Ru
12:17 / 01 Dekabr 2016

“Bu qərar da verilsə, növbəti bahalaşma dalğası başlayacaq” - Professor

9364

Yanvarın 1-dən etibarən Azərbaycanda ƏDV-nin
differensiallaşmasına başlanılacaq.


Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov
məlumat verib. Bildirib ki, bu məsələ üzrə bəzi dövlət qurumları ilə müəyyən
fikir ayrılıqları mövcuddur: "Əgər parlament sənədi qəbul edərsə, yanvarın 1-dən
etibarən layihə bu formada qəbul olunacaq”.


İqtisad elmləri doktoru, professor Elşad Məmmədov BakiPost.az-a ƏDV-nin diferensiallaşmasının nəticələriylə bağlı danışıb.


Onun
sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə ƏDV-nin tətbiqi belə mənfi fəsadlar
yaradır:
"ƏDV-nin inkişaf etməkdə olan, iqtisadiyyatları tam balanslaşdırılmış
şəkildə olmayan milli iqtisadiyyatlarda tətbiqi çox ciddi mənfi iqtisadi fəsadlara
səbəb olur. Çünki rəqabət mühiti olmayan, bəynəlxalq bazarlarda öz
diversifikasiya edilmiş ixrac resursları ilə iştirak edə bilməyən milli
iqtisadiyyatlara ƏDV tətbiqi artıq yükdür.


Əlavə Dəyər Vergisi Azərbaycan büdcəsinin
doldurulmasında əhəmiyyətli rol oynayır. Lakin paralel olaraq işgüzar fəallığın
azalmasına, milli istehsal prosesinin inkişafına ciddi mane göstərməklə makroiqtisadi
proseslərə çox mənfi təsirlər edir. Ona görə də hesab edirəm ki, ƏDV-nin beynəlxalq
təcrübədə istifadə olunan alternativlərinin milli iqtisadiyyata tətbiqi daha
düzgün olar”.



İqtisadçının sözlərinə görə, bəzi dövlət qurumları
Azərbaycanda ƏDV-nin aradan götürülməsinə ciddi maneələr törədirlər:
"Vergilərlə
bağlı ölkə başçısının da keçən ilin yay aylarında qərarları oldu. Qərarlarda bildirilirdi
ki, vergi yükünün ölkə iqtisadiyyatına olan ağırlığının çəkisi azaldılmalıdır. Bununla
yanaşı həmin vaxt əsas məsələ kimi qoyulmuşdu ki, ölkə iqtisadiyyatının real
sektorunun vergi yükü yüngülləşdirilsin. Nəticədə ölkədə işgüzar fəallıq, milli
istehsal, ümumidaxili məhsul artsın. Amma biz görürük ki, müəyyən iqtisadi
strukturlar bu növ qərarların tətbiqinə ciddi şəkildə mane olmağa çalışırlar. Hökumətin
iqtisadi blokuna aid olan müəyyən qurumlarda ƏDV-nin yükünün azaldılmasına
qarşı ciddi müqavimət var. Mən bunu ilk növbədə onunla izah edirəm ki, ƏDV-nin
inzibatçılığı çox sadədir və bu səbəbdən inzibati orqanlar büdcənin
doldurulması üçün onun yükünün azaldılmasına qarşı çıxırlar”.

Elşad Məmmədov hesab edir ki, hazırki iqtisadiyyatı
köhnə üsullarla idarə etmək mümkünsüzdür:
"Hazırkı makroiqtisadi durum o vəziyyətdədir
ki, indi artıq 5 il, 10 il əvvəlki inzibati idarəetmə üsulları ilə
iqtisadiyyatı idarə etmək mümkün deyil. Bu, mənfi fəsadlara gətirəcək.


Mən hesab edirəm ki, əgər bugünkü vəziyyətdə biz ƏDV-nin
birdəfəlik götürülməsinə getmiriksə, bunu belə izah etmək olar: büdcənin
doldurulmasında ciddi problemlər yarada bilər. Amma heç olmazsa tədricən vergi
yükünün azaldılması, ƏDV-nin diferensiallaşması, yəni real sektora tətbiqində
ciddi güzəştlərin edilməsi və tədricən digər daha mütərəqqi vergi növləri ilə tədricən
əvəz olunmasına getmək olar”.


Professor düşünür ki, ƏDV-nin diferensiallaşması
yeni qiymət artımı dalğası ola bilər:
"Vergilər Nazirliyi tərəfindən diferenasiallaşmaya gedilməsi məsələsi
qaldırılıb. Diferensiallaşma dedikdə həm vergi yükünün azaldılması nəzərdə tutula bilər, həm də artırılması. Çox güman ki, nazirliyin təklifində ikinci məsələ qaldırılıb. Yəni ƏDV-nin müxtəlif şkalalarla tətbiqindən söhbət gedir. Lakin hökumətin
özündə də bu məsələyə münasibət fərqlidir. Bir tərəfdən vergi yükünün artımı
büdcənin doldurulması ilə müşahidə ediləcək. Digər tərəfdən isə nəzərə almaq lazımdır
ki, ölkə iqtisadiyyatının potensialı buna imkan vermirsə, vergi yükünün
artırılması heç də iqtisadi proseslərin, işgüzar fəallığın canlanmasına səbəb
olmayacaq. Çünki biznesin, işgüzar fəallığın boğulmasıyla nəticələnəcək və
sonda bunun fəsadları daha da pis olacaq”.


Nigar ETİBAR

Bakı Post

“Bu qərar da verilsə, növbəti bahalaşma dalğası başlayacaq” -  Professor
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər