Ru
14:03 / 12 Yanvar 2017

Bu iyrənc məqsədə xidmət edənlər...

4903


Tarixi şəxsiyyətlərimizə
sahib çıxaq

Müstəqillik
tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində
əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf
yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən
torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi
əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət
ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak
quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla
bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində
ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə
bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli
konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək
kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur.


Ulu öndərin
tarix elminin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata
keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yeni və daha konkret vəzifələr
qoydu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə
olaraq "Azərbaycan Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan "Qarabağ:
real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak
quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata
keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu.
Stepan Şaumyanın başçılıq etdiyi "26 Bakı komissarları” adlanan daşnak-bolşevik
güruhunun soyqırımı cinayətləri sübuta yetirildi. Ölkə başçısının birbaşa
tapşırığı ilə yazılmış fundamental elmi tədqiqat əsəri olan "İrəvan xanlığı:
Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”
kitabı, həmçinin "Real tarix və "Böyük Ermənistan uydurması” tədqiqatı və digər
çoxsaylı əsərlər rus, ingilis, italyan, ispan, ərəb və başqa dillərə tərcümə
olunaraq dünyada yayıldı. Bununla ermənilərin guya Cənubi Qafqazın "ən qədim əhalisi
olması” barədə saxta və uydurma "konsepsiyaya” sarsıdıcı zərbə vuruldu.
Dünyanın mühüm elm mərkəzlərində, arxivlərində saxlanılan tariximizlə bağlı
külli miqdarda arxiv sənədləri ölkəmizə gətirildi.

 

Tarixçilərimiz
ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin
saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. Beş
kitabdan ibarət olan ikicildlik "Azərbaycan Respublikasının tarixi (1991-2016)”
fundamental araşdırması isə artıq işıq üzü görmüşdür.

Ölkə
başçısı tarix elminin inkişafını daim diqqət mərkəzində saxlayır, tarixçilərin əməyinə
yüksək qiymət verir. Milli Elmlər Akademiyasının Tarix İnstitutu Prezidentin
çağırışlarını, tapşırıq və tövsiyələrini yerinə yetirmək üçün var qüvvəsi ilə
çalışır, alimlərimiz xalqımızın şanlı tarixini düzgün və dolğun əks etdirən əsərlər
yazırlar. Cəsarətlə demək olar ki, artıq Azərbaycan tarix elmi müstəqil inkişaf
yoluna çıxmışdır.

Müstəqil
Azərbaycanın bütün sahələrdəki nailiyyətləri kimi tarix elminin inkişafında əldə
olunmuş böyük uğurlar da bədxahlarımız tərəfindən (eyni zamanda daxili dönüklər
tərəfindən!) birmənalı qarşılanmır. Tarix elmimiz "ənənəvi” konsepsiyalardan
uzaqlaşdıqca, saxtalaşdırmalardan və təhriflərdən təmizləndikcə Milli Elmlər
Akademiyasının Tarix İnstitutu bundan narahat olan xarici qüvvələrin, xüsusilə
erməni saxtakarlarının kəskin hücumlarına məruz qalır. Vaxtaşırı işğalçı ölkənin
paytaxtında keçirilən "elmi” toplantılarda qaraqışqırıq salanlar Tarix
İnstitutunun uğurlarını iftira və böhtan "atəşinə” tuturlar. Əlbəttə, biz
bundan böyük qürur duyuruq! Çünki doğru yoldayıq! Deməli, hədəfləri düz
seçmişik!

Nə qədər
təəccüblü olsa da, ölkəmizin daxilində də xaricdəki bədxahlarımızla səs-səsə
verənlərə ara-sıra rast gəlinir.

Müasir mərhələdə
müstəqil Azərbaycanın tarix elmi bədxahlarımıza qarşı başlıca olaraq üç istiqamətdə
mübarizə aparır: dövlətçilik tariximizin təhrif olunmasına qarşı; xalqımızın
yaratdığı qədim və zəngin mədəniyyətə sahib çıxmağa çalışanlara qarşı; görkəmli
tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı.

Gizli
deyil ki, 1918-ci ilədək Cənubi Qafqazda dövlətçilik tarixi olmayan və bu
regiona Çar Rusiyası tərəfindən köçürülüb gətirilmiş ermənilər, habelə uzun
tarixi dövrlər ərzində böyük Azərbaycan imperiyalarının tərkibində olmuş digər
ölkələrin bəzi "alimləri” ya kağız üzərində özlərinə "dövlət yaratmağa”
çalışır, ya da Azərbaycanın qədim dövlətçilik mədəniyyətinin tarixini təhrif
etmək üçün hər cür saxtakarlığa əl atırlar. Bu iyrənc məqsədə xidmət edənlər ən
adi mənəviyyat və əxlaq normalarını belə pozaraq Azərbaycan xalqına məxsus olan
mədəniyyət abidələrinə, nadir sənətkarlıq nümunələrinə, xalqımızın mətbəx mədəniyyətinə
də sahib çıxmağa və özlərinə oğurluq mədəniyyət yaratmağa cəhd göstərirlər.


Son
zamanlar müxtəlif informasiya vasitələrində Azərbaycan xalqının dünyaya bəxş
etdiyi nadir tarixi şəxsiyyətlərə hücumlar da kütləvi xarakter almışdır. Məqsəd
aydındır: yenidən öz müstəqilliyinə qovuşmuş xalqımızın özünün minillər boyu
davam etmiş dövlətçilik tarixinə, qədim və zəngin mədəniyyətinə, qüdrətli
tarixi şəxsiyyətlərinə sahib çıxmasına əngəl törətmək, Azərbaycan gəncliyinin,
bütövlükdə xalqımızın işğalçılara, antiazərbaycan qüvvələrinə qarşı mübarizə
ruhunu güclənməyə qoymamaq!

Bu bir həqiqətdir
ki, hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan
tarixi şəxsiyyətlərin fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər
içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Məhz qüdrətli şəxsiyyətlər
sayəsində xalq həm də tarixin yaddaşında qalır.

Qədim
dövlətçilik mədəniyyətinə malik olan Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir
ki, o dünyaya olduqca görkəmli tarixi şəxsiyyətlər bəxş etmişdir.


Müstəqil
respublikamızın ərazisinin 20 faizinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin
işğalı altında olduğu bir dövrdə, informasiya müharibəsinin gedişində beynəlxalq
aləmdə, əsasən də vikipediya və digər müxtəlif internet resurslarında ölkəmizə
qarşı informasiya hücumları, qarayaxmalar, böhtan və iftira kampaniyaları daha
da genişlənməkdədir. Əsas məqsəd tariximizə qara yaxmaq, tarixi şəxsiyyətlərimizi
ləkələmək, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi”, yəni "ən qədim
sakinləri” olması barədə saxta konsepsiya ilə bağlı uydurma "elmi” fikirləri
dünya ictimaiyyətinin beyninə yeritməkdən ibarətdir.

Çox təəssüf
ki, ölkəmizin daxilində də xalqın yaddaşında yüz illər ərzində özünə layiqli
yer tutmuş görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən
Babək, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib
Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər
tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə,
qarayaxmalarla çıxış edənlər də tapılır.



Azərbaycan
xalqının milli qüruru olan və millətimizə bütün dünyada başucalığı gətirən
nadir tarixi şəxsiyyətlərimizin, hətta dahi füzulilərin, Üzeyir bəylərin, görkəmli
dövlət və siyasi xadimlərimizin, sərkərdələrimizin, xalq qəhrəmanlarımızın
yaxın keçmişdə televiziya ekranlarında "dahilərin divanı” kimi üzdəniraq
verilişlərdə "tənqid” və lağ hədəfinə çevrilməsi yadımızdan çıxmayıb!

Təəccüblü
deyilmi, bir tərəfdən torpaqlarımıza yiyələnməyə çalışan işğalçı dövlətin nümayəndələri
bizim dahilərimizə sahib çıxmaq üçün guya onların "erməni mənşəli” olduğunu
sübut etməkdən ötrü dəridən-qabıqdan çıxırlar, digər tərəfdən isə bizim içərimizdəki
bəzi dönüklər bir çox dahi şəxsiyyətlərimizin "mənşəcə azərbaycanlı
olmadıqlarını” sübuta yetirmək üçün əllərindən gələni edirlər, necə deyərlər,
özlərini oda-közə vurmaqdan belə çəkinmirlər. İstər-istəməz düşünməli olursan:
bu iki şər qüvvə eyni məqsədə xidmət etmirmi?!

Nə qədər
acı olsa da, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsinə 20 ildən
artıq bir dövr ərzində rəhbərlik etmiş və böyük bir imperiyanın - Ərəb xilafətinin
ordularını dəfələrlə ağır məğlubiyyətlərə uğratmış ölməz xalq qəhrəmanımız Babəkin
şəxsiyyətini müzakirəyə çıxaranlar, onun soykökünün axtarılmasına, daha
doğrusu, azərbaycanlı olmadığını sübut etməyə cəhd göstərənlər də var. Belələri
düşünmürlər ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Başqa
xalqlar kimi, onun da formalaşmasında müxtəlif türk etnosları, habelə digər
etnoslar iştirak ediblər. Xalqımızın yaranışı tarixin ən qədim qatlarından
başlayıb və erkən orta əsrlərdə başa çatıb. Buna görə də, üstündən yüzillər
keçdikdən sonra formalaşmış vahid adı, dili, dövləti, mədəniyyəti olan bir
xalqı yenidən "sortlara ayırıb” onun qəhrəmanlarını ümumazərbaycan gövdəsindən
qopararaq ayrı-ayrı etnoslara aid etmək düşmən dəyirmanına su tökməkdən başqa
bir şey deyil!                                                                                                                                                                         


Belələri,
həm də unudurlar ki, xalq öz kökünü, tarixini hamıdan yaxşı bilir, dost-düşmənini
də, qəhrəmanlarını da hamıdan yaxşı tanıyır. Məhz ümumxalq sevgisinin nəticəsidir
ki, bu gün 60 milyonluq Azərbaycan xalqı öz ailələrində yüzlərlə babəklər,
cavanşirlər tərbiyə edir!

Təəssüf
ki, tarixi şəxsiyyətlərimizə sayğısız, laqeyd münasibət, hətta onları özgəninkiləşdirmək
meyilləri səngimək bilmir. Hətta bəzi televiziya kanallarının hazırladığı
verilişlərdə də Şah İsmayıl, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi görkəmli
şəxsiyyətlərimizi Azərbaycandan qoparmaq cəhdi açıq-aşkar nəzərə çarpır.


Bu gün təcavüzkar
Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak
edən Tarix İnstitutu ölkə başçısının çağırışları, tapşırıq və tövsiyələri ilə
mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında
"Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində
Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki
şəhərindəki 10 nömrəli orta məktəbdə "Heydər Əliyev”, "Şah İsmayıl Səfəvi”,
"Şah Təhmasib Səfəvi”, "Şah Abbas Səfəvi”, "Nadir şah Əfşar”, "Ağa Məhəmməd şah
Qacar”, "Vətən qeyrətli qadın hökmdarımız - Tomiris”, "Hacı Çələbi xan”
mövzularında elmi-praktik konfranslar keçirilmişdir. Orta məktəb şagirdlərinin
çox fəal iştirak etdiyi bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasında rolu əvəzsizdir.


Yuxarıda
göstərilən elmi-praktik konfransların gedişində çox qabarıq nəzərə çarpan
sevindirici bir hal da bundan ibarətdir ki, gənc nəsil, onlara təhsil və tərbiyə
verən tarix müəllimləri tarixi şəxsiyyətlərimizi yaxşı tanıyır, onların fəaliyyətini
yeniyetmələrimizə doğru-düzgün öyrədirlər. Bu da səbəbsiz deyil. Çünki müstəqillik
dövründə yeni - azad Azərbaycanın təhsil sistemi üçün yeni tarix dərslikləri
yaradılmışdır. Təhsil Nazirliyinin çox ciddi şərtlər çərçivəsində həyata
keçirdiyi müsabiqələr sayəsində ərsəyə gələn tarix dərslikləri bu gün
xalqımızın çox qısa zaman kəsiyində əldə etdiyi böyük nailiyyətdir.


Bütün
bunlarla yanaşı, ciddi narahatlıq doğuran haldır ki, hələ də sovet dövrünün zərərli
və zəhərli konsepsiyalarının təsirindən yaxa qurtara bilməyən, tariximizin bir
çox problemlərindən baş açmayan bəziləri Azərbaycanın oğuz-türk mənşəli Şah
İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir Şah Əfşar, Ağa Məhəmməd
şah Qacar kimi böyük tarixi şəxsiyyətlərini, onların yaratdıqları qüdrətli
imperiyaları başqalarına aid edirlər, "ən yaxşı halda” isə Azərbaycana aid
etmirlər. Bu böyük sərkərdələri Azərbaycanla, xüsusilə Şimali Azərbaycanla
bağlı olaraq "işğalçı” kimi qələmə verirlər. Doğma dildə ana südü qədər dadlı və
təmiz şeirlər yazan, divan bağlayan, Azərbaycan türkcəsini böyük Səfəvi
imperiyasının dövlət dili səviyyəsinə yüksəldən, öz xalqı üçün vahid mərkəzləşdirilmiş
dövlət yaradan Şah İsmayıl Səfəvinin bunca tarixi xidmətlərini bir tərəfə
ataraq onu "islam dinini və türk dünyasını parçalamaqda” günahlandıranlar isə
"daha dərinə gedərək” xalqı öz şanlı tarixindən, nadir şəxsiyyətlərindən məhrum
etmək qədər zərərli addım atırlar. Bu cür təşəbbüslərlə çıxış edənlər həm də
unudurlar ki, tarix elmində islam dininin nə vaxt və harada məzhəblərə
parçalanması tarixi də yaxşı məlumdur, türk dünyasının parçalanması səbəbləri də,
onu parçalayan qüvvələr də!

Kimin və
ya kimlərinsə necə yozmasından asılı olmayaraq tarixi reallığı ört-basdır etmək
olmaz. Çünki o həqiqətdir. Həqiqətin isə ancaq bir adı var: həqiqət! İskəndər,
Atilla, Çingiz xan, Böyük Karl, Şəmsəddin Eldəniz, Alp Arslan, Əmir Teymur,
Uzun Həsən, Fateh Sultan Mehmet, Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas, Pyotr,
Nadir Şah, Napoleon Bonapart kimi tarixi şəxsiyyətlər öz xalqlarına misilsiz
xidmətlər göstərməklə yanaşı, qüdrətli imperiyalar yaratmış, işğallar həyata
keçirmiş, dünya tarixində dərin iz qoymuşlar. Bəs nədən və nə üçün İskəndərin,
Böyük Karlın, Fateh Sultan Mehmetin, Əmir Teymurun, Pyotrun, Napoleon
Bonapartın və onlarla başqa tarixi şəxsiyyətlərin mənsub olduğu xalqlar öz şəxsiyyətlərinə,
bu şəxsiyyətlərin yaratdıqları imperiyalara sahib çıxdıqları halda biz Şəmsəddin
Eldənizdən, Uzun Həsəndən, Şah İsmayıldan, Şah Təhmasibdən, Şah Abbasdan, Nadir
Şahdan, Ağa Məhəmməd Şah Qacardan və digər onlarla qüdrətli şəxsiyyətlərimizdən
üz döndərməli və onların yaratdıqları imperiyaların tarixindən imtina etməliyik?!
Və ya onları başqalarına "bağışlamalıyıq”?! Səfəvi-qızılbaş türkləri, Əfşarlar,
Qacarlar bizim kökümüzdə duran türk elatları, daha doğrusu, bizim özümüz
deyilikmi? Necə olur, biz xalq qəhrəmanımız Cavad xan Ziyadoğlu ilə
qürurlanırıq, yadellilərə qarşı qəhrəmancasına duruş gətirən İrəvan xanları
olan Qacarlarla fəxr edirik, amma Ağa Məhəmməd Şah Qacarı özümüzdən hesab
etmirik - "yadelli işğalçı” adlandırırıq?!

Daha
ağrılı, daha dərin təəssüf doğuran hal budur ki, bəzən dünyanın hər yerində,
çox görkəmli tədqiqatçıların olduqca yüksək qiymət verdiyi Nadir şah Əfşar kimi
dahi tarixi şəxsiyyətlərimizi də öz içərimizdə özümüz ləkələyirik! Belə addımı
ixtisası tarixçi olan alimlər atdıqda lap mat qalırsan (Məsələn, bax: Əsədov F.
Nadir şah Əfşar. Bakı, "İqtisad Universiteti” nəşriyyatı, 2011). İnana bilmirsən
ki, çökmüş Səfəvi imperiyasını yenidən dirçəldən, həmin imperiyanı öz
aralarında bölüşdürmüş Çar Rusiyası və Osmanlı hərbi qüvvələrini, Şərqdən hücum
etmiş əfqan müdaxiləçilərini qovub ölkədən çıxaran, yeni Azərbaycan Əfşarlar
imperiyası kimi geniş ərazili bir dövlət yaradan, Hindistanı öz imperiyasından
asılı hala salan, misilsiz sərkərdəlik istedadı ilə tarixi inkişafın gedişini
öz ölkəsinin xeyrinə dəyişdirə bilən, mənsub olduğu xalqın ağır faciəsi olan məzhəb
ayrılığını ləğv etməyə çalışan, həyata keçirdiyi inzibati ərazi islahatı ilə
bütün tarixi Azərbaycan torpaqlarını bir vilayətdə birləşdirən və dünyada "Şərqin
Napoleonu” kimi məşhur olan dahi sərkərdəni dünyanın heç bir tarixçisi
aşağılamadığı halda tarix üzrə fəlsəfə doktoru olan bir azərbaycanlı alim onu
"quldurluqla məşğul olan vücud” adlandırır, "quldurluğu özünə peşə seçməkdə”,
"quldurluq peşəsi ilə ad qazanmaqda”, "özünəməxsus quldur dəstəsi olmaqda” təqsirləndirir,
hətta heç bir əsas olmadan böyük sərkərdəni "ermənilərin dostu” kimi qələmə
verir. Çox təəssüf, lap çox təəssüf!

Nadir
şah kimi dahilər barədə yazı yazmaq üçün əlinə qələm alanlar unutmamalıdırlar
ki, bu cür şəxsiyyətlərə gördükləri böyük işlərə görə qiymət verilir. Məgər İskəndər,
Böyük Karl, Pyotr, Napoleon, Bismark və başqaları öz məqsədlərinə qan tökmədən
nail olmuşdular?!

Əgər
kasıb, zəhmətkeş bir əfşar ailəsindən çıxmış igid-dəliqanlı öz hərbi sərkərdəlik
istedadına, göstərdiyi qəhrəmanlıqlara görə böyük Səfəvi imperiyasının hərbi
qüvvələrinin başçısı səviyyəsinə yüksələ bilmişsə, son Səfəvi hökmdarlarının
maymaqlığı ucbatından ölkə dövlət müstəqilliyini itirdiyi zaman bütün xarici
qüvvələri məğlub edib çökmüş imperiyanın yerində yeni Azərbaycan - Əfşarlar
imperiyası yarada bilmişsə, hətta Hindistan kimi böyük ölkəni də öz dövlətindən
asılı hala salmağa nail olmuşsa, biz nə üçün belə şəxsiyyətin və onun kimi
dahilərin fəaliyyətində qüsurlar axtarışına çıxmalıyıq?!

 

Bəli,
Nadir Şah sərt bir mühitin övladı idi. Yeniyetmə ikən atasını, sonra da anasını
itirmiş, bütün ailəni dolandırmaq yükü onun boynuna düşmüş, hər cür məhrumiyyət
görmüşdü. Tayfasının düşmənlərindən qisas almaq üçün başına dəliqanlılar
toplamış, döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə ad-san qazanmışdı. Belə
istedadlı sərkərdələrə möhtac olan Səfəvi şahları da onu xarici müdaxiləçiləri
dəf etmək üçün köməyə çağırmış, imperiya ordusunun taleyini bu igid sərkərdəyə
tapşırmışdılar. Bu cür başlanmışdı böyük sərkərdənin həyat yolu! 

Bəli,
Nadir şah satqınları, xainləri, dedi-qoduçuları, çuğulları, qorxaqları, saray
hiyləgərlərini sevmirdi və onlara layiq olduqları cəzanı verirdi! Lakin dara çəkmək
üçün çağırtdırdığı Şəki hakimi Hacı Çələbi kimi sözü qorxmadan üzə deyə bilən cəsurların
isə boynundan ipi çıxartdırıb azad edirdi!

Bu da
tarixi həqiqətdir ki, Nadir şah Əfşar son səfəvilərdən fərqli olaraq başçılıq
etdiyi imperiyanın torpaq itirməsinə yol vermirdi, ən ağır döyüşlərdə şəxsi
igidlik göstərərək azad etdiyi torpaqlarda mərkəzi hakimiyyətə qarşı qiyamlar
qalxarkən amansız olurdu, dövlətin sərhədlərinin pozulmasına imkan vermirdi.

Unutmaq
olmaz ki, məhz Nadir şah dövründə xalqımızın düşmənləri nə Azərbaycan
torpaqlarına, nə də onun yaratdığı böyük Əfşar imperiyasına hücum etməyə cəsarət
göstərə bildilər! Lakin onun ölümündən sonra tarixi inkişafın gedişi dəyişdi və
Azərbaycan torpaqları bölüşdürüldü...

Ölkə
başçısının mütəmadi qayğısı sayəsində Milli Elmlər Akademiyasının Tarix
İnstitutunda görkəmli tarixi şəxsiyyətlərimizin nəsillərə örnək olan fəaliyyətlərinin
araşdırılmasına xüsusi diqqət yetirilir, dissertasiyalar yazılır,
monoqrafiyalar, sənəd topluları nəşr olunur.

İnstitutda
tarixdə mövcud olmuş böyük imperiyalarımız, qüdrətli tarixi şəxsiyyətlərimizin
fəaliyyətləri barədə geniş tədqiqat işləri aparılmış, ciddi elmi uğurlar
qazanılmışdır. Müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz
Azərbaycanda - Milli Elmlər Akademiyasının Tarix İnstitutundadır.

 

Azərbaycanın
müxtəlif dövrlərdə itirdiyi torpaqların tarixinin araşdırılması ilə məşğul olan
son dərəcə gərəkli bir elmi məktəbin formalaşması son illərin ən böyük elmi
nailiyyətlərindən biridir. Bu baxımdan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
görkəmli alim Ramiz Mehdiyevin Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin
banisi Şah İsmayıl Səfəviyə və dahi Azərbaycan sərkərdəsi Nadir şaha həsr
etdiyi tədqiqatlar ("Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”. "Azərbaycan”
qəzeti, 4 dekabr, 2012; "Şah İsmayıl Səfəvi: Döyüşçü və hökmdarın portreti”.
Bakı, "Şərq-Qərb”, 2014; "Nadir şah Əfşar: diplomatik yazışmalar”. (Ön sözün müəllifi
akademik Ramiz Mehdiyev) Bakı, "Şərq-Qərb”, 2015) xüsusi əhəmiyyətə malikdir.
Alimin hər iki tarixi şəxsiyyət barədə ilk mənbələrə əsaslanan elmi nəticələri,
apardığı ümumiləşdirmələr həm bu sahədə tədqiqat aparan alimlər üçün, həm də
maraqlanan ziyalılardan ötrü istiqamətverici əhəmiyyətə malikdir. Akademik
Ramiz Mehdiyev Şah İsmayıla həsr etdiyi "Şah İsmayıl Səfəvi: Döyüşçü və
hökmdarın portreti” əsərində yazır: "Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün
Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların
şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş
Azərbaycan dövlətini yaratmış şəxsiyyətdir” (s.32). Alimin Nadir şaha həsr
edilmiş sənədlər toplusuna yazdığı geniş həcmli "Ön söz”də isə oxuyuruq: "Nadir
şah Əfşar (1688-1747) nəinki Azərbaycanın və İranın, həm də bütün müsəlman Şərqinin
tarixində silinməz iz qoymuş böyük fateh, görkəmli dövlət xadimi, mahir sərkərdədir.
Təsadüfi deyil ki, Avropanın ən tanınmış şərqşünasları "Şərqin Napoleonu”
adlandırdıqları Nadir şahın adını Makedoniyalı İskəndərlə, Yuli Sezarla, Böyük
Fridrixlə yanaşı çəkirlər. İftixar hissi ilə qeyd edə bilərik ki, qərbdə
xalqımızın ən böyük oğlunun şəxsiyyətinə, siyası fəaliyyətinə və hərbi dühasına
maraq belə onun sağlığında yaranmışdı... XVIII əsrin 20-ci illərində Azərbaycan
Səfəvilər dövlətinin süquta uğradığı, ölkə torpaqlarının bir qisminin çar
Rusiyası, digər qisminin isə Osmanlı dövləti və əfqan tayfaları tərəfindən
istila edildiyi ağır, ümidsiz dövrdə siyasi səhnəyə çıxan və yaranmış faciəli mənzərəni
cəmi 10 il ərzində aradan qaldıraraq, dövrünün ən qüdrətli imperiyasını qurmağa
müvəffəq olan Nadir şah Əfşar tariximizin bu qəbildən parlaq simaları
sırasındadır” (Nadir şah Əfşar: diplomatik yazışmalar..., Titul vərəqi; s.6-7).

Fikrimizcə,
alimin hər iki tarixi şəxsiyyətə verdiyi bu qiymət ilk mənbələrin təkzibolunmaz
məlumatlarına əsaslanmaqla yanaşı, həm də Heydər Əliyevin bizə əmanət etdiyi azərbaycançılıq
məfkurəsinə sədaqət örnəyidir.

Unutmaq
lazım deyil ki, tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər,
onların həyata keçirdiyi islahatlar və nurlu əməlləri sayəsində nəsillərin
yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin
Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Səfəvi,
Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər
bəxş etmişdir.

Əsrlər
keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi.
Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları
sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.

Yazdığımız
hər bir əsərdə, söylədiyimiz hər bir fikirdə azərbaycançılıq ruhunu uca tutaraq
qüdrətli tarixi şəxsiyyətlərimizi xalqımıza olduğu kimi təqdim etmək, tarixi
keçmişimizə sahib çıxmaq Azərbaycan ziyalısı olaraq hər birimizin müqəddəs
borcudur.


Yaqub
Mahmudov,

AMEA-nın
müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər