Bizə mədəniyyət lazımdırmı? - Sabir Rüstəmxanlı yazır

1032
Sabir Rüstəmxanlı
 
 
Toplumu bir millətə, bütöv bir orqanizmə çevirən bir sıra amillər var. Onlardan biri mədəniyyyətdir. Ortaq dəyərlər olan vahid dil, vahid din, vahid yurd kimi vahid mədəniyyət də millət olmanın əsas şərtlərindəndir.

Azərbaycan ərazisində yaşayan və müxtəlif köklərdən gələn insanları vahid bir Azərbaycan - Vətən sevgisi birləşdirir. 

Bir də burda yaşayan xalqların ümumi səyi ilə yaradılmış bir böyük Azərbaycan mədəniyyəti var ki, vətəndaşlarımızın ortaq sərvətidir.

Azərbaycanda bir türk, bir ləzgi və ya talış, avar, kürd qapısı döy, onların yaşam tərzi ilə tanış ol – o zaman bizim milli varlığımızın, birliyimizin kökünü aydın görəcəksən. Görəcəksən ki, onların hər biri öz dilini qorusa da ortaq dəyərlər və ortaq mədəniyyət onları elə möhkəm birləşdirib ki, heç bir ciddi ayrılıqları, ziddiyyətləri yoxdur və xaricdən nə qədər cəhdlər olsa, nə qədər pullar xərclənsə də ayrı-ayrı adamlar, qruplar qızışdırılıb ortaya atılsa da, bu birliyi pozmaq mümkün deyil. Mədəniyyət bizim gücümüz, ən böyük silahımız, ən böyük müdafiə sistemimiz, ən perspektivli yolumuzdur. Azərbaycançılıq ideologiyasının özülündə də bu vahid Azərbaycan mədəniyyəti dayanır.

Buna görə də mədəniyyət daim ölkə siyasətinin mərkəzində dayanmalı, ona özəl bir həssaslıqla yanaşılmalıdır.Onu bölmək , parçalamaq, gözardı eləmək, iqtisadiyyatın, maddi maraqların, xarici ölkələrin xoşuna gəlmək siyasətinin, islahat oyunlarının hədəfinə çevirmək olmaz. Ən ağır şərtlər altında və ən ağır şəraitdə də mədəniyyət qorunmalıdır. Bunun ən gözəl örnəklərindən biri SSRİ vaxtında blokadada olan Lelinqradda Nizami Gəncəvinin yubileyinin keçirilməsi olmuşdur.

Məncə, bəzi intelekt sahiblərinin ürəyində köhnə rejimin xiffətini sönməyə qoymayan əsas səbəblərdən biri də mədəniyyətə, ədəbiyyata münasibətdir. Biz bazar iqtisadiyyatına keçsək də mədəniyyətimizi bazarın ümidinə qoymaq olmaz.

Məşhur kəlamı bir azca dəyişdirsək deməliyik ki, insanın insani dəyərini onun mədəniyyətə münasibəti müəyyən edir.

Azərbaycanda cəmiyyəti rahatsız edən sorunlar arasında təhsil və mədəniyyət ayrıca qeyd olunmalıdır. Hər ikisinin ölüm ya olum qədər həyatı məsələ olduğunu bilməmək günahdır. 

İllər uzunu siyasi, iqtisadi, idarəçilik və mədəniyyət sahəsində islahatların zəruri olması barədə danışmışıq və bu danışıq indi də davam edir.

Başqa sahələrlə işim yox, ancaq mədəniyyət sahəsində bu islahiyyatlar başlanıb artıq.

İlk növbədə rayon mədəniyyət şöbələri birləşdirilir. Burda bir az dayanaq.

Regional (bizim dilimizdə gözəl adı var: bölgə) birliklərinin yaradılmasının hansı məntiqə, hansı ictimai - siyası dövlətçilik mövqeyinə söykəndiyi əhaliyə izah olunmamışdır. Əgər qubernatorluq və ya vilayət sisteminə keçirilirsə, bu, birdəfəlik bəyan edilməlidir. Lakin indilikdə belə sistem görünmür. Sadəcə bəzi idarələr birləşdirilir və müəyyən rayonlarda yerləşdirilir.Hər rayonun rəhbərliyi müstəqil şəkildə işini davam etdirir, lakin bəzi idarələr rayon tabeliyindən çıxıb başqa rayona tabe edilir.Məsələn,Yardımlı rayonunun sərhəddə yerləşən ucqar dağ kəndindən bir arayış almaq üçün qarda, qışda 80-100 km yol gedib qonşu Masallı rayonundakı idarəyə müraciət etməlisən.Qalıb bəxtinə. Həmin gün o idarədə axtardığın adamları tapacaqsan yoxsa yox.

Bundan əlavə, istər-istəməz, qonşu rayonlardan birinin statusu, rəsmən olmasa da yüksəlir. Niyə? Regional idarənin mərkəzi olaraq seçilən rayonun digərlərindən üstünlüyü nədədir?

Əgər bu proses gedirsə onda bu şərti mərkəzləri dağdan arana, xırda rayonlardan böyük rayonlara, ucqardan mərkəzə doğru yox,əksinə mərkəzdən ucqara, çətin şəraitdə olan və əhalisi az olan dağ rayonlarına, sərhəd rayonlarına daşımaq lazımdır.

Ucqar dağ kəndlərimizdə iş yerlərinin olmaması, illər uzunu kənd təsərrüfatına diqqət verilməməsi (şükür, indi bu sahədə buz əriyir) əhalinin böyük bir qismini şəhərlərə və başqa ölkələrə üz tutmağa məcbur edir.Yalnız müəllimlər, həkimlər, mədəniyyət işçiləri- yəni dövlətdən əmək haqqı alan adamlar, maaşın azlığını-çoxluğunu nəzərə almadan, kəndləri tərk etmirlər.

Buna görə də əhalisi azalan ucqarlarda budcəyə bağlı olan, dolana bilən adamların sayını artiqmalıyıq. Lakin indi gedişat tərsinədi.

Mədəniyyət ocaqları, kitabxanalar birləşdirilir; sürətlə ləğv edilir. Məsələn, son vaxtlarda Lənkəranda 18, Yardımlıda 5 kitabxana ləğv edilmişdir; bəzi rayonlarda kitabxana və klublar yarıbayarı azalmışdır. Qalan kitabxana və klublar da özəlləşməyə açıqdır və özəlləşdirən adam də yubanmadan belə yerlərin təyinatınıı dəyişdirib başqa məqsəd üçün istifadə edir. Mədəniyyətə qarşı bu qəsdə nə ad vermək olar? Son on beş ildə ölkədə məktəb və idman qurğularının tikintisi sahəsində böyük sıçrayış oldu. Bizcə mədəniyyət obyektlərinə, kitab nəşri, kitabın yayılması və kitabxanaların yenidən qurulması işinə də belə bir qaygı göstərilməlidir. 

Başa düşürəm, kənd kitabxanalarına əvvəlki maraq qalmayıb.Kitab fondu köhnəlib, günlərlə kitabxananın qapısı açılmır. Lakin buna görə kitabxanaları ləğv etmək yox, onun iş üsullarını və kitab fondunu yeniləşdirmək , kitabxanaları yeni texnika ilə ,elektron vasitələrlə təmin edib, məktəblilərin, kənd əhalisini cazibə mərkəzinə çevirmək, orda görüşlər, müzakirələr keçirmək lazımdir.Belə olmayanda uşaqlı- böyüklü hamı savadsız mollaların mözələrini dinləməyə üz tutur.Fanatizm, cəhalət güclənir, kənar təsirlər artır, milli birliyimiz və dövlətimiz üçün təhlükə ocaqları yaranır.

Nəticəsi aydın görülməyən, diqqətlə öyrənilib təhlil edilməyən islahatların uğurlu nəticə verəcəyinə inanmaq çətindir.
 
Buna bənzər "islahat” başqa sahələrdə də ciddi çətinliklər yaradır... 

Ancaq mən bu yazıda illərlə yüksək maaş almasa da taleyini mədəniyyətimizə bağlamış adamlar haqqında danışıram.

Başa düşürəm iqtisadi çətinliklər müəyyən ixtisarları zəruriyyətə çevrilir.

Lakin, bu iş mədəniyyətə şamil edilməməlidir. Büdcədə mədəniyyətin payı o qədər çox deyil ki, üstəlik orda hər hansı bir qənaət edəsən və bu ölkənin maaliyyə durumuna təsir göstersin.

Bakda və xarici ölkələrdə mədəniyyət mərkəzlərinin açılması və s. sahələrdə çox iş görülür. Lakin kəndlərimiz də unudulmamalıdır.

Kitab dükanlarının və kitab ticarətinin Mədəniyyət Nazirliyinə aidiyyatı yoxdur. Bununla belə kitab nəşr etməkdə və yaymaqda maraqlı olan qurumların ən böyüyü bu nazırlikdir. Buna görə də rayonlarımızda kitab dükanlarının yoxa çıxması yeni nəşrlərin kənd əhalisinə gedib çatmaması, televiziyalarda kitab təbliği işinin zeifliyi hamımızı narahat etməlidir.

Bu dünyada kitab sənətinin nüfuzu gündən-günə artır. Qonşularımızın Mosfilmi və Moskvanın kinoteatr şəbəkəsini işğal etmasi də təsadüfi deyil. Çox az Rusiya filmi tapmaq olar ki, orda bir erməni obrazı olmasın və dolayı yolla bizə sataşılmasın.

Bizdə neçə illər öncə qərar qəbul edilsə də Azətbaycanfilm hələ də təmirini gözləyir və dağılmış vəziyyətdədir. Bir bir alış- veriş mərləzi az olsun, ölkənin halına təsir etməz, amma onun puluna çox müasir bir kinostudiya tikib avadanlıqla təmin etmək olar.

Burada istər istəməz bir sual yaranır: ümumiyyətlə, bizə mədəniyyət lazımdırmı? Yox deyən tapılmaz. Lazımdırsa yuxarıda göstərdiyim problemlər həll olunmalıdır...

Bunlar ölkə üçün strateji əhəmiyyəti olan işlərdir və təxirə salınmamalıdır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər