Ru
16:59 / 23 Yanvar 2017

“Biz ildən-ilə daha yaxşı yaşayırıq” - İlham Əliyev

913

"Bu şəhərciyin inşa edilməsi bir daha onu göstərir
ki, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son bir neçə il ərzində
iyirmidən çox hərbi şəhərcik tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün hərbi
hissələrimizin mütləq əksəriyyəti demək olar ki, bu səviyyədədir. Ümid edirəm
ki, növbəti bir-iki il ərzində yararsız vəziyyətdə bir dənə də hərbi
infrastruktur olmayacaq”.

BakiPost.az xəbər verir ki, bu sözləri prezident
İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N”
hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında çıxış edərkən
deyib. Ölkə başçısı ordu quruculuğu prosesinin Azərbaycanda dövlət siyasəti olduğunu
diqqətə çatdırıb: "Hərbçilərin məişət problemləri də öz həllini tapır.
Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən
pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət alır. Xidmət aparmaq üçün
bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət, həm də məişət
şəraiti daim diqqət mərkəzindədir”.

Dövlət başçısı ordumuzun güclü ordular sırasında
olduğunu xatırladıb:
"Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük
dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə
malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində
bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və
silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış
onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava
hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif
ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları
da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə
məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş
üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir”.

İlham Əliyevin sözlərinə görə, həm hərbçilərin xidmət,
məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş
qabiliyyəti böyük dərəcədə artıb:
"Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik
hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya
ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər
aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik,
dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından
bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, güclü ordular sırasındadır.

Bütün bu nailiyyətləri
biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər
güclü iqtisadiyyat olmasaydı, biz bütün bu işləri görə bilməzdik. Yaradılan bu
hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. Bu
gün dünyada maliyyə-iqtisadi böhran davam edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər
üçün böyük vəsait ayırırıq və ayıracağıq. Bunu təmin edən güclü
iqtisadiyyatdır. İqtisadiyyatda aparılan işlər, islahatlar bizim ordumuzu, dövlətimizi
gücləndirir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır,
heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur. Öz
hesabımıza yaşayırıq və ildən-ilə daha yaxşı yaşayırıq”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər