə də azaldan təşkilatdır.
Amma respublikada nəyinsə qiyməti qalxırsa, bu, bulvar bazarına da təsir edir.
O zaman bulvarda da qiymət arta bilər. Yaxud da respublikanın hər yerində
hansısa məhsulun qiyməti düşən zaman, təbii ki, bulvarda həmin məhsulu
ucuzlaşdırılmalıdır ki, bazarla uyğunlaşıb öz alverini edə bilsin. Amma süni
qiymət artımından söhbət gedə bilməz. Çünki bütün restoran və kafelərdə menyu
ilə bərabər, satılan məhsulun adından başqa onun onun çəkisinə və miqdarına görə
qiyməti də qarşısında qeyd olunur. Bu səbəbdən alıcıya heç bir satıcı,
ofisiant, müdir orada göstərilən qiymətdən artıq qiymət deyə bilməz.


Eyni
zamanda bulvar ərazisində satış köşkləri var. O köşklərdə hər bir məhsulun qiyməti
üstündə yazılıb. Yəni orada hansısa qiymət qoyulubsa, deməli bu təsdiq olunmuş
qiymətdir. Ondan heç kəs bir qəpik də baha sata bilməz. Əgər kimisə
aldadırlarsa, təbii ki, onun şikayət etməyə ixtiyarı var. Ona görə də qiymətlərin
bahalaşması mümkün deyil. Buna həm Bulvar İdarəsi, həm də İqtisadi İnkişaf
Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti daima bu işə nəzarət edir.


- İslam
Oyunları ərəfəsində bulvarda hansısa tədbir və konsertlərin həyata keçirilməsi
planlaşdırılırmı?


- Mənim
məlumatıma görə, oyunların açılış və bağlanış günü Bakı Şəhər İcra Hakimiyyəti
atəşfəşanlıq keçirməyi planlaşdırır. Amma atəşfəşanlığın hansı saatda ediləcəyini
indi deyə bilmirəm. Çünki bu ümumi plana daxildir. Biz icra hakimiyyətindən məlumat
almışıq ki, həm 12-si, həm 22-də oyunların şərəfinə atəşfəşanlıq gözlənilir.
Amma konsert proqramı ilə bağlı hələ ki, bizdə məlumat yoxdur. Əgər konsert
olsa, bunu oyunların təşkilat komitəsi, ya da icra hakimiyyəti təşkil edəcək. Bulvar
İdarəsinin özü isə belə bir konsert proqramını keçirməyi planlaşdırmır.

 

Sevinc
Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər