Ru
13:02 / 21 İyul 2017

- Allahın varlığına inanmağı zəruri edənlər Biz niyə yaşayırıq?

14676
Niyazi Mehdi


Ölümdən sonrakı ruhumuz haqqında bir fəlsəfi spekulyasiya 


Həyatı mənasızlaşdıran baxış

 



Ateistlər tanrısız dünya, ölümdən sonra adamın ruhən diri qalmaması haqqında inamları səbəbindən bu dünyada ya hər şeyi mənasız saymalı olurlar, ya da  yaşamağın mənası, fədakar olmağın dəyəri ilə bağlı yalnız hətərən-pətərən danışa bilirlər. Danışmayanda isə "o zaman sənin üçün yaşamağın mənası nədir” sorusu qarşısında "yönlü” bir şey deyəmmirlər.


Belə bir sual: nəyin mənası, anlamı var? O nəsnənin ki, sənə nələrisə bildirir. Ortaçağda Bizans imperatorları camaatın qabağında hətta öskürmürdülər də. Bu onu bildirirdi ki, imperator adi adam deyil və İsusun yerdəki təmsilçisidir. 


"Həyatın mənası nədir?” soruşuruq. Əsl cavab belədir: yaşamaq sənə nəyi bildirirsə, odur mənası. "Nə üçün yaşayıram” sorusuna cavab verəndə sənin üçün həyatın mənası açılır. "Balalarım üçün yaşayıram”, "kef üçün yaşayıram”, "deputat olmaq üçün yaşayıram”… bunlar hamısı yaşamağın anlamını bildirən cümlələrdir. Belə mənalar cürbəcür "bloklara” da yığıla bilər. Örnəyin, kim üçünsə "deputat olmaq” "balalarını ağ günə çıxarmaq”, "kef çəkmək” vasitəsi olanda həyatının mənaları bir blokda, - "deputat olmaq” blokunda birləşir.


"Biz nə üçün bu dünyaya gəlmişik?” Yəni "hansı missiya ilə gəlmişik?” Yaşamağın anlamını açmaq üçün bu sual da ayaq verir. Ancaq ateist qayıdanda ki, mən bu dünyaya dini xurafatla mübarizə üçün gəlmişəm, millətimi qaraguruhdan qurtarmaq üçün gəlmişəm, növbəti soru çıxır: onsuz da ölüb gedəcəksən, sənə heç nə qalmayacaq, kimin qarşısında bu missiyanı götürürsən? Millətinin? Sən öləndən sonra onun "sağ olu” sənə çatmayacaq. Uşaqlarının? Sən öləndən sonra heç vaxt onlarla görüşməyəcəksən? Allahın? Özün deyirsən ki, "Allah yoxdur”. Yoxdursa, heç nəyin mənası da yoxdur. 

 

Картинки по запросу ateizm

       

Ona görə də, - bunu boyunlarına almasalar da,  - ateistlərə varlıq, yəni bu dünyada nə varsa, hamısı absurd görünür. Skeptisizmləri və sinizmləri, təxminən, bu "məntiqə” əsaslanır: mən öləndən sonra elə heçliyə, geridönməzliyə gömülürəm ki, bu dünyada yaxşı işlərimin bəhrəsi mənə qalmır, başqalarına qalmağı isə məni qızdırmır, çünki yoxluğa çevriləndə işlərimin bəhrəsindən əbədi xəbərsiz oluram. Qoy, lap mənim yaxşı işlərimdən oğul-uşağım xeyir götürsün. Haradan arxayın olum ki, onlar xeyir götürəndən sonra camaata qan uddurmayacaqlar?! Azmı yaxşı kişilərdən yaramaz uşaqlar qalıb?! Dünyada elə bir qarmaqarışıqlıq var ki, çaş qalırsan: bu dünya gözəl kişilərin alçaq törəmələri ilə, alçaqların gözəl oğul-uşağı ilə doludur və "niyə belə olur?” məsələsində heç bir qanunauyğunluq tapammırsan.


Eyni durum etdiklərinin sonuclarında da var. Yazıçı Klimov bir romanında yazır ki, Lev Tolstoyun "zəhmətlə tərbiyə etmək” ideyası axırda gətirib çıxardı bolşeviklərin və nasistlərin konslaqerlərinə. 


Bütün bu hallara görə də filosof Yaspers aydırmışdı: heç vaxt qabaqcadan bilmək olmaz ki, gələcəkdə kim sənə dayaq, kim sənə əngəl olacaq. 


Zamandan doğan absurd


Çoxları üçün Zaman insanı barmağına dolayan ən qəddar, ən idarəolunmaz, ən əsəbiləşdirici başlanğıcdır, ona görə də onu sevmirlər. Onu ya qarğışlayırlar, ya ona qəzəblənirlər, ondan ya qorxurlar, ya ona ikrah edirlər. Zaman gətirən və aparandır. Yaxşı nəsnələri gətirəndə belə, sonra görürsən, onların üstünə pis nəsnələri gətirib yükləyir. Pis nəsnələri aparanda belə, görürsən, onların yerinə gətirdiyi yaxşı nəsnələri də sonralar aşındırır, korlayır. Gözəl ata-anaların alçaq nəvələri və ya nəticələri, gözəl işlərin bayağı davamı, ağıllı düşüncələrin alçaq sonucları – hər nəsnə istənilən eybəcərlikdən keçir, istənilən eybəcərliyə çevrilir. Beləcə, Zaman da yaxşı işlərə özünü həsr etməyi mənasızlaşdırır. 


Dünyanın mənasızlığından qurtulma yolları


Dinlər və fəlsəfələr yaşamı bu anlamsızlıqdan qurtarmaq üçün cürbəcür modellər qurublar. İbrahim dinləri yaxşı işlərə görə insanı Cənnətlə mükafatlandırır, yaman işlərə görəsə Cəhənnəmlə hədələyir. Hinduizm vəd edir ki, yaxşı işlərə görə ruhun, qutun yeni doğuşda yaxşı tənə və ya nirvanaya düşəcək, pis olsa, ilan-qurbağaya keçəcək. Ancaq Cənnət və Cəhənnəmin olmasını danılmaz edən sübutlar olmadığından onların insanların xeylisini çəkindirmək və yaxşılıqlara həvəsləndirmək təsiri də zəif olur.

 

Картинки по запросу cənnət


Biz yaxşı insan kimi mənalı yaşamaqla bağlı mümkün əsaslandırıcı modelləri qurub sınaqdan keçirməliyik ki, bəlkə axırda gerçəyə yaxınlaşdıq. İndi isə bunun bir örnəyini sərgiləyim. 


Biz özümüzü canımız və bədənimizlə dünyanın içində bulunmuş duyuruq. Əslində isə dünya bizim içimizdə bulunmaqla aldanış yaradır ki, biz onun içindəyik. Bəlkə biz öləndə ruhumuz içindəkiləri özü ilə daşıyıb qeyb aləminə, - transendentə çəkilir və orada, düzdür, bədənsiz içindəkilərinin verdiyi dünyada bulunur? Yəni dostları və yaxşı işləri ilə, etdiyi səhvlər və yaramazlıqlarla şəkillənmiş dünyada bulunur. Ruhu içinə topladığı təəssüratlarla, mənzərələrlə, ilişgilərlə cürbəcür ssenariləri cızıb türlü dramaları yaşayır. Sanki o seriallara baxaraq zəngin və ya darıxdırıcı, sevincli və ya dəhşətli əhvalatlardan keçir. Əclaf adam olubsa, əclaflqlarından ruhuna yığılmış təəssüratlar arasında yaşayır, hərçənd əclaf yaşayanda hərdən yaxşı işlər görübsə, onlar da onun ruhunda qalır. Onun Cəhənnəmi elə bu olur. Yaxşı işlərlə qutunu doldurubsa, o zaman bu işlərdən yaranmış aləmdə yaşayır, pis əməlləri olubsa, bu aləmində də bəzən pislə rastlaşıb dilxor olur. O başqa ruhların yaşadıqları aləmlərlə kontaktda olmur, sadəcə, onun aləmində başqaları onun teatrının personajları kimi olur. O, Laybnitsin fəlsəfəsində deyilən monada içində yaşayır.


İnsanın xəyallara dalması ruhun qeyb aləmində necə yşamasının minimodeli, təxmini variantıdır. Bizim həyatımız sanki ruhumuzu xəyali aləmdə yaşamaq üçün təəssüratlarla, xatirələrlə, arzularla bollandırmaq üçündür. Alçaq əməllərlə, dörd yanına pisliklər etməklə yaşayan adamların ruhunun şirin xəyallarla bağlı qıtlığı olur. İnsan yaşlananda hətta türmə həyatını da, orda özünü mərd, ləyaqətli aparıbsa, yaramazlıqlar qarşıında diz çöküb özü yaramaza çevrlməyibsə, bəzən şirin xatirə kimi yaşayır. Görün varlı adamlar necə ləzzətlə ağır dolanışıqlı keçmişlərini yada salırlar. Ancaq bu keçmişləri alçaqlıqlarla doludursa, onu heç cürə ləzzətlə yada salmırlar.


Özünü Cənnətdə və ya Cəhənnəmdı bilən, nə ondan, nə bundan olan ruhların "statistikası”

 

Bu dünyada tam alçaq həyatla yaşayanların sayı o birilərinə baxanda xeyli azdır. Ancaq bu dünyada müqəddəs nəciblik səviyyəsinə çatmış adamlar da çox deyil. İnsanların xeylisi yaşayır ya boz, yeknəsək həyatla, ya da maraqlı, dəyərli məqamları tez-tez baş verən ömürlə. Qeyb aləmində oxşar durum təkrar olur. Az sayda adamın ruhu cəhənnəm əzabında olur. Az sayda başqa ruhlar cənnət mutluluğunda olurlar. Çox ruhlar isə ala-babat həyatlarını ala-babat xəyal seriallarında yaşayırlar.

 

Картинки по запросу ruh


Bu mənada biz həyatımıza ruhumuzu qeyb aləmi üçün hazırlamaq mərhələsi kimi baxmalıyıq. Özümüzdən asılıdır, onu cəhənnəm "seriallarına”, yoxsa "cənnət xəyallaırna” düçar edəcəyik. Öz məsuliyətimizdir, əgər ruhumuz bu iki aləmin ortasında qalmış olacaqsa.       


Bundan çıxan sonuc: sən elə yaşamalısan ki, qutuna yaxşı, mənalı olaylar, ilişgilər toplansın ki, qeyb aləmində onların arasında bulunasan.


Dinlər haqqında 


Yunq deyirdi ki, kollektiv bilincsizlikdən fərdə arxetiplər axaraq ona etgi göstərir. Bəlkə bizim ruhumuz (qutumuz) qeyb aləminə çəkilib orada özü üçün yaşayanda tam təcrid olmur?! Həmin kollektiv quta özündən yaxşı nələrisə sızdırır və beləcə, bu dünyadan apardıqlarımız necəsə dünyaya qayıdır, deməli, qutumuza yığıb apardıqlarımız, izsiz qalmır, yenə buralara qayıda bilir?! Bəstəçilər (məsələn, Qubaydullina) hesab etmir ki, musiqini onlar yazmır, kosmosdan eşidir? Bəlkə ölü dillərin yazılarına açar tapanlar beləcə qeyb aləmindən sızılmış bilgidən açar tapırlar. Eləcə də bəlkə, bu dünyanın əclaflıqları hansı yaramazınsa qeyb aləmindəki yaramaz ruhundan sızır?        

 

Картинки по запросу kilsə şam

 

Mənim yapdığım bu fəlsəfədə "Tanrı varmı?” sorusu cavabsız qalır. Bu fəlsəfə Buddizm kimi tanrısız (ateist) dindir, çünki varlığın əsasında bu dində Tanrı yox, ayrıca adamın içində "gördüyü” ruh durur. Ancaq bu fəlsəfə ilə mən dinləri inkar etmirəm. Dinlər, qutsallar və Tanrı haqqında düşüncələr hamısı qutu yaxşılıqlar toplamaq sərgüzəştlərinə stimullaşdırmış amillərdir. Ruh yaxşı olmaq üçün özünə cürbəcür arqumentlər tapmalıdır, onlardan ən güclüsü isə dindir. Yaramazlığa meylli qut isə oxşar olaraq yaramazlığına arqument tapır və bu zaman o da bəzi dini təsəvvürlərdən, sənətdən istifadə edir.


Buradan çıxan sonuc: dinləri "hansı doğrudur?” sorusu ilə tutuşdurmaq, düzmək, vuruşdurmaq yanlışdır. Dinləri "yaxşıya həvəsləndirmək”, ruhu yaxşı təəssüratları toplayıb daşımağa yönəltmək baxımından tutuşdurmaq olar. Dinləri həm də özlərini pisliklərə stimul verməkdən necə sığortalamaları baxımından düşünmək, dəyərləndirmək və islah etmək gərəkir. 


Qurduğum fəlsəfə belə bir suala da cavab verir. Sual isə budur: mən əvvəl-axır yox olacamsa, daha beş il, on il yaşamağı arzu etməyimin nə mənası var? Onsuz da bu beş-on ildə qazandığım ləzzət və s. əbədi yox olacaq. Cavab: sən ona görə yaşamağını uzatmaqda maraqlı olmalısan ki, ruhuna topladıqlarına pisləri düzəldən, dayazları dərinləşdirən, yaramazlıqları neytrallaşdıran təəssüratlar yığasan. Deməli, sənin sabahın həmişə "dünənki pisliyimi necə düzəldim?”, "dünənki yaxşılarımı necə zənginləşdirim?” suallarının cavabına həsr olunmalıdır.


Mənim yapdığım bu fəlsəfi modelin hələlik bir əskiyi var. O, "insan ruhu nədən, haradan yaranır?” sorusuna cavab vermir. Sıfırdan yaranır, ya dünya ruhunun bir insanda təzahürü kimi yaranır, yoxsa metempsixozdan yaranır? Hələlik bilmirəm. 


(Yazının ilkin variantı "Ustad” dərgisində çap olub)

 

BakuPost
 - Allahın varlığına inanmağı zəruri edənlər Biz niyə yaşayırıq?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər