Ru
11:33 / 04 Yanvar 2017

Bizim xoşbəxtlik göstəricimiz

2439

Etibar ƏLİYEV

2016-cı ilin iqtisadiyat üzrə Nobel mükafatçısı Anqus Diton elmi cəhətdən sübut etdi ki, zənginlik insanı cüzi (çox az) xoşbəxt edir. Tam xoşbəxtlik üçün sadəcə yoxsul olmamaq gərəkdir.

Məsələn, ingilislər və amerikanlar xoşbəxtliyi gündəlik emosional vəziyyət, yaxşı əhvali-ruhiyyə kimi dəyərləndirirlər. Britaniya, ABŞ, Avstraliya və digər ölkələrin məktəblərində xoşbəxtliklə bağlı proqramlar var. Həmin proqramlarda xoşbəxt həyat üçün nə lazımdır, mürəkkəb situasiyalarda optimizmi necə itirməmək olar, çətinliklərə necə sinə gərək və s. kimi məsələlərdən danışılır. Tədqiqatlar göstərir ki, belə "pozitiv təhsil” effektlidir və depressiya, narkomaniya, intiharların səviyyəsini aşağı salır.

Bəs xoşbəxtliyin göstəricisi (ölçüsü) varmı? Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu qurumlar xoşbəxtliyin 3 göstəricisini ayırıblar: Birincisi, yaşamaqdan məmnunluqdur. Kopenhagendə "Xoşbəxtliyi Öyrənən İnstitut”un direktoru Mayk Vikinq deyir ki, bu göstərici çərçivəsində insanlardan xahiş edirik ki, öz həyatlarını qiymətləndirsinlər.

"Xoşbətliyin ikinci mühüm göstəricisi –insanların gündəlik keçirdiyi emosiya və hisslərlə bağlıdır. Məsələn, dünən hansı hissləri keçirdiniz: sevinc, tənhalıq, yoxsa kədər! Aydındır ki, insanlar mütəmadi olaraq pozitiv emosiyalar keçirir, adətən yaşayışlarından qane olmağa çalışırlar. Nəhayət, üçüncü göstərici: biz düşünürük ki, yaxşı həyat mənalı olmalıdır. Buna görə də onlardan soruşulur: bilirlərmi ki, təyinatları nədir, yaşamağın mənası nədən ibarətdir, inanırlarmı ki, nəyəsə gərəklidirlər?”

Kopenhagen İnstitutunun tədqiqatları göstərir ki, varlı ölkələrin vətəndaşları daha xoşbəxtdirlər. Ona görə ki, xalqın yaxşı yaşaması üçün Ümumi Daxili Məhsuldan adambaşına düşən vəsait artır. Sağlamlıq çox vacibdir. Deməli inkişaf səviyyəsi və sağlamlıq önəmlidir. Cəmiyyət səxavətlidirmi, pula pərəstiş hansı səviyyədədir? Bunlar da vacibdir. Nəhayət sonuncu – Hökumət yaxşı çalışırmı? Hakimiyyətdə çalışanlar təmiz adamlardırmı, yaxud korrupsiyanın səviyyəsi yüksəkdirmi? Bütün bunlar insanların həyatının keyfiyyətini müəyyənləşdirir.

Göründüyü kimi dünyanın tədqiqat mərkəzləri xoşbəxtliyin çox mürəkkəb göstəricilərini müəyyənləşdiriblər ki, bunları bizdə ölçmək çox çətindir. Məsələn, götürək sağlamlıq göstəricisini. Dərhal ortaya sual çıxır: Biz sağlamıqmı? Tibbi sığortasız, yarımçıq təhsilli həkimlərlə və keyfiyyətsiz dərmanlarla necə sağlam olmaq mümkündür? Varlılar kasıblar üçün bahalı müayinə və müalicə üçün klinikalar açıblar. Elə bu klinikalar da bir tərəfdən insanları yoxsulluğa sürükləyir.

Bizim Ümumi Daxili Məhsul haqqında bilgilərimiz, insan geni haqqında bilgilərimiz qədərdir. Anqus Ditonun xoşbəxtlik tərifi doğrudur. Bizdə varlıların böyük kəsimi türmədə yatır. Onlar azadlıqda olanda qismən də olsa xoşbəxt olmuşdular. Ancaq azadlıqda olanda onlara necə başa salmaq olardı ki, əsl xoşbətlik yoxsul olmamaqdır?

Böyük ingilis yazıçısı Kiplinqin Qərblə Şərqi fərqləndirən aforizmi indi də aktualdır: "Qərb Qərbdir, Şərq Şərqdir və onlar heç vaxt qovuşmayacaq”.

Şərq adamının xoşbəxtlik anlamı tamam başqadır. Bu, çox vaxt özgənin haqqını tapdalamaq üzərində qurulur. Bizim insanlar çörəkpulu tapanda, banklara və kiməsə borcu olmayanda, götürdüyü krediti faizsiz bağlayanda, uşağı ödənişsiz ali məktəbə daxil olanda, klinikalara yolu düşməyəndə və s. xoşbəxtlik hisslərini yaşayırlar.

Xoşbəxtlik İnstitutunun sonuncu kriteriyası isə kədərlidir.

İnsanlara sual verirlər: bilirlərmi ki, onların təyinatı nədir, yaşamağın mənası nədən ibarətdir, inanırlarmı ki, nəyəsə gərəklidirlər?

Bu meyarı oxuyanda Kərəmi – yəni, müəllifi ağlamaq tutdu…

Bizdə xoşbəxt olmağa cüzi təsiri olan bir göstəricinin cavabı nəzərə alına bilər. Sual belə qoyulur: "Cəmiyyət səxavətlidirmi?” Bəli, bizim cəmiyyət səxavətlidir. Başqa sözlə bir-birimizi dolandırırıq.

Arzu edək ki, 2017-ci ildə xalqın imkanları yaxşılaşsın ki, bir-birimizi daha yaxşı dolandıraq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər