Ru
13:30 / 04 Yanvar 2017

Bizi hər gün öldürən və lağlağı terrorçular

1148

Fazil Mustafa


İstanbulda "Reyna" adlanan əyləncə
məkanında terrorçular tərəfindən öldürülənlər arasında Nuranə adlı bir azərbaycanlı
qızın olmasını eşidən kimi qeyri-ciddi və insanlığa uyğun gəlməyən yorumlarla
münasibət bildirənlərə yetərincə haqlı məzəmmətlər yazıldığına görə bu mövzuya qayıtmaq
istəməzdim.

Sadə məntiq budur ki, burada qətlə yetirilən hər kəs terrorun
qurbanıdır və günahsız öldürülən insanlardır. Hər birinin yaxınlarına səbr diləməkdən
başqa əlimizdən bir şey gəlməz. Bununla belə, hər bir məsələyə, prosesə, hadisəyə
ciddilikdən uzaq, alayçı, lağlağı münasibət bildirən, yaxud da mənsub olduğu
ideoloji, dini görüşlər bucağından hər şey dar çərçivədə təhlil edən bir cəmiyyət
reallığımızı da gözardı etmək olmaz.

Son vaxtlar sosial gərginliyin, siyasi tıxanıqlığın yaratdığı aqressiv əhvalın artımını da buraya əlavə etsək, görərik
ki, insanlarımızın əsas problemi sağlam və doğru mühakimənin olmamasıdır,
hansısa təzahürü soyuqqanlı təhlil edə bilməməsidir. Metroda, avtobusda,
mağazada, evdə aqressivliyin artması, günlük intiharların, boşanmaların, ailə
münaqişələrinin, məişət və cinsi zorakılığın adiləşməsi ciddi siqnallardır və
bunları sadəcə yoxsulluqla, imkansızlıqla əlaqələndirmək doğru deyil.


Bu gün
sağlam mühakiməsi olmayan, lakin bolluca aqressiyası olan insanların onların aqressiyasını
atəşləyən dərindən tanıdığım hansısa siyasi və ya sosial dələduzun dəstəkçisi
sıralamasında yer tutmağa çalışdığını görəndə, anlayıram ki, yenidən sağlam və
soyuqqanlı müzakirələrə bu cəmiyyəti qaytarmaq çətin olacaq.

Yaxud da 31 dekabr
günü bəyəndiyim bir müğənnini dinləmək üçün bir neçə saatlığa ailəlikcə əyləşdiyim
məkanda masaların arxasında oturan gənc-yaşlı fərq etmədən kişilərin siqaret
tüstüsünü yanındakı qadınların üzünə necə püfləməsini, sadəcə içmək üçün deyil,
vəhşicəsinə keflənmək üçün necə yarışa girdiklərini və sonda da bir neçə sərxoş
gəncin şüursuz şəkildə söyüşərək dalaşdığını görəndə, bunu yalnız aqressiya ilə
əlaqələndirmədim. Ola bilsin ki, bizlər öz masamızı qoruyuruq, öz çevrəmizi təmiz
saxlamağa çalışırıq, ancaq bu, bir cəmiyyətdir, istər-istəməz dəli bir külək
başqa masalardan, yerlərdən zibillikləri, pislikləri mütləq bizim də masamıza,
həyətimizə gətirəcəkdir.


Bizdə qapalı yerdə siqaret çəkilməsinin qadağan
olunmasına tütün mafiyası qətiyyətlə imkan vermir, ancaq hansısa tərbiyə görmüş
insan üçün hər halda yanındakı siqaret çəkməyən insana görə bayıra çıxıb bu mənasız
vərdişini gerçəkləşdirməyə nə mane olur?


Bəli, cəmiyyətdə yoxsullaşma səviyyəsi
artıb, ancaq əvvəlki kimi azərbaycanlıların böyük əksəriyyəti məsuliyyətsizlikdən
nəticə çıxarıbmı?


Bu qədər kreditə götürülən bahalı maşınların borcunu qaytara
bilməyənlərin gileyini eşidəndə az qala çılədən çıxırsan. Kreditlə ev almağı
anladım, insana mütləq normal sığınacaq lazım, nisbətən ucuz maşın da almaq
olar, çünki insanın daşınma ehtiyacı var, ancaq qudurğanlıqdan gedib şöhrətə əlli
minlik, yüz minlik maşın alanda, bu məsuliyyətsizliyin sonda bir nəticəsi
olacağını düşünmək doğrudanmı çətin idi?


İşsizlik var, yoxsulluq var, siyasi
azadlıqların məhdudlaşdırılması var, inhisarçılıq var, korrupsiya var, məhkəmə ədalətsizliyi
var və nə yazıq ki, bunların da hamısından yuxarı səviyyədə Azərbaycan cəmiyyətində
gələcəyə, özünə, çevrəsinə, dövlətinə qarşı məsuliyyət duyğusunun yoxluğu baş
alıb gedir.

Ona görə də Yeni il gecəsində terrorun qurbanı olan gənc bir qıza
qarşı acımasız münasibətin köklərini buralarda axtarmaq daha məqsədəuyğun
olardı...

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər