Ru
14:08 / 25 May 2017

“Bu şəbəkə 2018-də də müəyyən oyunlar oynayacaq” - İsa Qəmbərlə MÜSAHİBƏ

10729

"MƏN O ZAMAN ELDAR MAHMUDOVUN ADINI ÇƏKMİŞDİM,
ÇÜNKİ...”

BakuPost.az-ın
müsahibi Müsavat Partiyasının lideri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri
İsa Qəmbərdir:


- İsa bəy,
gündəmin baş mövzusu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvidir.
Sizcə, nə baş verdi ki, Rusiya Azərbaycana qarşı bu addımı atdı?

- Son vaxtlar ictimaiyyətin və medianın diqqətini
cəlb edən, regionda və Azərbaycanda baş verən hadisələri təhlil etmək üçün
ümumi baxış lazımdır. Ümumi mənzərə ondan ibarətdir ki, ölkə dərin böhran içərisindədir
və ciddi dəyişikliklər qaçılmazdır. Güman edirəm ki, bu ilin ikinci yarısı və
2018-ci il dəyişikliklərin ən ehtimal olunan zaman müddətidir.


Soruşduğunuz
məsələ də bundan kənarda ola bilməzdi. Azərbaycan hakimiyyəti bütün dünyada
maliyyə resursları axtarır - həm Qərb maliyyə mərkəzlərindən, həm ərəb maliyyə
dairələrindən. Və belə bir vaxtda müxtəlif qüvvə mərkəzləri öz mövqelərini
ortaya qoymağa çalışırlar.


Təbii
ki, bu qüvvə mərkəzlərindən biri kimi Rusiya hakimiyyət dairələrini qeyd etmək
lazımdır. Rusiya azərbaycanlıların ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv
etməklə mesaj göndərir ki, bizim maraqlarımızı təmin etməlisiniz.

- Rusiyanın
Azərbaycanda təmin olunmayan hansı maraqları qalıb ki, indi onları tələb edirlər?

- Azərbaycanda
və bir sıra postsovet ölkələrində olan rejimlər Rusiyanın avtoritar idarəçiliyinin,
müstəmləkəçilik siyasətinin nəticələridir.


Amma
Rusiya sovet dövründə olduğu kimi bu ölkələrdə tam hökmran deyil. Çünki müəyyən
həddə qədər həm Rusiya, həm də bu ölkələr
Qərblə, beynəlxalq birliklə hesablaşmalı olurlar.


Azərbaycanda
Rusiyanın nəzarətində olan və böhrana görə müəyyən mənada Qərblə hesablaşan bir
hakimiyyət var. Üstəlik, hakimiyyətdaxili proseslər gedir. Əslinə qalsa, son
referendum və I vitse-prezident təyinatı İlham Əliyevin hakimiyyəti istədiyi şəkildə dəyişməsi deməkdir. Burda müəyyən qüvvələr
İlham Əliyevə mesaj verirlər ki, hakimiyyətin yeni konfiqurasiyası bizim üçün əvvəlkindən
pis olmamalıdır. İdealda əvvəlkindən yaxşı olmalıdır, ən pis halda əvvəlkindən
pis olmamalıdır. Bax, belə bir mesaj Rusiyadan və başqa mərkəzlərdən gəlir.


Çox təəssüf
ki, bu cür ölkələrdə hakimiyyət çox vaxt xalqın iradəsi ilə deyil, kənar qüvvələrin
təsiri ilə formalaşır. Önəmli olan odur
ki, Azərbaycan xalqı iradəsini ortaya qoyaraq bu tendensiyanın qabağını
almalıdır.

- Yəni,
fikrinizcə baş verənlər Rusiya-Azərbaycan gərginliyi yox, hakimiyyət-Rusiya
qarşıdurmasıdır?


- Azərbaycan
hakimiyyəti daxili və xarici siyasətində hər zaman şəxsi maraqlardan, qrup
maraqlarından çıxış edir. Ona görə də xarici münasibətlərdə gərginlik də müxtəlif
ölkələrlə Azərbaycan arası deyil, həmin ölkələrlə Azərbaycan hakimiyyəti arasında problem şəklində ortaya
çıxır.


- Bu sualı ona
görə soruşdum ki, siz siyasətçi olmaqla bərabər tanınmış ictimai xadimsiz,
ağsaqqalsız. Bəlkə müxalifət-iqtidar münasibətlərini bir kənara qoyub, Rusiya
ilə bağlı yaranmış vəziyyətdə ümummilli maraqlar naminə dialoq təklifi irəli
sürəsiniz?

- Hələ 2016-cı ildə Azərbaycanda
sosial-iqtisadi böhran dərinləşməyə başlayanda Milli Strateji Düşüncə Mərkəzi
olaraq bir "Yol xəritəsi” hazırlayıb, "Böhrandan-imkana yol xəritəs” adlanan bu
sənədi ictimaiyyətə və eyni zamanda hakimiyyətə təqdim etdik.


Həmin
"yol xəritə”si ölkəni sosial-iqtisadi böhrandan çıxarıb, düzgün inkişaf
magistralına yönəltməklə bağlı konkret təkliflər
paketi idi. Eyni zamanda bildirdik ki, təkliflər mütləq biz deyən şəkildə həyata
keçməyə bilər. Yəni, istər hakimiyyət, istərsə digər qüvvələr məqsədəuyğun
sayardısa "yol xəritəsi”nin müzakirəsinə başlana, müəyyən dəyişikliklər oluna,
ümummilli bir sənəd halına gətirib çıxarıla bilərdi, o cümlədən haqqında
danışdığınız dialoqun da mövzusu ola bilərdi.


Dialoq
üçün mövzu olmalıdır. Dialoq barədə söhbətlər yorucu məşğuliyyətdir, daha doğrusu, bizim
sevmədiyimiz məşğuliyyətdir. Ancaq xeyli zaman itirilsə də, bu sənəd
aktuallığını itirməyib.


Həmçinin,
sonrakı müddətdə də müxtəlif ciddi siyasi mərkəzlər tərəfindən bir neçə təşəbbüslər
edilib və heç biri təkliflərimizə zidd olmayıb. Məsələn, bu yaxınlarda Müsavat
Partiyasının tədbiri oldu. Tədbirdə seçki sistemini təkmilləşdirmək, islahatlar
aparmaq üçün referendum keçirilməsi təklif edildi. Bu təklif də bizim təqdim
etdiyimiz "yol xəritəsi”nə nəfəs qazandıran addım idi. Bu baxımdan mövzu
aktuallığını saxlayır.



- İsa bəy,
necə bilirsiz, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik səngiyib, yenidən
öz axarına düşəcəkmi, yoxsa proses uzun çəkə bilər?

- Əgər tərəflərin münasibətlərindəki gərginliyin
bir konkret səbəbi olsaydı, əlbəttə,
bunu yoluna qoya bilərdilər. Amma bir neçə problemlər var. 2013-cü ildə
"Milyarderlər ittifaqı” adı ilə bir qüvvə meydana çıxmışdı, amma o zaman
danışdılar, bazarlaşdılar. İndi isə hər iki ölkədə ciddi sosial-iqtisadi böhran
var. Ona görə də bütövlükdə ciddi dəyişikliklər labüddür. Elə Rusiyanın özündə
də dəyişikliklər qaçılmazdır.

- Həmin "Milyarderlər ittifaqı”nın 5 il sonra -
2018-ci ildə dirilməsi mümkündürmü?

- Yuxarıdakı
suallarınıza cavablarımda bu məsələyə müəyyən işarələr edildi. Fakt budur ki, tərəflər
arasında gərginlik var və hər biri öz mövqeyini ortaya qoymağa çalışır. Rusiya
azərbaycanlıların diaspora təşkilatını ləğv edir, Azərbaycan tərəfi guya, erməniyə
(əslində Rusiyaya) casusluq edən şəbəkənin
həbsi ilə ehtiyatlı şəkildə olsa da,
düşünürəm ki, Rusiyaya bir cavab vermiş oldu.


- Yeri gəlmişkən,
"Milyarderlər ittifaqı”nın müxalifət kartından istifadə etməsi mümkündürmü?
Çünki 2013-də bu qurumu Milli Şuraya bağlayırdılar, hətta Müsavat da bu məsələdə
bir yaxınlıq gördüyü üçün oradan ayrılmışdı...

- 2013-cü ildə müxtəlif mərkəzlər hakimiyyətlə
bazarlıq etmək üçün, eyni zamanda Müsavatın prezident seçkilərində bilavasitə
iştirak etməməsi, demokratik qüvvələrin seçkiləri boykot etməsi üçün planlar
qururdular. Biz o mərhələdə Azərbaycan üçün ən uyğun, gerçək variantı seçdik və
demokratik düşərgənin seçkidə iştirakını təmin etməyə nail olduq.

2018-ci ildə bu manevrlər mümkün olmayacaq.
Ancaq Azərbaycanı öz nəzarətində saxlayan Moskvadakı dairələrin 2018-ci ildə
hakimiyyətin xalqın nəzarətinə keçməməsi üçün əllərindən gələni edəcəyi gözləniləndir.
Əfsus ki, ölkəmizdə Moskvanın əlində alət olan şəbəkə var və kifayət qədər
böyükdür. Bu şəbəkə yenə müəyyən oyunlar oynayacaq, artıq ilkin əlamətləri də
görünür, qarşıdakı dövrdə isə proses daha da intensivləşəcək. Azərbaycanı sevən
ləyaqətli qüvvələr bu təhlükəni görüb qiymətləndirməlidir.

- 2013-cü
ildən bu yana işini davam etdirən Milli Şuranın fəaliyyətini necə qiymətləndirirsiz?


- Mənim
üçün bu mövzu maraqlı deyil.

- İsa bəy,
müxalifət qüvvələri uğursuzluqlarına görə həmişə nəticələrə görə bir-birini
ittiham ediblər. Hər qrup özündə yox, qarşı tərəfdə günah görüb. Bu proseslərin
yekununda, artıq illər də keçib, özünüzdə müəyyən günah görürsüzmü ki, hansısa
mərhələdə güzəştə getmək lazım idi?

- Hələ
ki, yekundan danışmaq tezdir və mübarizə davam edir. Müsavat tarixi boyunca Azərbaycan
xalqının və dövlətinin maraqları naminə mümkün olan-olmayan nə varsa edib, yenə
edəcək. O baxımdan digər siyasi qüvvələrlə
münasibətlərdə partiyanın yanışlığını görmürəm. Amma fərqli fikirlər ola bilər,
kiminsə sualı, qeydi varsa müzakirə edə bilərik.

- 2018-ci il prezident seçkilərində iştirak nə şəkildə
olacaq, namizədliyiniz irəli sürəcəksizmi?

Yaşayarıq,
görərik. Bayaqkı sualınıza əlavə olaraq deyim ki, 25 illik müstəqillik dönəmində
Müsavat Partiyası yalnız bir dəfə prezident seçkilərində öz namizədi ilə
iştirak edib, o da 2003-cü ildə. Yəni, aparıcı müxalifət partiyası cəmi bir dəfə
öz namizədi ilə çıxış edib. Bundan böyük nə güzəşt ola bilər? Hesab edirəm ki,
bu, digər siyasi partiyalara ciddi güzəştdir.

- Gələn seçkidə də güzəşt ola bilərmi?

- Onu zaman göstərər. Söhbət güzəştdən deyil, Azərbaycanın maraqlarına
xidmətdən getməlidir. Azərbaycanın maraqları nəyi tələb edirsə ona uyğun
addımlar olacaq.


- İsa bəy, gündəmdə olan digər məsələ MTN işi üzrə
məhkəmədə agenturanın kod adlarının açılmasıdır. Hətta bir sabiq nazir və bir
siyasətçinin Eldar Mahmudovun adamı olması haqda iddialar açıq şəkildə yazıldı.
Bu olayların da Rusiyaya bir mesajı ola bilərmi?

- Mən buna əmin deyiləm. Amma versiya kimi qəbul
etmək olar. Əslində, bu qalmaqalı hakimiyyətdaxili mübarizənin təzahürü kimi
qiymətləndirirəm.


Məhkəmədə müəyyən qapalı proseslər keçirilir və o zaman
jurnalistlərin məlumat əldə etmək imkanı olmur. Deməli, həmin məlumatların
sızmasını hakimiyyətdə hansısa qrup təşkil edib ki, digər qrupu gözdən salsın.
Ümumilikdə, ciddi yenilik görmürəm.

-
İddialardan görünür ki, MTN həm də müxalifətçilərə təzyiq edib. Müsavat
üzvləri və ya rəhbərliyi haçansa Mahmudov şəbəkəsinin şantajı ilə üzləşibmi?

- İndi konkret bir fakt yada salmaq çətindir. Amma
olmamış olmaz. Xatırlayırsınızsa, 2010-cu il parlament seçkilərində bizə efirdə
çıxış üçün 4-5 dəqiqə vaxt ayrılmışdı. Mən o zaman İlham Əliyev, Ramiz Mehdiyev
və Eldar Mahmudovun adını çəkmişdim. Çoxları təccübləndilər ki, ilk iki şəxsi
başa düşdük, ölkə rəhbərliyidir, bəs Eldar Mahmudov niyə? Yəni, biz o vaxt
da bilirdik ki, ölkə daxilində cəmiyyəti,
qüvvələri parçalamaqda MTN kifayət qədər önəmli rol oynayır. O baxımdan
Mahmudovun adını çəkmişdim.


- İndi Milli Strateji Düşüncə Mərkəzindəki fəaliyyətdən
əlavə nə edirsiniz? Oxuculara maraqlıdır ki, Müsavatın eks-başqanı İsa Qəmbər
indi nə ilə məşğuldur?

- Siz Milli Strateji Düşüncə Mərkəzinin işini
az hesab edirsiz? İş kifayət qədər çoxdur, vaxt çatdırmaq olmur. İdeyalarımız,
proyektlərimiz var, resurslarımız isə məhddudur. Yeri gəlmişkən, mayın 26-da
Elçibəy hakimiyyətinə həsr olunmuş "Cümhuriyyət: 2-ci cəhd” adlı tədbirimiz
olacaq. Elçibəy hakimiyyətində yüksək vəzifə tutmuş şəxslər, tanınmş ictimai-siyasi
xadimlər, ciddi ekspertlər tədbirdə iştirak edəcək. Hamıya açıq bir tədbirdir.


Yəni,
işləyirik, çalışırıq, ölkə üçün, xalq üçün ən önəmli mövzuları müzakirə edirik,
təkliflər, sənədlər hazırlayırıq. Bütün
bunlar vaxt, enerji tələb olunan məsələlərdir. Ümumiyyətlə, ciddi araşdırma mərkəzlərinə
çox ehtiyac var. Mərkəzlərin əksəriyyətinin adları var, işləri isə məhddudur.


İstisna
olaraq Bütöv Azərbaycan Ocaqlarını qeyd edə bilərəm. BAO-da ciddi mövzular
müzakirəyə çıxarırlar. Ən qlobal geopolitik məsələlərdən lokal daxili hadisələrə
qədər müxtəlif mövzular araşdırılır. Belə mərkəzlər çox azdır. Cəmiyyətin
inkişafı üçün bu mərkəzlərinm olması əhəmiyyətlidir və onların sayını, gücünü artırmaq lazımdır.

- Niyə bu mərkəzlər azdır?

- Hər bir sahədə strukturların sayı ilk növbədə tələbatdan asılıdır. Cəmiyyətdə bu mərkəzlərə
tələbat yox dərəcəsindədir. İndiyə qədər olan mərkəzlərin tövsiyyələrindən
istifadə edilməyib. Çünki hakimiyyət araşdırma mərkəzlərindən qorxur. Siz bəlkə
xatırlamazsız, yaşlı nəslin yadındadır, 1995-ci ildə ASAM deyilən təşkilat var
idi. Azərbaycan Strateji Araşdırma Mərkəzi üzvlərini o dövrün daxili hərbi
toqquşmalarına aid edib tutdular. Ondan sonra ekspertlər də qorxub çəkindilər.
Ümumiyyətlə, hakimiyyət cəmiyyətin, vətəndaşın düşünməsini istəmir.


- Hakimiyyətin
vətəndaşların düşünməsini istəmədiyini dediniz, yəqin ki, müşahidə edirsiz -
ölkə boşalır. Müxalifətçilər də, adi adamlar da ölkədən gedir. Məsələn, siz
getməmisiz, yəqin ki getmək şansınız həmişə olub. Bu axının qarşısını necə
almaq olar?


- Bir
faktı deyim: 1994-cü ildə məhkəmə prosesimiz gedirdi. 1994-cü ilin dekabrın
sonunda məhkəmə yekunlaşdı, prokuror bizə 7 il iş tələb etdi. Onda həbsdə
deyildik, amma məhkəməmiz gedirdi. Hakim dedi ki, hökmü Yeni ildə verəcək və nəticədə
7 illik həbs tələbilə bizi yeni ili qarşılamağa göndərdi.


Həmin vaxt jurnalistlər
məndən soruşdular ki, sizi 7 il həbs təhlükəsi gözləyir, ölkəni tərk etməyi
düşünürsüzmü? Dedim ki, siyasətçinin zamanda və məkanda 4 yeri var: hakimiyyət,
müxalifət, həbsxana və mühacirət. Mühacirətdən başqa hər üçünə hazıram. İndi də
bu sözümə sadiqəm. Bu, özümlə bağlı hissədir.


Ümumən
isə haqlısız ki, axın var. Ölkənin perspektivli gəncləri, işləmək istəyən
insanları, təşəbbüskar- biznes quracaq insanları gedirlər. Azərbaycan üçün
ciddi bir itkidir. Ancaq bunun qarşısını hansısa dahiyanə sözlə almaq mümkün
deyil. Yeganə yol ölkədə iqtisadi və siyasi azadlıqları bərqərar etməkdir -
iqtisadi imkanlar olanda, iş qurmaq və iş tapmaq mümkün olanda, fərqli düşünənlərin
normal fəaliyyəti mümkün olanda kütləvi axın dayanacaq.


- Köhnə
siyasətçilərdən - Pənah Hüseyn, Lalə
şövkət və başqaları ilə əlaqə saxlayırsızmı?

-
Görüşdüklərimiz də var, görüşmədiklərimiz də.


- Qəzetləri,
məsələn "Yeni Müsavat”ı oxuyursuzmu?


- Saytları oxuyuram. Elə informasiya varmı ki,
saytda olmasın qəzetdə olsun?


- Yəni çap mediasına ehtiyac qalmayıb?


- Bunu indi demək çətindir, amma reallıq var.
2002-ci ildə Yaponiyada böyük qəzetlərdən birinin rəhbəri mənə dedi ki, 10
milyon tirajla çıxırıq. Mən təəccüblə soruşdum ki, 10 milyon? O da utana-utana
dedi ki, bəli, keçən il 11 milyon idi, internetə görə 1 milyon azalıb. Son illərdə Almaniyada olanda isə nüfuzlu qəzetlərdən birinin rəhbəri
dedi ki, artıq qəzeti bağlamalı olub, internet imkan vermir. Ümumdünya
prosesdir. Azərbaycanda isə bu daha bərbad hal alıb, çünki qəzet satışına
imkan verilmir.

- İsa bəy,
ümumən – media, partiyalar, QHT-lərin vəziyyəti yaxşı deyil. Kənardan Müsavat
partiyası da əvvəlki kimi görünmür. Çiyinlərinizi yenidən Müsavatın altına
verib gücləndirmək zərurəti hiss edirsizmi?

- Yox.
Müsavat partiyası 2014-cü ildə təkcə Azərbaycana deyil, bütün postsovet məkanına
nümunə göstərdi. Eyni şəxsin iki dəfədən artıq partiya sədri olması ənənəsinə
son qoydu. Müsavatçılar qurultayda azad, ədalətli, şəffaf seçki keçirərək yeni başqan və yeni rəhbərliyi seçdilər. Təbii
ki, indi müəyyən çətinliklər var, amma bu
ümumi vəziyyətin yaratdığı çətinliklərdir. Mən hesab edirəm ki, yeni rəhbərlik
çətin və şərəfli missiyanı ləyaqətlə həyata keçirir, bu rəhbərliyin daha ciddi
gələcək uğurlarına inanıram.


- Amma
gedişinizdən sonra başqanlığa üç namizəddən ikisi getdi və yanlarındakı
adamları da apardılar...

- Hər
bir müsavatçının getməsi itkidir. Amma Müsavat ayrı-ayrı şəxsləri itirirsə, həmin
şəxslər də Müsavat Partiyasını itirirlər. Hansı itki daha böyükdür? Bunu düşünməyə
dəyər. Məncə, heç birimiz Müsavatdan böyük deyilik.

Emil Salamoğlu

BakuPost



“Bu şəbəkə 2018-də də müəyyən oyunlar oynayacaq” -  İsa Qəmbərlə MÜSAHİBƏ
“Bu şəbəkə 2018-də də müəyyən oyunlar oynayacaq” -  İsa Qəmbərlə MÜSAHİBƏ
“Bu şəbəkə 2018-də də müəyyən oyunlar oynayacaq” -  İsa Qəmbərlə MÜSAHİBƏ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər