Ru
15:58 / 28 Mart 2017

- Yüksək rütbəlilərin istefasına REAKSİYA “Bizi ağır sınaqlar gözləyir”

3326
Xəbər verdiyimiz kimi bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.


BakiPost.az-ın məlumatına görə, Müdafiə Nazirliyindəki istefaya göndərmələrlə bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bunun adi bir hal olduğunu diqqətə çatdırıb. 


"Bu, heç bir şok effekt yarada biləcək xəbər deyil. Silahlı Qüvvələrdən mütəmadi olaraq onlarla, bəlkə də yüzlərlə belə ehtiyata buraxılma prosedurları həyata keçirilib və keçirilir. Bu məlumat bir balaca da ajiotaj yaradıb ki, əvvəlki illərdə bu tip məlumatlar adətən ictimailəşdirilmirdi və bu haqda mətbuatda bir xəbər olanda Müdafiə Nazirliyinin Mətbuat xidməti ya məlumatı təsdiq edir, ya da təkzib edirdi. 


Müdafiə naziri general-polkovnik Zakir Həsənov öz sələfi Səfər Əbiyevdən fərqli olaraq mətbuatla öz işini bir qədər açıq və şəffaf qurub deyə biz uzun illər bu tip məlumatlara rast gəlmədiyimizə görə, indi dərhal bir neçə yüksək rütbəli zabitin ordu sıralarından ehtiyata buraxılması az qala sensasiya kimi görünür. Heç bir qeyri-adi hadisə baş verməyib və yoxdur. Belə ehtiyata yola salmalar demək olar ki, bütün güc strukturlarında davamlı olaraq həyata keçirilir”, - deyə, Ü.Cəfərov vurğulayıb. 


Onun sözlərinə görə, istər Müdafiə Nazirliyi, istərsə də digər güc strukturlarında mütəmadi olaraq zabit və generalların rotasiya qaydasında yuxarı və digər hərbi birləşmə, qarnizonlara təyinatları həyata keçirilməlidir: "Bu həm ədalət və şəffaflıq prinsipinin qorunması, həm də hər bir zabitin gələcəkdə karyera üzrə yüksək vəzifələrə təyin olunmasında stimulverici rol oynayar. Ehtiyata göndərilmiş general və polkovniklərin hər biri Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında özünəməxsus rol oynamış şəxslərdir. Gəlin onlara Vətən qarşısında göstərdikləri çoxillik xidmətlərinə görə çox sağ ol deyək. Yeni təyinatları həyata keçirəcək müdafiə nazirinə və baş qərargah rəisinə uğurlu kadr təyinatları arzulayaq. Çünki, bizi hələ qarşıda çox ağır və məsuliyyətli sınaqlar gözləyir”.

 

Sevinc

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər